Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:23

Nardaranlılar: «Referendumda gərək bir məsələ müzakirəyə çıxarılaydı»


«O referenduma çıxarılan 29 məsələdən biri də mənə lazım deyil».
«O referenduma çıxarılan 29 məsələdən biri də mənə lazım deyil».
- Bayramınız mübarək!
- Siznən bahəm!

Nardaranda bayramlaşan çox azdır. Novruzun gəlişi daha çox köhnə qəbiristanlıqda hiss olunur. Kənd camaatı yaxınlarının məzarlarının üstünə səməni qoyur, dua oxuyur. Bayram günlərində Nardarandakı Rəhimə xanım ziyarətgahına gələnlərin sayı bir az da artıb. Əksəriyyət bayram günündə niyyət tutur, Allahdan kömək istəyir. Yaşlı Gövhər xala kimi:

«Allahdan ruzi, sağ can istəyirəm…»

Bayram günlərində bu ziyarətgah həm də kasıb-kusubun ümid yeridir deyəsən:

«Olar mənə kömək edəsən? Üç-dörd «şirvan» verə bilərsənmi?»

Kömək istəyən Kübra xaladır, dediyinə görə, xəstə kürəkəni və nəvələrinə baxır. Ayda 180 manat kirayə haqqı ödəyir. Gəlib-gedənə dərdini danışıb kömək istəyir.

(HƏMÇİNİN OXU: Maştağada dəyişiklik gözləyirlər)

«Özüm iyirmi «şirvan» təqaüd alıram. Bir qızım günə üç «şirvan»a işləyir.
Satıcı Enfira Əsgərova deyir ki, elə alıcı var, 3 min manat borcu yığılıb
Bayramda mən heç nə bişirmədim. Burda oturmuşam da. Günə üç-dörd «şirvan» yığıram kirayə pulunu verirəm».

Nardaranda bayram ovqatı demək olar sezilmir. Şəhər mərkəzində çeşid-çeşid mal təklif edən mağazalara baxanda buralardakı dükanlar kasaddır. Gəlib-gedən də azdır. Nardarandakı mağaza satıcılarının hamısının dərdi birdir: ilə dörd-beş niysə dəftəri bağlayırlar. Satıcı Enfira Əsgərova deyir ki, elə alıcı var, 3 min manat borcu yığılıb. Mağaza sahibi də alacağından əlini üzüb borcun yarısını ona bağışlayıb. Satıcı xanım onu da deyir ki, aylıq borc isə bəzən 200 manatı haqlayır:

- 200 manat olur, çox da olur.
- Sonra ödəyə bilirlərmi?
- Olur, bir ilə ödəyirlər. Elə vaxt olur müdir imkansıza, kasıba keçir. Verən də yayda ödəyir borcunu, «parniki» tutanda.

Nardaran Bakının mühafizəkar və dindar kəndlərindəndir. Divarlara dini şüarlar, islama çağırışlar yazılıb. Həmin şüarlar arasında beləsinə də rastladıq: Qənaət tükənməz xəzinədir.

Bayram günlərində Nardarandakı Rəhimə xanım ziyarətgahına gələnlərin sayı bir az da artıb.
Nardaran həm də inqilabçı kənd kimi tanınır. Burda vaxtaşırı sosial, dini, siyasi məsələlərlə bağlı mitinqlər, piketlər keçirilir. 2002-ci il iyunun 4-də isə bu mitinqlərdən birinin yatırılması üçün hökumət Daxili Qoşunların gücündən istifadə etməli oldu. Nəticədə bir nəfər öldü, bir neçə nəfərsə yaralandı. Hökumət kənddə bir qrup İranmeylli qüvvənin aranı qarışdırmaq istədiyini bildirir, mitinqin təşkilatçıları isə yalnız işıq, qaz və iş istədiklərini bəyan edirdilər. Həmin hadisələrdən yeddi il ötür. Tələblər deyəsən, yenə dəyişməzdir: nardaranlılar iş istəyirlər:

- Bizə məhkəmə iş verməsə, başqası iş verməz.
- Bizim üçün nə göydə, nə yerdə iş var. Cavanlar İmam Hüseyn meydanında o baş bu başa gəzişirlər. Mənim dörd oğlum var. Birini güclə evləndirmişəm. Amma 30, 32, 33 yaşlı oğullarımı evləndirə bilmirəm.
- İş yoxdur. Sahibkar deyir ki, sənə 80 manat maaş verərəm. Bəs yol pulu, siqaret pulu…

Təqaüdçü Atabala kişinin sözlərinə görə, özü də, dörd oğlu da işsizdir. Borcla dolanır, daha borcun hesabını da itirib, borc almaqdan da utanır.
2002-ci il iyunun 4-də mitinqlərdən birinin yatırılması nəticəsində bir nəfər öldü, bir neçə nəfərsə yaralandı
Amma bir qapını utansa da, gündəlik döyməyə məcburdur - çörək mağazasının qapısını…

Feyyaz kişisə danışır ki, daha kənddə camaat ancaq çörəyə pul çatdırır. Ət, yağ, süd haqda düşünən yoxdur:
- Yenə sağ olsunlar, bizə nisyə verirlər.
- Ət ala bilirsizmi?
- Ayda bir dəfə, bir kilo alırıq, üç-dörd gün də yeyirik. Təqaüd alandan-alana. Arvad alır, o da olmasa batarıq.

Atabala kişi kənddə bayram ovqatının hiss olunmamasını da kasıbçılıqla bağlayır:

- Bayramı necə keçirdiz?
- Adam utanır deməyə də…Çox acınacaqlı keçirdim. Bayram Bakıda yaxşı keçdi. Amma kənddə elə ailələr var keçirə bilmədi. Bayramı daha yaxşı keçirmək istərdik, bildirki kimi, inişilki kimi…Bu il bayram nəsə ağır oldu.

Atabala kişinin sözünə başqa həmkəndliləri də qüvvət verir:

- Hamı bayramı keçirdi yüz faiz, biz keçirdik 10 faiz. O da pensiyamı almışdım. İşığın pulunu bu ay verməyəcəm. Şəkərbura, paxlava da bişirdik ey…
Nardaran Bakının mühafizəkar və dindar kəndlərindəndir.
Amma qabaq 50 dənə bişirərdik, indi 5 dənə, imkan yoxdur.

Amma kənddə Əlihüseyn Ağayev kimi şikayətçi olmayanlar da var. Gənc mühəndis dəmiryolunda işləyir. Gələcəyə də ümidlə baxır:

- İnşallah iş də olar. Hər yerdə iş açılır, yəqin bizdəki boş yerlərdə də fabrikdən-zavoddan tikərlər.

Nardaranda söhbətləşdiyim kəndlilərin çoxu deyir ki, hökumət onların dərdinə çarə qılmaq üçün ya burda fabrik-zavod açmalıdır, ya da kənd təsərrüfatına pul qoymalıdır. Dədə-babadan əkin-biçinlə məşğul olan Nardaranı gəzərkən bəzi istixanaların başlı-başına buraxıldığının şahidi olursan. Feyyaz Nəbizadə danışır ki:

- Biz indi pomidor, bibər əkirik. Biz məhsulu bazara çəkənə kimi Türkiyədən, İrandan pomidor-xiyarı gətirirlər. Qoyduğumuz mayanı götürə bilmirik. Yenə də qalırıq ac. Hökumət mənə pul versin işləyək, iqtisadiyyatı qaldıraq. Fors eləməknən deyil.
«Bu il bayram nəsə ağır oldu…»
Dinəndə deyirlər iqtisadiyyat belə qalxdı, elə oldu, hamısı yalandır.

Feyyaz Nəbizadəyə görə, ötən həftə keçirilən referendumda elə bir məsələni səsverməyə çıxaraydılar: benzinin qiyməti ucuzlaşsın ya yox!

- O referenduma çıxarılan 29 məsələdən biri də mənə lazım deyil.

Yeri gəlmişkən, kənd camaatının çoxu referendumda iştirak etmədiyini deyir. Əlislam Əliyevin sözlərinə görə, referenduma 10-15 nəfər ancaq qatılıb:

- Özləri səs verdilər.
- Səs verdik də. Yaxşı olacaq şeylərə səs verdik…Elə savadım da yoxdur, xətt çəkdim də.
- Yox getmədim. Bu uşaqların dolanışığını fikirləşirəm.

«Yox, referenduma getmədim. Bu uşaqların dolanışığını fikirləşirəm».
O ki qaldı, üstündən altı ay ötən prezident seçkilərinə, nardaranlılar deyirlər ki, nəinki seçkilərdən sonra, elə ondan əvvəl də kənddə bir irəliləyiş hiss etməyiblər:

- Elə bir şey hiss eləmirik.
- Seçkilərin bizə təsiri yoxdur. İş istəyirik. Dörd uşaqla əziyyət çəkirəm. Bir gün olur, beş gün olmur. Üçü məktəbə gedir, kitab-dəftərini çatdırmıram…
- Yox, Allah hamının parnikinə ruzi yetirsin. Bizə bəsdir.
- Ölkədə dəyişiklik hiss elədim. Yəqin kənddə də hiss olunar.
- Seçkini alqışlayırq. Otursun yerində, amma bizə də baxsın.
- Bağışla məni, ondan prezident olmaz, bacarıqsız adamdır… Dünyada enerjidaşıyıcları aşağı düşüb. Biz də bir şey də ucuzlaşmayıb.

Etiraz aksiyalarının keçirildiyi, bəzən ölkə başçısına, bəzən böyük dövlətlərin rəhbərlərinə ismarış göndərilən İmam Hüseyn meydanında bu gün seyrəklikdir. İşsiz gənclər meyxanaya qulaq asırlar. Yaşlılar da dərdləşmək üçün ağac altında, hasar dibində toplaşıblar. Bu bayram günündə onların bircə arzusu var. Və hamının adından bu arzunu satıcı Enfira xala səsləndirir: «Kimin dərdi, qəmi var, bu ildə qalsın. Təzə arzularla yaşasınlar. Allah kəndimizə ruzi, bərəkət, cavanlarımıza iş yetirsin!»

(HƏMÇİNİN OXU: Maştağada dəyişiklik gözləyirlər)
XS
SM
MD
LG