Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:10

Sədərək sakini Malik Əliyev jurnalistə yenidən ölüm vəd edib


«Azadlıq» radiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibova və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutun əməkdaşları
«Azadlıq» radiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibova və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutun əməkdaşları
Yanvarın 29-da «Azadlıq» radiosunun Naxçıvan müxbiri Məlahət Nəsibovaya zəng edən şəxs onu Sədərəklə bağlı yazdığı yazılara görə ölümlə hədələyib:

«Mənə dedi ki, siz niyə Sədərəkə gəlmisiz? Biz döyüşəndə siz hardaydız? Kim sizə icazə verib ki, Sədərəklə bağlı yazı yazasınız. Məni ölümlə, evimi yandırmaqla hədələdi. Yanvarın 30-da səhər isə baş verənlərlə bağlı yerli polis bölməsinə müraciət etdim».

Polisə müraciətdən bir neçə saat sonra M.Nəsibovaya eyni nömrədən zəng edən şəxs özünü Sədərək sakini Malik Əliyev kimi təqdim edib. O, jurnalistə bildirib ki, əslində hədələri ona yox, «Yeni Müsavat» qəzetinə yönəlib. M.Əliyev iddia edir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) yerli bölməsinin təmsilçisi Həkimeldostu Mehdiyev «Yeni Müsavat» qəzetində Sədərəklə bağlı yanlış məlumatlar yayıb. Bu da M.Əliyevi hiddətləndirib və o, əməlindən peşman deyil:

- Həkimeldostu çirkin məqsədlərinə nail olmaq üçün yalan informasiya yazıb, «Yeni Müsavat» qəzetində yerləşdirib. Ona bir daha bildiririk ki, bu cür əməllərindən əl çəkməlidir. Bu çirkin əməllərlə bir yerə gedib çıxmayacaq.

- Bəs Siz nəyə görə məhkəməyə müraciət etmirsiniz?

- Lazım gəlsə, məhkəməyə də müraciət edəcəyəm.

- Ancaq buna qədər ölümlə hədələdiyinizə görə Sizi məhkəməyə verə bilərlər...

- Mənim dövlət qarşısında boynum qıldan incədir. Bu vətən üçün canımı qoymuşam. Lazım gəlsə, məhkəmə qarşısında da cavab verərəm. Boynuma düşən borcu yenə yerinə yetirməyə hazıram.

RATİ-nin başçısı Emin Hüseynli isə heç bir dəqiqləşdirilməmiş informasiya yaymadıqlarını bildirir. O deyir ki, Sədərəkdə Yeni ildə bir neçə şəxsin qanunsuz həbsini araşdırmaq üçün qurumun jurnalistləri orada olub. Ancaq bir qrup şəxs onları Sədərəkdən qovub. E.Hüseynlinin fikrincə, baş verənlər eyni mərkəzdən idarə olunur. Məqsəd Naxçıvanda baş verənlərin ictimaiyyətdən gizlədilməsidir:

«Jurnalistlərə qarşı təxribatla bağlı audioyazılar var. Sədərəkdə icra nümayəndələrinin göstərişi ilə bir qrup şəxs jurnalistlərə güc tətbiq etməklə Sədərəkdən qovub. Baş verənlər bunların davamıdır».

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə deyir ki, hüquq-mühafizə orqanları bu şəxslə bağlı ciddi tədbir görməlidir:

«Bu şəxs haqqında həbs qətimkan tədbiri seçilib istintaqa başlanmalıdır. Əgər hər hansı müxalifət nümayəndəsi kimisə ölümlə hədələsəydi, o, dərhal həbs edilərdi. Ona görə də biz hüquq-mühafizə orqanlarına ayrı-seçkilik salmamağa və üzərilərinə düşən vəzifəni yerinə yetirməyə çağırırıq».

Naxçıvan Daxili İşlər Nazirliyindən rəsmi mövqe öyrənə bilmədik. M.Əliyev deyir ki, hələlik onu polis bölməsinə aparmayıblar.

Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, bütün hallarda jurnalistlər öz peşə borclarını yerinə yetirirkən diqqətli olmalıdırlar:

«Vətəndaş olsun, polis olsun - onu əsəbiləşdirmək, onun əsəbləri ilə oynamaq düzgün deyil axı. Ancaq bütün hallarda bu şəxslə qanun dilində danışılacaq».

Yanvarın 30-u axşam saatlarında M.Əliyev yenidən M.Nəsibovaya zəng vuraraq ona «Azadlıq» radiosu ilə hesablaşacağını deyib.
XS
SM
MD
LG