Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:58

Bəxtiyar Hacıyevin apellyasiya məhkəməsi yenə təxirə salındı


Məhkəmə ilə Pentensiar Xidmət arasında yaranan anlaşılmazlıq üzündən Bəxtiyar Hacıyev prosesə gətirilməyib.

Bu barədə AzadlıqRadiosuna hüquqşunas İntiqam Əliyev məlumat verib:

«İşə baxan hakim Bəxtiyar Hacıyevin harada saxlanması haqda məlumatsız olub. Bu, məhkəmə sistemində, xüsusilə siyasi işlərlə bağlı növbəti anormal hadisədədir».

İ.Əliyevin fikrincə, bütün bunlar cəmiyyət və beynəlxalq təşkilatların bu prosesdə iştirakının əngəllənməsinə xidmət edir.

Fevralın 6-da keçirilən məhkəmə prosesi də təxirə salınmışdı. Belə ki, B.Hacıyev məhkəmənin vaxtı haqda yalnız fevralın 4-də xəbər tutmuşdu və vəkil tutmaq üçün vaxtı qalmamışdı.

B.Hacıyev cəzasının üçdə birini çəkdiyi üçün vaxtından əvvəl azad edilməsini istəyir. Keçən il dekabrın 29-da Qaradağ rayon Məhkəməsi B.Hacıyevin müraciətini rədd edib. Hazırda Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilmiş şikayətə baxır.

B.Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları onu «vicdan məhbusu» sayırlar.
XS
SM
MD
LG