Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:08

Zümrüd Yağmur "Dilsiz Bənənyar" (Hekayə)


Bəhmənyar kəndində aləm bir–birinə dəymişdi, elə bil dünyanın bütün rəhmsizləri gəlib bu kəndə tökülmüşdü və adamlardan tək bir şey tələb edirdilər…

Gərək kənddə kimsənin gözləmədiyi halda birdən-birə dili tutulmuş Bənanyar kişinin dili açıla, o da hamı kimi iki gündən sonra buraya gələcək “böyük” adama yaltaqlana…

Amma bəla bu idi Bənənyar kişinin dili açılmırdı ki, açılmırdı…

Bənənyar kişinin dili tutulmuşdu, ya da danışmaq istəmirdi.

Bunu kimsə bilmirdi, amma özünü lallığa vurması ehtimalı daha çox idi, durub-dururkən yaşlı kişinin dili niyə tutulmuşdu, bunun izahını kimsə verə bilmirdi.

Elə bütün olanlar da bundan sonra başlamışdı, daha doğrusu əvvəl o xəbər yayılmışdı ki, böyük adam yenə gələcək, yenə yolda sıraya düzülüb ona dua etmək, hələ əlinin öpmək istəyirmiş kimi göstərib özünü kütləyə vurmaq kimi tamaşalar da oynamaq lazımdır…

Bu xəbər, daha doğrusu tələbdən az sonra elə o da yayılmışdı ki, Bənənyar kişinin dili tutulub.

Bənənyar kişi bu kəndin ağsaqqalı idi, yalancı saqqalı ağ olanlardan yox, doğrudan doğruya, bir hadisə olanda hamı onun başına yığışırdı, indi də bu təzim etmə tamaşasının tədbirini tökmək üçün kişilər Bənənyarın evinə gedəndə onu dili tutulmuş halda gördülər.

Hamı mat qaldı, amma içindən “bu çanını qurtardı şəbihdən” deyənlər də oldu, hətta “kaş mənim də dilim tutulaydı” deyə dua edənlər də…

Amma kimsə bir şey edə bilməzdi, bu dəfə Bənənyar kişi olmadan tamaşa çıxarmalı idilər, illərdi belə olmuşdu, bundan sonra da necə olacaqdı, nə zamana qədər bu “böyük adama” yaltaqlanıb yalandan başına dönüb arxasından qarğış edəcəkdilər bunu kimsə bilmirdi, bunu soruşmağa, dilinə gətirməyə kimsə cəsarət də etmirdi, çünki adamların bir-birinə inamı, sədaqəti də qalmamışdı, bu gün narazılıq edən sabah padşahdan bir ənam alan kimi dəyişib olurdu bambaşqa adam…

Bir sözlə, insanlıq yavaş-yavaş ölürdü…

Hamı da bunun fərqində idi, amma kimsənin də ürəyində o cəsarət yox idi ki, buna etiraz etsin.

Hamı bir tikə çörəyin əsiri olmuşdu, bunu da özlərinə səbəb edib oturmuşdular.

Burda qəhrəmanlıq etmək kimsənin işi deyildi…

Burda bu haqda düşünmək gecə yatanda belə kimsənin beynindən keçmirdi…

Hər il, ya da bir az daha tez-tez gələn “böyük” adamın gəlişi lap işgəncə idi, bir tikə çörək üçün, aldıqları nəfəs üçün qorxub dözürdülər, amma bu adam gələndə nə çörək qazanmaq olurdu, nə nəfəs almaq…

Eləcə ya yollara düzülüb əl yelləməli, ya da adamın gəzdiyi yerlərdə, meydanlarda olmalı idinlər.

Hələ qışda lap dözülməz olurdu, yollarda qalıb soyuyqdan dona-dona belədən- belə getmək adam olduğunu unutdururdu, amma kimsə “etmirəm, gəlib öldürsünlər, daha bəsdir” demirdi.

Adamları qorxaq olan yerdə fironluq etmək asan idi…

İndi də Bəhmənyar kəndində aləm bir-birinə dəymişdi. Səhəri kənd camatı polislərin səsinə oyanmışdı, qapıları döyüb bir-bir kişiləri küçəyə çıxardılar, sonra da çox böyük, hətta daşınası mümkünsüz görünən iri qarına sahib olan birisi qabağa çıxıb səsi çatdıqca qışqırmışdı…

- Bənənyar kişinin dili tutulub, açılmalıdır, həmişə necə qonağımızı hörmətlə yola salmışıqsa bu dəfə də elə olacaq, istəyirsiniz ölün, bu elə böyük faciə deyil, amma dahi rəhbərimiz bizdən narazı getsə…, bax əsil faciə onda olar…

Soyunuzu qurudarıq. Sizə kim deyib ki, burda istənilən adamın istənilən vaxt dili tutula bilər, burda hər şeyi biz müəyyən edirik, bir azdan kimin, necə, harda, nə zaman öləcəyini də biz müəyyən edəcəyik…

Nədir, nə gözünüzü döyürsünüz, yasınızı, toyunuzu necə keçirməyi biz müəyyən etməmişikmi, indi də bunu edərik…

Böyük və dahi rəhbərimiz bunun da bir yolunu tapacaq! Ay nadanlar, siz elə bilirsiniz dünyanı Allah idarə edir, amma bizim ölkəni dahi rəhbərimiz idarə edir…İnsanların taleyini, yoxsul, zəngin olmasını, kimin hansı evdə yaşamasını, bilmədiyiniz yüzlərcə şeyləri rəhbərimizin müdrik siyasəti ilə əldə edirik.

İndi bizim də borcumuzdur ki, belə bir müdrik rəhbət üçün minnətdar olub öhdəmizə düşəni edək.. Sizin də öhdənizə düşən də köləliyinizi göstərməkdir, boynunuzu burub yolda, meydanda durmaqdır.

Hökmdarın köləsi olmaq hər kəsə nəsib olmur, buna da şükür edin…Ona görə də Bənənyar kişinin dili açılmalıdır, vəssalam! Bənənyar kişi, sən bir irəliu çıx görüm, dilin niyə tutulub?

Qarnından əziyyət çəkirmiş kimi yerində sirkələndi. Bənənyar kişi də qarşıya çıxıb gözlədi, bayaqdan danışan adam yanlarında gətirdikləri həkimi çağırıb nə isə tapşırdı, həkim boynunu büküb Bənənyar kişiyə yaxınlaşdı, dilini, qulaqlarını yoxladı, bir az yubandı, qorxduğu hərəkətlərinə tökülmüşdü və bunu gizlətməyə çalışmırdı da, elə bil günahkar o imiş kimi üzündəki qorxuyla qarınlı adamdan üz istəyirdi.

Geri döndü, amma qarınlı adam bir söz soruşmayana qədər dillənmədi.

Ancaq qarınlının sualına qısa cavab verdi…

- Xəstə deyil, bir şeyi də yoxdur, Bənənyar kişinin psixologi durumunu yoxlamaq lazımdır…

- Nə deyirsən, Bənənyar kişi, dilin açılar, ya səni dəlixanaya aparaq, bilirsən, son vaxtlar dəlilərimizin sayı çoxalıb, insan belədir, adam yerinə qoyursan, o boyda adamın köləsi olmağa imkan yaradırsan, dönüb olur dəli…

Nankorsunuz, nankor… Yaxşı, deyəsən bir şey çıxmayacaq, dəlixanaya getmək istəyirsən… Götürün Bənənyar kişini…

Adamlardan uğultu keçdi, kimsə Bənənyar kişi kimi birinin dəlixanaya aparılacağına inanmaq istəmirdi, buraların ən dəyərli insanı idi və kimsə bu günə qədər Bənənyar kişinin naqis bir əməlini görməmişdi.

Yaltaqlanma tamaşalarında da həmişə arxada olmaq istəyib buna da nail olan Bənənyar kişinin dəlixanaya salınması çoxdandır heyrətlənmək qabiliyyətini itirmiş adamları çaşdırmışdı…

El arasında dəlixana deyilən psixiatirik xəstəxana son vaxtlar bir növ cəza verilən həbsxana rolunu oynamağa başlamışdı və bu “dəlixana” xofu camaatın üzərinə elə çökmüşdü ki, eşidənin tükləri qabarırdı….

- Dayanın, atamı bir yerə apara bilməzsiniz, yaşlı kişidir, danışa bilmir, kimə nə bundan, nə istyəyirsiniz, zordurmu, danışmır…

Əgər atamı bir yerə aparsanız, özümü yandıracam, - adamların arasından əlindəki neft dolu kiçik çəlləyi irəli uzadıb qışqıran Vüqar qabağa keçdi.

Adamlar bir az cəsarətlənib yenə uğuldadı…

- Sən kimsən, hə, oğlusan, yandır, nə olacaq ki, sənin kimsi nə qədər, biri öləndə nə olacaq, amma atan danışmalıdıt, belə bir adam danışmalıdır, dahi rəhbərimizə tərif deməlidir, hər kölənin tərifi də tərif deyil ki, kölə olanda nə olar, gərək o da samballı olsun.

Bu yerlərdə də ən samballı adam atandır, hər dəfə yayınıb, amma bu dəfə olmaz, rəhbərimizin doğum günüə az qalır, ona görə də bu dəfə hər şey daha təmtaraqlı olmalıdır, bildin indi niyə dili tutula bilməz?- qarınlı adam qışqıra-qəışqıra danışıb başı ilə gələn polislərə Bənənyar kişinin maşına mindirilməsini əmr etdi…

Vüqar irəli atıldı, qaça-qaça da əlindəki nefti üzərinə tökürdü, nə isə deyirdi, yəqin ki, özünə yandırmaqla bu adamların ürəyinə yanğın, rəhm salacaq ümidi ilə də kibriti çəkdi, od bir anda onu bürüdü, əvvəl hamı karıxdı, kənd cammatı ona doğru yönəldi, amma qarınlı adam nə qışqırdısa, polislər bir anda cammatım üzərinə atıldı, kimsə nə baş verdiyini anlamadı, ancaq elə bil hər kəsin ürəyindəki böyük adama kölə olmaq məcburuyyəti sınmışdı və hamı indi azad olacağını, adam olacağını zənn edib bayaqdan onların başının üzərini kəsdirmiş polislərin üzərinə atılmışdı.

Vüqarsa yanırdı, kimsə onu söndürməyi ağlına belə gətirmirdi, çünki necə illərdi ki, hər kəsin ürəyi yanırdı, indi hər kəs də yanan ürəyinə su səpib onları köləyə çevirmiş böyük adamıydı, seytanmıydı onun əsgərləri ilə savaşırdı.

- Ay qardaşlar, Vüqar yanır, Vüqar, yanır,- kiminsə səsi dünyanın bir-birinə qarışdığı kəndin üzərindən uçan quşları da səksəndirdi. Qadın səsi idi, nalə çəkdi, ardından qadınların qışqırtısı bir-birinə qarışdı, bu nalə elə bil hamının üzərinə su səpdi, adamlar özlərini unudub Vüqara kömək üçün can atdılar, amma indicə cammatdan qorxan polislər yenə birdən- birə cəsarətlənib yenidən adamların üzərinə yürüdülər.

Kimsə Vüqara çatmağa macal tapmadı, polislər hamını bir dairəyə sıxışdırdı.
Vüqasa eləcə hamının gözü qarşısında yanırdı, əl qol atması da yavaşıdı, sonra bitdi, anasının naləsı, Bənənyar kişinin yaşlı arvadının naləsi kəndi bürümüşdü və onun qollarından tutan polislər ancaq oğlu yerə yıxılandan sonra ananı buraxdılar.

Ana ölmüş, yanıb qapqara qaralmış oğluna yanaşdı, diz üstə çökdü, hələ də isti olan cəsədi əlləri yana-yana bağrına basdı, ananın bağrı da yandı…

Üzünü göylərə dikdi, ordan imdad dilədi, amma göylər bu yerləri elə bil şeytana, onun əsgərlərinin öhdəsinə buraxmışdı, ya da burdakı insanların səbrini sınağa çəkirdi.

Göylər tutqundu…

Bənanyar kişi başını aşağı salmışdı, göz yaşları səssizcə tutulmuş üzünə süzülürdü, amma hələ də danışmamışdı.

Axşama yaxın adamlar kəndin məscidinə yığıldı, Vüqarın cənazəsi evlərinə qaldırıldı.

Ölüm sükutu çökdü…

Polislərsə hələ də kənddə idi.

Sabah Vüqarı dəfn edəcəklərdi…

Adamlar yenə əvvəlki köləliyini qazanmışdı, kimsə də etiraz etməyi düşünmək belə istəmirdi….

Sabah oldu. Yenə kənd susqun idi, Bənənyar kişi də sabahla birgə günəşi qarşıladı, arvadı səhərə qədər oğlu üçün ağlamışdı, Bənənyar kişisə susmuşdu…

Vüqar günortaya dəfn edildi.

Qarınlı adamsa günortadan sonra kənddə yenə peyda oldu…

- Hə, nə deyirsən Bənənyar kişi, dilin açıldı…

Bənənyar kişidən səs çıxmadı, adamlar da susurdu. Dünən birdən-birə azadlıq istəmiş adamlardan əsər yoxdu…

Qarınlı adam səhərə qədər Bənənyar kişiyə vaxt verib getdi, polislərsə yenə kənddə qaldı…

Səhər qarınlı adam tezdən gəldi, amma Bənənyar kişi yenə susurdu.

-Yaxşı, daha özünüz bilərsiniz.

Qarınlı adam kəndin kişilərini evlərindən bir-bir yığmağı tapşırdı, adamlar hələ nə olacağını bilmirdi, kimsədən səs çıxmırdü, hamı da boynunu büküb durmuşdu.

- Soyunun…

Qarınlı adam qışqırdı, kimsə bir şey anlamadı, yenə eyni söz təkrarlandı, bu dəfə polislərə “soyundurun bunları” deyib qarınlı adam kənara çəkildi.

Polislər kişilərin üstünə atılıb köynəklərini dartışdırmağa başladı…

Kişilər qurşağa qədər soyunduruldu və bir Şərq kəndi üçün ən dözülməz olan bir şey baş verdi…

Həmişə ailəsi, uşaqları qarşısında kimsənin döyə, sındırıla bilməyəcəyi kişilər döyülürdü, pəncərələrdən baxan ailələrinin gözü qarşısında sınırdı, əzilirdi…

Uşaqlar üçün “atam hamıdan güclüdür” nağılı bitirdi, çoxdan məğlub olmuş atalar indi də uşaqıları üçün adiləşib sınırdı.

Və Şərq kəndində da hamı buna dözürdü…

Kişiləri qaranlıq düşənə qədər döydülər, qarınlı adam “dayanın” deyəndən sonra sabah üçüb Bənənyar kişiyə vaxt verib getdi…

- Sabah sonunucu gündür, Bənənyar kişi, olanlardan da günahkar sənsən, danışmalısan, yaltaqlanıb kölə olmağını göstərməlisən. Sənin dilini kəsərəm, amma yenə danışacaqsan…

Bu dəfə kənddə kimsə yatmadı…

Bəhmənyar kəndi bir sabahını da beləcə açdı.

Səhər tezdən qarınlı adam yenə gəldi.

Bənənyar kişidən bir söz soruşmadı…

Danışmadığını anlamışdı…

- Sökün bunların dükanlarını, sexlərini, bir dənə də qalmasın…

Gətirilən buldozer işə düşdü. Yaxındakı çörək sexindən başladılar, içəridəki un, cörəklər buldozerin təkərləri altında əzilib palçığa qarışdı, sonra dükanlar, ən kicik alış–veriş mərkəzinə qədər yerlə yeksan olundu…

Kənddə bir itlərdən səs çıxdı, onlar da səsi aləmi başına götürmüş buldozerə hürürdülər.

Hamının ürəyində köləlik elə kök salmışdı ki, olanları daha “böyük adam”ın , qarınlının günahı, əməli hesab etmirdilər, bir gün əvvəl ailəsi, uşaqları üçün “atam hamıdan güclüdür” nağılının bitməsini qəbullanmış adamlar dükanlarının sökülməsini qəbullanmaq istəmirdilər.

Dükan olmasaydı necə alıb–satacaqlardı…

Adamlara azadlıq lazım deyildi…

Köləliyi qəbullanıb dükanda satdıqlarını satıb evinə bir parca çörək aparan insanlar bundan sonra satacaq bir şeyi olmadığından qəzəblənmişdilər.

Günahkar Bənənyar kişi idi.

Azad olmaq, kölə olmamaq istəmişdi…

Bu buraların qaydalarına zidd idi.

Kücədə hər şeyi əlindən alınmış kütlə Bənənyar kişinin üzərinə yeridi, onu əzib öldürmələri üçün cox zamana ehtiyac olmadı…

- Mən qurtuldum, - Bənənyar kişinin son sözü bu oldu, üzündə təbəssüm dondu…

Kütlə geri çəkildi…

Köləni kölə əli ilə öldürmək quldarlıqdan qanun idi.

Kölələr öldürmüşdü…

Qarınlı quldar razılıqla gülümsündü…
XS
SM
MD
LG