Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:26

Ölümün "sevdiyi" ailə


Şarlotta Bronte. Foto
Şarlotta Bronte. Foto
Babək Yusifoğlu

N. Muravyovanın məhşur fransız yazıçısı Viktor Hüqonun həyat və yaradıcılığından bəhs edən kitabını - "Hüqo" bioqrafik əsərini oxuyanda ilk dəfə şahidi oldum ki, dünyada öz şəxsi həyatları, əl-əl gəzən məşhur əsərlərindən də maraqlı olan müəlliflər varmış.

Sonralar bunun təkrar-təkrar şahidi oldum.

Bu müəllifləri sadalamaq fikrində deyiləm, amma indi bəhs edəcəyim istedadlı ingilis yazıçısı Şarlotta Bronte də bu sırada olan yazarlardan biridir.

Həqiqətən də bu gənc qadın yazarın həyatını, hətta yalnız faktları belə həyəcansız, kədərsiz, heyrətsiz... oxumaq mümkün deyil.

Düşünürəm ki, N. Muravyova kimi istedadlı qələm sahiblərindən biri, yaxud yazıçılardan kimsə bir əsr yarım bundan əvvəl yaşayıb-yaratmış Brontenin həyatını qələmə alsa, əvəzsiz bir əsərin doğuşuna imza atmış olar.

Bəlkə də yazılıb kim bilir...

Həyatı itkilərlə, mənəvi və psixoloji, hətta deyərdim ki, fiziki sarsıntılarla keçən bu zərif qadın hər şeyə rəğmən istedadına layiq bir ömür sürüb. Əsərlərində həyatda gördüklərini, yaşadıqlarını, təsəvvüründə yaşatdıqlarını, yazıçı təxəyyülünü ustalıqla qələmə almağı bacarıb.

Məhz elə buna görə də dünya ədəbiyyatı müəlliflərinin sırasında adı var.

İstedadlı yazıçının yaradıcılığında möhtəşəm yer tutan məşhur "Ceyn Eyr" romanı dünyanın demək olar ki, əksər dillərinə tərcümə olunub və bu gün də maraqla oxunur.

MƏŞƏQQƏTLİ UŞAQLIQ

Şarlotta Bronte 1816-cı il aprelin 21-də Yorkşirdə kənd keşişinin ailəsində anadan olub. Onun özündən başqa beş bacısı və bir qardaşı vardı.

Uşaqlıqdan özünə qapılan bu balaca qızcığazın beş yaşı olar-olmaz anası Meri xəstələnərək vəfat elədi və bundan sonra bu kasıb ailənin güzəranı daha da ağırlaşdı.

Şarlotta Brontenin ideallaşdırılmış portreti. Corc Riçmondun çəkdiyi rəsmə əsaslanmaqla Evert A. Duykinikin yaratdığı portret
Uşaqlarının qayğıları, tərbiyəsi ilə onsuz da yaxından maraqlana bilməyən söhbətcil atası Patrik Bronte tezliklə tərk-dünyalığa düçar oldu.

O tez-tez qəbiristanlıqdakı hücrəsinə çəkilərək özünü hər kəsdən təcrid edirdi. Uşaqların və təxminən başsız qalan kasıb ailənin bütün qayğıları böyük bacı olan Mariyanın üzərinə düşdü.

Və bu onun üçün cox çətin idi. Uşaqların heç biri demək olar ki, özlərinin uşaqlıq həyatını yaşaya bilmədilər.

Onların hər biri cansıxıcı, kədərli, yeknəsək ətraf mühitin təsirindən qaradinməz uşaqlara çevrilmiş, hər birinin qəlbində kölgələrlə əhatələnmiş həyat özünə yer etmişdi.

Erkən uşaqlıq vaxtlarından balaca Şarlottanın ən sevimli məşğuliyyətlərindən biri özündən əfsanəvi nağıllar düzəltmək, hansısa real fikirləri nağılvari formada quraşdırmaq idi.

Əslində bu prosesdə ailənin digər uşaqları da iştirak edərdi.

Atası 1824-cü ildə həm kasıblıq, həm də qızlarının təhsil alması ehtiyacından onları Koun-Bricdə yetimlər üçün ponsionata verdi.

Amma bunun nəticəsi faciə ilə sonuclandı. Böyük bacıları Mari (Mariya) və Elizabet məktəbdə uzun müddət təhsil ala bilmədilər. Bütövlükdə ailənin acı taleyi sanki ananın ölümü ilə başladı və uzun müddət beləcə davam etdi.

Mariyanın zəif orqanizmi onun xəstələnməsinə səbəb oldu, təxminən bir ildən sonra qızcığaz dünyasını dəyişdi. Analıq etmək qayğıları üzərinə düşmüş Mariya vəfat etdikdən bir neçə ay keçəndən sonra Elizabet xəstələndi və çox çəkmədi ki, o da öldü.

Qorxuya düşən atası Şarlotta ilə Emiliyanı ponsionatdan çıxartdı. Amma sıxıntılar bitmədi.

Belə demək mümkündürsə, böyük bacılarının bir-birinin ardınca vəfat etməsi bu dəfə balaca Şarlottanın çiyinlərinə böyük yük qoydu.

Çünki indi hamıdan yaşca böyük olduğu üçün hər bir işin öhdəsindən o gəlməliydi.

Şarlotta inadkarcasına bütün ağırlıqları çəkərək elə yaşadığı yerdəcə təhsil almağa başladı. Amma ailə üçün pul da qazanmaq lazım idi. Şarlotta 19 yaşında artıq mürəbiyyə işləməyə başladı. Lakin çox çəkmədi ki, işdən onu uzaqlaşdırdılar.

Bronte bacıları. soldan sağa - Anna, Emiliya, Şarlotta. Şəkli onların qardaşlatı Bronvel çəkib. 1834
Bundan sonra kiçik bacısı Emili ilə məktəb açmaq fikrinə düşdülər və bunun üçün fransız ədəbiyyatı ilə məşğul oldular.

Bir müddət sonra isə xalasının maddi köməyi ilə onlar Brüsselə getdilər və iki il orada qaldılar.

Bu uzun müddətli səyahətdən sonra bacıların dünyagörüşündə böyük dəyişikliklər yarandı.

Vətənə qayıtdıqdan sonra bacılar öz ədəbi düşüncələrini oxucularla bölüşməyə qərar verdilər.

Onların ilk kiçik həcmli kitabı 1846-cı ildə çap olundu. Onda Şarlottanın təxəllüsü Korrer, Emilininki Ellis Bell, Annanınsa Akton Bell oldu. Amma bu kitab geniş oxucu auditoriyasının diqqətini özünə cəlb edə bilmədi.

YAZIÇI BACILAR

Ilk kitabda şeirləri çap olunan bacılar bu dəfə özlərini prozada sınamaq qərına gəldilər. Şarlotta "Professor", Emiliya "İldırımlı uçrum", Anna isə "Aqnes Qrey" povestlərini naşirlərə təqdim etdilər.

Amma maraqlıdır ki, "Professor"dan başqa digər iki povestin nəşri üçün naşir tapıldı. İlk sarsıdıcı uğursuzluqdan sonra qəti ruhdan düşməyən gənc Şarlotta öz bədii yaradıcılığını durdurmadı.

Və çox çəkmədi ki, Şarlottanın zəhməti nəticəsiz qalmadı. 1849-cu ildə onun məşhur "Ceyn Eyr" romanı işıq üzü gördü. Və əsər heç kimin, heç Şarlottanın özünün də gözləmədiyi bir müvəffəqiyyət qazandı.

Çapından qısa müddət sonra roman Avropanın müxtəlif dillərinə tərcümə olunaraq nəşr edildi. Şübhəsiz ki, müəllifinə böyük şöhrət qazandıran bu əsər həm də ailəyə maddi dəstək də gətirdi.

Şarlotta Bronte əsərlərini təxəllüslə yazıb çap etdirdiyi üçün həmin imzanın arxasında kimin dayandığını bilməmək də insanlarda daha böyük marağın yaranmasına səbəb oldu.

Ceyn eyr" əsərinin ilk nəşrinin üz qabığı.
Amma həm kitab həvəskarları, həm də ədəbi mühit artıq hiss edirdi ki, ədəbi üfüqdə yeni bir istedad doğulmaqdadır. İndi ona rədd cavabı verən naşirlər belə ondan yeni əsərlər gözləyirdilər.

İKİNCİ ROMAN

Bölgənin fəhlələrinin həyatından bəhs edən ikinci roman - "Şerli" çap olunandan sonra oxucular artıq məlum təxəllüsün arxasında özünü saxlayan müəllifin ədəbi talantını bir daha təsdiqlədilər.

Onun maraqlı, özünəməxsus üslubu çoxlarının ürəyinə yatırdı.

Əslində Şarlotta Bronte "Ceyn Eyr"lə sözün əsl mənasında yazıçı karyerasına başlamışdı. Ədəbi mühit, oxucular hər yerdə bu sirli, gənc müəllif haqqında danışırdı.

Ailənin kədərli həyatısa davam edirdi. Növbəti faciə "özünü yetirdi". Qardaşı Brenuell 1848-ci ilin sentyabrında vəfat elədi. İki gəncəcik bacısını erkən yaşlarında itirən Şarlotta bu itkidən dərin sarsıntı keçirdi.

Təhqiqatçıların yazdıqlarından məlum olur ki, gənc yazıçı tez-tez qardaşının qəbri üstünə gedər, uzun müddət oradan ayrılmazdı. Amma heç bu da son deyildi. Ailəni yeni itkilər gözləyirdi.

Qardaşının ölümündən dörd ay ötməmiş bacısı Emiliya lap cavan yaşında dünyasını dəyişdi. Sevimli bacısının itkisindən özünə gəlməyə macal tapmamış yazıçı növbəti zərbəni aldı.

O, bir qədər sonra - 1849-cu ildə kiçik bacısı Annanı da torpağa tapşırdı. Sanki həyat eyni acıları ona yaşatmaq üçün inad edirdi. Onunsa itirməyə kimisə qalmışdımı?..

Bu solğun bənizli, zəif qızın bu qədər itkilərdən sonra həyatda dura biləcəyinə o vaxt çoxları inanmırdı.

Amma Şarlotta Bronte hərtərəfli sarsılsa da bütün olanlara tab gətirdi.

Bəlkə də yazıb-yaratmasaydı, özünü əsərlərinə həsr etməsəydi, bu onun üçün mümkün olmayacaqdı. Şarlotta özünü bütünlüklə yazı-pozunun içərisində qərq etmək istəyirdi və bunu edirdi.

Bronte növbəti əsərini tamamladı. Bu arada Şarlotta Brontenin təxəllüsü də müəllif tərəfindən aşkarlıq qazanmışdı və bu onun ətrafında yaranmış söhbətlərə yeni stimul vermiş oldu. Artıq onun naşir problemi yox idi.

O dövrün ən imkanlı naşirləri Şarlotta Brontenin əsərlərini çap etməyə hazır idi. Bu arada aldığı qonorarlarla maddi durumu da xeyli yaxşılaşmışdı. O isə təəssüf ki, bütünlüklə tənha idi.

Tənhalığının ən son nöqtəsini ən kiçik bacısı qoymuşdu.

Bronte bacı-qardaşlarından həyatda kimsə qalmamışdı. Onların hamısı gənc yaşlarında bu dünya ilə vidalaşmışdılar. Yalnız xəstə və qoca atası Patrik qalmışdı, o da demək olar ki, çox pis vəziyyətdə idi.

HƏR KƏSİNİ İTİRMİŞ YAZIÇI

Digər tərəfdən Şarlotta Brontenin öz şəxsi həyatında da problemlər baş alıb gedirdi.

Yaşadığı köhnə və yeni stresslər onu həyatdan küsdürmüşdü.

Şarlotta Bronte
Əvvəlki illərdəki sevgisindən ayrılan Şarlotta ürəyini verdiyi naşir Smitlə xeyli müddət birlikdə olsa da bu yaxınlıq daimi ola bilmədi. Hətta onlar nigahlanmağa qədər gəlib çatmışdılar.

Son dövrlər Şarlotta Bronte özü də gücünün bitib-tükəndiyini hiss edirdi.

O vaxtının çox hissəsini Havortdakı evində tənhalıqda keçirirdi. Mənəvi əzablardan əziyyət çəkən yazıçı bütün acı sıxıntılarına baxmayaraq 1853-cü ildə özünün yeni romanını - "Vilett"i üzə çıxardı.

Bu romanı da oxucular tərəfindən maraqla qarşılandı.

O isə özünü kimsəsiz və lazımsız hiss edirdi. Bütün varlığı ilə bağlı olduğu sevdiyi insanların çoxu ondan uzaqlarda, əlçatmaz yerdə idilər. Smitlə də yolları ayrılmışdı.

Belə deyirlər ki, Şarlotta sonuncu əsərindən sonra itirdiyi qardaş və bacılarının qəbrini daha tez-tez, daha uzun-uzadı ziyarət etməyə başlamışdı.

Yazıçı 1854-cü ildə keşiş Nikolass Bellə ərə getdi. Amma bu izdivac, ailə həyatı da onun həyat tərzində ciddi dəyişikliyə səbəb olmadı. Şarlotta Bronte həm də fiziki cəhətdən çox zəifləmişdi.

Tez-tez xəstələnir, halı pisləşirdi.

Nigahdan heç bir il ötməmişdi ki, istedadlı yazıçı, əsərləri qısa zaman içərisində dünyanın bir çox dillərinə tərcümə olunmuş, lakin təsvirəgəlməz kədərli bir həyat keçirmiş Şarlotta Bronte 1855-ci il mart ayının 31-də 39 yaşında öldü.

Onun parlaq istedadı, inanılmaz təsvir qabiliyyəti, duyğuları gözə çarpdırmaq xüsusiyyəti bu gün də oxucuların, elə naşirlərin də diqqətindədi.

Vaxtıyla onun rədd edilmiş ilk əsəri "Professor" da Brontenin ölümündən sonra cap edildi.

Qısa ömür yaşamış Şarlotta Bronte Avropanın ən tanınmış müəlliflərindən olmaqla yanaşı, özündən sonrakı nəhənglərin də diqqətini özünə cəlb eləmişdi.

Onun haqqında yazan İ.V. Höte Şarlotta Brontenin özünəməxsus xarakterini onun məhz yaradıcılıq sirri adlandırmış, yazıçının əsərlərini yüksək dəyərləndirmişdir.

"Ədalət" qəzeti
XS
SM
MD
LG