Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:12

Qulu Ağsəs: "AYB-də yaşı altmışı keçmiş adamlar var, onlar getməlidir"


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı "Ulduz" jurnalının baş redaktor müavini, şair Qulu Ağsəsdir.


...Mənə qalsa, deyərəm qalsınlar, dörd yüz il yaşasınlar. Qoy AYO-çular ölsün, onların uşaqları desin “get”, yenə getməsinlər. (gülür - F).

Düşünürəm ki, onların ədəbiyyat naminə etdikləri nəzərə alınmalıdır, ömürlük Prezident Təqaüdü ilə təmin olunmalıdırlar.

Və bu qurultayda struktur dəyişikliyi onların getməsi ilə başlanmalıdır.

AYB, AYO məsələsinə bir son qoyulmalıdır. Bunun da bir yolu odur ki, onları çap etmək lazımdır...



- Niyə Facebookda yoxsunuz?

- Əvvala, mən bir işin içinə girəndə onun fanatı oluram. Kompyuterdən yarım saatdan çox istifadə edəndə gözlərim qızarır, gözlərimdə problem var. Yazı sürətim zəifdir deyə kompyuterdə bircə yazmaq funksiyasından istifadə etmirəm, qalan bütün əməliyyatları edirəm. Evə apardığım qəzeti başsağlığına qədər oxuyuram. Ona görə çalışıram ki, evə az qəzet aparım. Əgər qəzet evə girdisə, mən onun bütün yazılarını oxuyub, sonra da redaktə etməyə başlayıram. Məsələn, manşeti, başlıqları dəyişirəm, giriş yazıram...

- Şəkilləri də?

- Şəkilləri də dəyişirəm (gülür - F.). Bu, məndə fobiya kimi bir şeydi. Buna görə də facebookdan istifadə etmirəm. Bilirəm ki, Azərbaycanın içində tanışdığım, buluşduğum adamların heç birinə heç nə yazmayacağam. Əvəzində düşmən
qazanacam. Məsələn, Yazıçılar Birliyində dostlar var, hər gün bir yerdədirlər. Axşam öpüşüb ayrılıb, gecə də Facebooka girirlər (gülür -F.). Mən dəhşətə gəlirəm. Axı Azərbaycan insanı texnologiyanın nə oldğunu nə vaxt anlayacaq? Arvadların bütün günü qeybət edib, axşamlar da telefonda danışmaqlarına bənzəyir. Facebookda o insanla görüşmək olar ki, onunla ünsiyyət imkansızdır. Məsələn, mənim Almaniyada dostlarım var, internet imkanlarımın yüksək olduğu vaxtlar video ilə danışırıq. Ukraynanın, Rusiyanın, Türkiyənin müxtəlif şəhərlərində yaşayan dostlarımla da həmçinin. Bunlarla internetdə danışmaq mənə ləzzət eləyir, çünki bu adamların burunlarının ucu göynəyir məndən ötrü, vətəndən ötrü. Yəqin ki Facebookda yalnız onlarla danışardım.

- Mən isə hesab edirəm ki, elə Azərbaycanda, elə Bakıda da Qulu Ağsəslə Facebookda yazışmaq üçün burunlarının ucu göynəyən adamlar var. Çünki siz tədbirlərdə, ədəbi toplantılarda da çox görünmürsünüz.

- Yazarlarla çox da ünsiyyətdə olmuram. Həmişə istəmişəm ki, rəssam dostum olsun. Onlar isə o qədər pintidir ki, bu dotsluq da baş tutmadı. Emalatxanada yemək yeyəndən sonra qolları ilə ağızlarını silirlər. Mən bir neçə rəssamla dost olmağa cəhd etdim, gördüm ki, bunlar çox pis yeyib-içirlər, şairlərdən də pis, həm də yarıqaranlıqda yeyirlər (gülür- F.).

- Yarıqaranlıqda niyə?

- Niyəsini bilmirəm. Yəni ədəbiyyat adamının dostu, təkcə ədəbiyyatçı olmalı deyil. Ədəbiyyat adamları ilə dostluq çox çətindir. Ona görə ki qısqanclıq var onlarda. Bax bu səhər məni efirdə veriblər, mənə müxtəlif sahənin adamları zəng edib. Bu adamlardan heç biri qələm adamı deyil. Həm də, Feyziyyə, mənim bir bədbəxtliyim var. “Ulduz” jurnalının baş redaktorunun müavini gərək yazıçı ilə dost olmasın. Çünki yazıçı ilə dost oldunsa, gündə bir araq gətirib zay yazısını sənə sırıyacaq. Məsələn, İbrahim İlyaslı birinici dəfə sənin şeirlərini gətirəndə onlar mənim xoşuma gəlməmişdi. Amma İbrahimlə çörək kəsmişdik deyə o şeirləri verdim. Amma ikinci dəfə sənin şeirlərini görəndə “Ədalət” qəzetinə müsahibəmdə dedim ki, yaradıcılığındakı keyfiyyətinə görə ən çox diqqətimi çəkən, xoşuma gələn Feyziyyədir. Çünki adam bir il əzində öz yaradıcılığında müsbətə doğru bu qədər irəliləyiş edib. Yəni İbrahimlə dost olmasaydım, çörək yeməsəydim, o şeirləri verməyə də bilərdim.

- Mənim yadımdadır, həmin şeirlərin “Ulduz”da çapı ləngiyirdi.

- Yazıçılar Birliyinin bu qədər üzvü var, onların da çoxunu biz gətirmişik. Onunla-bununla çörək yemişik. Çörək müqəddəs deyil ki. Mən günorta Nizami kinoteatrının
arxasına yemək yeməyə gedəndə bir adam axtarıram ki, tək yeməyim. Indi biz nəsə müqəddəs iş görmüşük? Dörd manat supa pul vermişəm, burda nə müqəddəslik ola bilər? (gülür - F.) Amma o çörəyin hesabına nə qədər adam Yazıçılar Birliyinə üzv olub, nə qədər adam jurnallarda çap olunub. Əgər bir adam yemək yeməyə gedəndə yolda mənə şeir oxumağa başlayırsa, yoldan qayıdıram. Çünki bilirəm ki, onun ardınca jurnala iyirmi şeir gələcək. Mən, ümumiyyətlə, adamı tutub şeir oxumağı çox böyük tərbiyəsizlik sayıram. Mən çox az adamı özümə həmkar sayıram, onların arasında isə belə edəni yoxdur. Adamı blokda, liftdə tutub şeir oxuyurlar. Şeir intim bir şeydir. Şeir yatanda adamın üstünü açmalıdır. Qapıları açıq qoyub yuyunmalı, çimməlidir. Yetənə şeir oxumaq olmaz. Adam var Yazıçılar Birliyinin pilləkənlərini şeir deyə-deyə çıxır. Belə şeylə adamı təəccübləndirmək olmaz, əksinə ikrah doğurmaq olar. Amma kiminsə öz-özünə şeir deməsi cəhənnəm, amma adamı Sahil bağında tutub burnunun suyunu axıda-axıda şeir deməsi çox iyrənc bir şeydir. Yəqin onların burununn suyu Facebookda da var (Gülür - F.).

- Oxuduğunuz qəzetləri redaktə etməyinizdən danışdınız bayaq. "Ulduz" jurnalı haqqında da tənqidi fikrilər səslənir.

- Sualı demə, bilirəm nə soruşacaqsan (gülür - F.). Mən ağlına gəlməyən müəlliflərdən çox yaxşı qonorar alıram. Hətta özümün də ağlıma gəlməz ki, bu cür adamlar belə məsul işi mənə gördürələr. Mən çox peşəkar redaktoram. Insanlar əsərlərini, müxtəlif layihələrini mənə etibar edirlər. Çoxuna imza da qoymuram. Amma buna görə ölkənin tanınmış alimləri, ziyalıları mənə haqq ödəyirlər. Amma "Ulduz" jurnalına gələn müəlliflər gedib Elçin Hüseynbəyliyə deyirlər ki, qoymayın yazımı Qulu düzəltsin. Mən bir müəllifin Qarabağ haqqında şeirini düzəltmişdim, allaha qurban olum, o, şeir yazmağı atdı. Bircə rədifini götürüb yerinə şeir yazmışdım.

- Çox xeyirxah iş görmüsünüz...

- Əlbəttə (gülür - F.). Indi yaxşı bir vəzifədə işləyir. “Ulduz” jurnalında da redaktə ilə mən məşğul oluram. Kolumbiya müəllifinin yazısına mən baxıram, Çingiz Abdullayevin “Əfsanəyə çevrilmə haqqı” romanının redaktoru mənəm, o da çox razılıq edir. Kamil Vəlinin iki kitabının redaktoru olmuşam, amma o jurnala gələn müəlliflər redaktə olunmaq istəmir.

- Bəs jurnalda çap olunacaq müəlliflərin siyahısını necə redaktə edə bilirsinizmi?..

- Yox, onu yalan deyərəm. Hər bir jurnal baş redaktorun simasıdır. "Ulduz" mənim simam deyil, o mənim kölgəm ola bilər.

- Siz nələri dəyişmək istərdiniz jurnalda?

- Bir dəfə Azadlıq Radiosunda “Ulduz”la bağlı müzakirə olmuşdu. Hamı deyirdi ki, o jurnalı mən daha yaxşı çıxardaram. Mən isə deyirəm ki, on redaktora eyni şərait yaradalar, mən on redaktorun doqquzunu da arxada qoyaram. Yazıçılar Birliyinin orqanı olmaq onun başınamı, ayağınamı, çiyninəmi bir məsuliyyət qoyur ki, burda mütləq üzvlər çap olunmalıdır. Mən sakit adam olduğum kimi həm də koramal kimiyəm. Amma Elçin mənə baxanda çox humanistdir. Onun adamların göz yaşına, arvadların cırıq ayaqqabılarına da rəhmi gəlir. Amma mən bilirəm ki, ona güzəşt etmək
olmaz. Mənim üçün nəşr hər nömrədə exsperimentdir. Ağlını, huşunu itirənə qədər, oxucunu iyrəndirənə qədər. Amma oxucu hər dəfə heyrətlənməlidir. Və bundan ötrü mən o qədər fokuslar, gözbağlayıcı oyunlar bilirəm ki.

- Jurnalla bağlı konkret planlarınız varmı?

- Bizi söyən, bəyənməyən adamlar var, Yazıçılar Birliyinin əleyhinədirlər. Mən təklif etdim ki, onlardan xəbərsiz yazılarını “Ulduz” jurnalında kvartalda bir dəfə çap edək. Bitsin bu mubaribə. Bu işə bizdə bir az kollegial baxırlar. Onlar bizim ədəbiyyatın bir parçası və bizim qələm yoldaşlarımızdılar. Onlar bunu istəsələr də, istəməsələr də, biz bunu istəsək də, istəməsək də, bu belədir. Gedirik bir verilişə, bir-birmizi qırırıq. Çıxan kimi gedib mehriban çay içirik. Boynumuza düşüb ki, AYB-çi, AYO-çuyuq və verilişdə dalaşmalıyıq. Çayçılardan ayıbdı (gülür - F.).

- AYB-də dəyişikliklərlə bağlı nə düşünürsünüz?

- Mən başqa məsələyə toxunmaq istəyirəm. Bəzən adamlar istəyirlər ki, sədrliyə namizədliklərini versinlər, ancaq düşünürlər ki, onlara lağ edəcəklər. Halbuki nizamnaməyə görə bütün üzvlər öz namizədliyini verə bilərlər. Bu bir məmurluq işidir. Kimsə desə ki, mən Anardan yaxşı yazıçıyam, o, gülməli olardı. Anarın oturduğu vəzifəyə kiminsə namizədliyini verməsi isə, əbəttə ki, normaldır. Bu, nizamnaməyə uyğundur, heç bir qanun pozuntusu yoxdur və ona heç gülmək də lazım deyil. Əfsuslar olsun ki, gülürlər. Əgər, mənə güləcəklərsə, əvvəlcədən özüm-özümə gülüm. Qoy onlara vaxt qalmasın. Mən AYB sədri olsaydım, təbii ki, orda çox dəyişikliklər edərdim.

- “Natəvan” klubunda müxtəlif müəlliflərin tədbirləri keçirilir. Yanından ötüb keçəndə özünüzü necə hiss edirsiniz?

- Keçəndə mən qapını açıram, gülürəm, başımı bulayıram. Xan kimi qızın adına layiq olan yerdə, gərək xan kimi şair, yazıçının tədbiri olsun. Natəvan çox böyük şairədir. Natəvanın dövründə olsaydım, rəiyyət də olsam, onu sevərdim. Gedərdim qapısına, qoy məni vurub öldürsün...

- Bəs AYB-də necə, yaxın vaxtlarda nələrinsə dəyişəcəyinə ümidiniz varmı? Çox güman ki, bu qurumda sizi də narahat edən məqamlar var.

- Orada yaşı altmışı keçmiş adamlar var, onlar getməlidir.

- Qulu müəllim, hamı bu barədə danışır. birdən siz də altmış yaşınız olanda AYB-dən getmək istəmədiniz, onda necə?

- Onda əməliyyata gedəcəm və olacam əlli yaşında (gülür - F). Necə yəni getmək istəməyim, elə şey olar? Mən özümə necə hörmət edərəm ki, mənə gəlib desinlər ki, sən getməlisən. Mənə qalsa, deyərəm qalsınlar, dörd yüz il yaşasınlar. Qoy AYO-çular ölsün, onların uşaqları desin “get”, yenə getməsinlər. Gənc Ədiblər qırılsınlar, amma onlar yenə qalsın. (gülür - F). Düşünürəm ki, onların ədəbiyyat naminə etdikləri nəzərə alınmalıdır, ömürlük Prezident Təqaüdü ilə təmin olunmalıdırlar. Və bu qurultayda struktur dəyişikliyi onların getməsi ilə başlanmalıdır. Onların yerinə isə hər şeir yazanı küçədən tutub gətirmək olmaz. Mənə elə gəlir ki Anar müəllim namizədliyini irəli sürsə, yenə də qalib gələcək. Çünki o, çox güclü fiqurdur.

- Qalib gələcək, yoxsa?..

- Bəli, məhz qalib gələcək. Insanlarda ötən seçkidən bir qorxu qalıb. Rəhmətlik Akif
Səməd namizədliyini irəli sürəndə iki, ya da bir səs yığdı. O adamlar ki, rəhmətliyi dəstəkləyəcəklərinə söz vermişdilər, Anarı görən kimi fikirlərindən daşınmışdılar. Mən rəhmətliyə dedim ki, bunlar səni aldadırlar. Indi hamı qorxur ki, namizədliyimi verərəm, heç kim səs verməz. Düşünürəm ki, Anar seçilsə belə, islahatlar olmalıdır, bir də bu AYB, AYO məsələsinə bir son qoyulmalıdır. Bunun da bir yolu odur ki, onları çap etmək lazımdır. Bir yaxınlaşma olsun.

- Ötən şənbə qonağımız olan Günel Mövlud soruşur: "Gördün üşüyürsən, özünü yandır... Bu, Qulunun şeirindəndir. Qulu bəy, yanmaq həmişə çıxış yoludurmu?"

- Əvvala, Günelə təşəkkür edirəm suala görə. Yanmaq həmişə çıxış yolu deyil təbii ki, amma hələ ki bundan yaxşısını tapmamışam (gülür - F.). Yanmaq demokratiya kimi bir şeydir. Bəşəriyyət demokratiyadan yaxşısını tapa bilmədiyi kimi hələ ki bundan yaxşı çıxış yolu da yoxdur.

- Növbəti qonağımız olacaq Pərviz Cəbrayıla sualınız varmı?

- Niyə cümlələr daha çox açıq hecayla qapanır?

FEYZİYYƏ

Həmçinin oxu

Günel Mövlud: "Qadınlarla rəfiqəlik etmirəm"

Rasim Qaraca: "Böyük yazarlar ciddi mühitdə yetişir"

Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"

Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"
XS
SM
MD
LG