Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 23:00

«Eurovision» üçün arena tikilir?


Bayraq Meydanı yaxınlığında tikinti işləri
Bayraq Meydanı yaxınlığında tikinti işləri
Əslən azərbaycanlı olan İradə xanım və onun danimarkalı həyat yoldaşı Klaus Nilsonla Bayraq Meydanının yaxınlığında rastlaşdıq. Nilsonları bura çəkib gətirən «Eurovision» marağı imiş. 1996-cı ildən Danimarkada yaşayan İradə xanım deyir ki, hər il yay mövsümündə bir neçə günlük Bakıya gəlirlər, bu dəfə də eşidiblər ki, «Eurovision» üçün arena Bayraq meydanı yaxınlığında tikilir, gəliblər ki öz gözləri ilə görsünlər:

«Mənim ərim «Eurovision»un harada keçiriləcəyini çox görmək istəyirdi. Ona görə bura gəlmişik. Ola bilsin ki, may ayında gələ bilmədik, ona görə də qərara aldıq ki, indi gəlib görək. Çoxlu şəkillər çəkmişik».

İradə Nilson deyir ki, Azərbaycanın «Eurovision»a ev sahibliyi edəcəyinə sevinir, düşünür ki, bu amil ölkəni Avropada çox tanıdacaq. Nilsonlar arena tikintisi üçün uğurlu məkan seçilməsi fikrindədirlər. Baxmayaraq ki, Klaus Nilson gələn ilin may ayınadək tikintinin başa çatacağına inanmadığını da bizdən gizlətmədi.

«B» VARİANT DA OLMALIDIR

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva baş redaktoru olduğu «Baku» jurnalının iyul sayında yazdığı məqalədə qeyd edib ki, «Azərbaycanda «Eurovision» müsabiqəsinin keçirilməsi üçün dəniz sahilində yeni konsert kompleksi tikilir. Buradan açılan cazibədar panorama indidən adamı çəkir»
.
Nilsonlar ailəsi
Gözlənilir ki, Avropa Yayım Şurasının rəsmisi Sietse Bakker avqustun 9-da Bakıya gələcək və yerlə bağlı müzakirə aparılacaq. Səfər öncəsi Sietse Bakker Belgovision.com-a müsahibəsində bildirib ki, Azərbaycanda «Eurovision»in keçirilməsi üçün nəzərdə tutulan yer hələ tikilir, ona görə də, ölkə alternativ yer təqdim etməlidir, yəni onun ehtiyat üçün «B» variantı da olmalıdır.

TİKİNTİ NECƏ GEDİR?

Yeni konsert kompleksinin tikildiyi bildirilən Bayraq Meydanı yaxınlığından isə hələ ki, yalnız yol tikintisi ilə bağlı işlər gedir. Ərazidə işləyən «AzVirt» MMC-nin işçiləri müsahibə verməkdən imtina etsələr də bizimlə söhbətdə bildirdilər ki, yaxın 3 ayda yolun tikintisini başa çatdırmalıdırlar. Hazırda Bayraq Meydanının bir tərəfindən digər tərəfinə yeraltı keçid tikilir, dənizin sahilinə daş plitələr döşənir. Ərazidə çalışanların dediyinə görə, hələ konsert kompleksi ilə bağlı daşı da daş üstünə qoymayıblar. Yaxınlıqda yaşayanların isə gözünə indi nə bayraq görünür, nə də «Eurovision». Çünki bu qələbə onlara baha başa gəlib, evləri əllərindən çıxıb:

«Mənzərəni görürsüz də. Biz heç buradan köçmək istəmirik. Heç cürə razılaşa bilmirik ki, buranı tərk etməliyik».

Nailə Abdullayevanın 20 ildir ki yaşadığı 9 mərtəbəli binanı - Emin Hacıbabayevlər küçəsindəki binanı yeni salınan yolun ərazisinə düşdüyü üçün sökürlər. Əvəzində isə sakinlərə kvadratı 1500 manatdan kompensasiya verirlər. Əksər sakinlər pulunu alıb köçsə də, təxminən 8 ailə bu təkliflə razılaşmır:

«Biz verilən məbləğdən narazıyıq. Bu pula başqa yerdə istədiyimiz evi tapa bilmirik. 51 kvadrat metr evdir, 74 min manat verirlər. 2 il əvvəl evimizi 100 min manata almaq istəyirdilər».

Bayraq Meydanı yaxınlığında tikinti
HÖKUMƏTİN BİZƏ VERMƏYƏ PULU YOXDUR»

Yolun tikintisindən bir qədər aralı - konsert kompleksinin tikiləcəyi gözlənilən ərazidə də iki 9 mərtəbəli binanın sakinlərini köçürməyə başlayıblar. Bu binaların sakinləri də narazıdırlar, onlara hətta hər kvadrat metrə görə 1500 manat da təklif etmirlər, sadəcə deyirlər ki, 4 ünvanda yeni tikili bina var, onlardan birinə köçməlisiz:

«Pul vermirlər, deyirlər ki, hökumətin pulu yoxdur. Gedib təklif olunan evlərə baxmışıq, hamısı keyfiyyətsizdir, otaqlar indidən tökülür, divarlar çatlayıb. Heç kəsin almaq istəmədiyi binalara bizi zorla köçürmək istəyirlər».

Ərazidə sakinlərin köçürülməsi ilə bağlı qərargah da yaradılıb, qərargahdan Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları olan şəxslər bizə müsahibə verməkdən imtina etdilər.

Bayraq meydanı yaxınlığındakı bina
«PROBLEMLƏRİ GİZLƏTMƏK OLMAYACAQ»

Danimarkadan Bakıya səfərə gələn Nilsonlar ailəsi isə hesab edir ki, Azərbaycan tərəfi konsert kompleksi tikərkən təkcə Avropanın gözündə göyə qalxmağı düşünməməlidir, həm də elə etməlidir ki, sadə vətəndaşı da bundan əziyyət çəkməsin:

«Mən də, yoldaşım da Azərbaycanda yalnız gözəllikləri görmədik. Ola bilsin ki buradan baxanda şəhərin çatışmazlıqları görünmür. Amma problemləri bütün turistlərdən gizlətmək olmayacaq, məsələn, pis vəziyyətdə olan yollar, səriştəsiz sürücülər və s. – turistlər istər-istəməz bunları da görəcək».

Ətrafında tikinti gedən Dövlət Bayrağının qonşuları da deyirlər ki, etirazlarına ölkə daxilində baxılmazsa, çalışacaqlar ki, şikayətlərinin sorağı Avropaya da çatsın.

HƏMÇİNİN OXU:

«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək
«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?
İlham Əliyev: «Qələbədən sonra çox gözəl anlar yaşadıq»
«Eurovision» qalibləri Bakıya döndülər
Gürcülər «Eurovision»u bağlayacaqlar
"Bu, hamımızın qələbəsidir" - VİDEO
Bakı sakinlərinin "Eurovision" sevinci
XS
SM
MD
LG