Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

Siyasi liderlərimiz roman oxuyurmu?


Elif ŞAFAK
“Haber Türk”
16 sentyabr


REFERENDUM təlaşı geridə qaldı və məni maraq götürdü, əcaba siyasi liderlərimiz roman oxuyurlarmı?

Yaxud da ki onların yardımçıları, sözçüləri və onların sözçüləri?..

Əgər oxuyurlarsa, nə oxuyurlar?

Türk ədəbiyyatından, dünya ədəbiyyatından hansı əsərlər var yazı masalarında, yaxud evlərində, balışlarının altında.

Həyat yoldaşları çox kitab oxuyur, yoxsa özləri? (Nə də olsa, Türkiyədə qadınlar daha çox və daha yaxşı oxuyur!)

Yoxsa bu qədər qaçaqovda, məşğul vaxtda oxumağa fürsət tapmayacaqları qənaətinə gəlib kitablardan uzaq bir həyat sürürlər?

Məsələn, məzuniyyətə çıxanda oxumağa roman götürürlərmi?

Cangüdənləri, katibləri, köməkçiləri, yaxın çevrələrindəki insanların da kitab oxumasını istəyirlərmi?

Meydandakı siyasi liderlərimiz roman oxumağı sevirlərmi? Başqalarının da sevməsini istəyirlərmi?

Bu yaxınlarda “The New York Times” Barak Obamanın hansı romanları oxuması haqda üç məqalə yayınladı.

Obamanın bir müddət öncə kitab dükanına gedib çox təvazökar şəkildə uşaqları və özü üçün roman seçməsi mətbuatda xeyli müzakirə edilmişdi.

(O, qızları üçün Harper Lee və Steinbeck, özü üçünsə Jonathan Franzen-in yeni romanı olan “Freedom” almışdı.)

Bilmirəm diqqət etdinizmi: Amerikada rəhbərin sadəcə bu günlərdə nələr oxuduğu yox, seçki kampaniyası başlayandan bəri hansı kitabları oxuduğu təfərrüatı ilə yazılır, müzakirə edilir.

Müxalifət liderlərinin də nə oxuduğu davamlı olaraq mətbuatın gündəmindədir.

Üstəlik diqqət mərkəzində təkcə bu günün siyasətçiləri deyil.

Niksondan bu yana Amerika prezidentlərinin hansı yazıçılara maraq göstərdikləri, onların hansı kitablarını oxuduqları da daim medianın maraq dairəsindədir.
Kennedinin ölkə miqyasında yoxsulluqla mübarizə proqramını Michael Harrington-un əsəri “Başqa Amerika”nı oxuyandan sonra hazırladığı; Klintonun Balkanlarda yaşanan acıları daha yaxşı anlamaq üçün Robert Kaplanın kitabı “Balkan ilğımları”nı diqqətlə oxuması; hətta Niksonun (qızının davamlı israrı ilə) o dövrün qadın hərəkatının ən önəmli və radikal kitablarından olan və öz dünyagörüşünə zərrə qədər də uyuşmayan Betty Friedan-ın “Feminine Mystique”ini oxuması...

Bütün bunlar istər mətbuatda, istərsə də xalq arasında məlum olan, dəyər verilən faktlardır.

Liderlərin oxuduqları kitabların siyahısına baxsaq, görərik ki, orada ən diqqət çəkən məqamlardan biri onların öz ideoloji görüşlərinə uyğun gəlməyən müəllifləri də oxumaları, oxuya bilmələridir.

Bu, xalq üçün son dərəcə sağlam, konstruktiv və müsbət bir haldır. Partizanlıqdan, qütbləşmədən uzaq...

Məsələn, Buşun dünyagörüşü, xarici siyasəti - liberal nəzəriyyəçilərin baxışları ilə heç uzlaşmaya bilər, amma Buşun onları da oxuması, ən azı oxuduğunu açıqlaması, onun mütaliə siyahısında məsələn, Alber Kamyunun əsərlərinin olması maraqlıdır.

Obama da təkcə liberal nəzəriyyəçilərə yox, mühafizəkar yazarlara da maraq göstərdiyini deyir.

Gələk romana!

Bir siyasətçinin roman oxuyub-oxumaması bir neçə aspektdən maraqlı və qeyri-adidir.

Siyasətçilərin araşdırma və analitik kitabları bəlkə də “işlərinə lazım olduğu üçün” oxuduğunu söyləyə bilərik, bəs təxəyyülə əsaslanan romanları niyə oxuyurlar?

Obama – qızğın siyasi hadisələrlə əlaqəsi olmayan, amma xalqı və mədəniyyəti, fərdin vəziyyəti və ailə problemlərini incələyən Philip Roth, Jonathan Franzen kimi çağdaş romançıları oxuduğunu tez-tez dilə gətirir.

Təbii ki Amerikada xalqın siyasətçilərin kitab oxumasından xoşu gəlir və insanlar onların nə oxuduğu ilə maraqlanır. Bu məsələnin iki müsbət effekti var.

Bir tərəfdən xalq siyasi liderlərin (başları nə qədər qarışıq olsa da) oxumasını, oxumağa vaxt tapmasını istəyir.

Digər tərəfdən isə siyasi liderlərin kitab oxuması xalqı çox oxumağa həvəsləndirir.

Bizdə siyasət səhnəsi çoxrəngli və bol səslidir. Hər şeydən danışılır, amma nədənsə siyasətçilərin kitablara nə dərəcədə maraq göstərməsi haqda söhbətlər getmir...


Dedim bu referendum bitdi, məni maraq götürdü. Siyasətçilərimiz roman oxuyurlarmı?

Istəyirik ki, oxusunlar. İstəyirik ki yanlarından əskik olmasın kitablar.

(Məşhur türk yazarı Elif Şafaq “Haber Türk” on-line qəzetinin köşə yazarıdır).
XS
SM
MD
LG