Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Avropa Parlamenti və ATƏT PA prezident seçkisinə müşahidəçi göndərəsi olmadı


Avropa Parlamenti
Avropa Parlamenti
-
Avropa Parlamenti (AP) Azərbaycanda prezident seçkisini izləməyə müşahidəçi göndərməyəcək. Parlament komitəsi iyulun 13-də belə bir qərar verib. Xəbəri Avropa Birliyinin maliyyələşdirdiyi Mülki Cəmiyyət Forumu yayıb.

QƏRARIN İZAHI YOXDUR

Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupu (DEG) qərara alıb ki, Azərbaycan bu payız seçkiləri izlənəcək ölkələr siyahısında olmasın. Ancaq elə oktyabrda Gürcüstanda keçiriləcək prezident seçkisinə parlament qrupu göndəriləcək.

Qrupun rəhbərləri – veteran alman deputat, xristian demokrat Elmar Brok və Fransanın Yaşıllar Partiyasından Eva Joly qərarın səbəbi barədə heç nə deməyiblər. Bundan əvvəl - 2005, 2008 və 2010-cu illərdə Azərbaycanın prezident seçkilərini AP izləyib.

Forum saytında yazar Krzysztof Bobinski qeyd edir ki, azərbaycanlı deputatlardan Elxan Süleymanov bu qərarı Azərbaycan üçün «tarixi məqam» adlandırıb və bunu Azərbaycanda seçkinin müşahidəyə ehtiyac olmaması ilə izah edib.

Elxan Süleymanov
Elxan Süleymanov
Azərbaycanda isə hüquq müdafiəçiləri məyus olub, AP-nin qərarını heç olmasa əsaslandırmalı olduğunu vurğulayıblar: «Axı hökumətin iddiasına görə, Azərbaycan indi elə demokratikdir ki, seçkinin xarici müşahidəsinə ehtiyac yoxdur».

HAKİMİYYƏTİ QƏZƏBLƏNDİRMƏMƏK?

«AP-də bir müşahidəçi qeyd edir ki, qərara səbəb hakimiyyəti qəzəbləndirmək qorxusudur. Bakı Avropa Birliyi üçün mühüm boru kəmərlərinə dair qərarlar verir. Aydındır ki, seçki azad və ədalətli olmayacaq. Missiya göndərib, həqiqəti demək hökuməti qəzəbləndirərdi, heç nə deməmək isə missiyanın ümumiyyətlə niyə getməsi barədə sual yaradardı», həmin müşahidəçi belə deyir.

Xatırladaq ki, AP-nin Azərbaycana müşahidə missiyası göndərməyəcəyi barədə xəbəri ilk olaraq Azərbaycan Parlamentinin üzvü, AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov yayıb. AP-dən isə AzadlıqRadiosuna bildirilmişdi ki, ancaq seçkiləri müşahidə olunacaq dörd prioritet ölkənin siyahısı var və siyahı sentyabrda təsdiqlənəcək.

DTİHB GÖZLƏYİR

Arxiv foto
Arxiv foto
Yazıda o da qeyd olunur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) artıq hökumətdən rəsmi dəvət alıb və müşahidə missiyasını toplamağa başlayıb.

DTİHB saytında müşahidəçilər üçün elan yerləşdirilsə də, həmin məlumatda rəsmi dəvət gözlənildiyi deyilir.

DTİHB-dən AzadlıqRadiosuna bildiriblər ki, seçkinin dəqiq tarixi elan olunan kimi rəsmi dəvətnamə alacaqlarını gözləyirlər: «Güman ki, bu, növbəti bir neçə həftə ərzində baş verəcək», mənbə belə deyib.

ATƏT PA DA SEÇKİLƏRİ MÜŞAHİDƏ ETMƏYƏCƏK

ATƏT-in Parlament Assambleyası da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.

Bunu AzadlıqRadiosuna müsahibəsində ATƏT PA-nın komitə sədrinin müavini, Milli Məclisin deputatı Azay Quliyev deyib:

Azay Quliyev
Azay Quliyev
«Artıq bununla bağlı rəsmi qərar qəbul edilib. Mənə bu barədə baş katiblikdən rəsmi məlumat verilib. Yəqin ki, yaxın günlərdə Azərbaycan hökumətinə bu barədə rəsmi məktub da təqdim olunacaq».

Azay Quliyevin dediyinə görə, ATƏT PA-dan müşahidə missiyasının gəlməməsinə səbəb qurumun payız sessiyasının Azərbaycanda keçiriləcək seçkilərlə eyni vaxta, yəni 13-15 oktyabra təsadüf etməsidir:

«Bu barədə rəsmi məlumat açıqlanmasa da Azərbaycanda prezident seçkilərinin 16 oktyabrda keçiriləcəyi gözlənilir, ATƏT PA-nın payız sessiyası eyni vaxtda düşdüyündən qurumun müşahidəçiləri bu seçkiləri müşahidə edə bilməyəcək».

A. Quliyevə görə, müşahidəçilərin gəlməməsi həm də Azərbaycanda keçiriləcək seçkilərlə bağlı narahatlığın olmamasından da irəli gələ bilər:

«ATƏT bir çox hallarda seçki ilə bağlı ciddi narahatlıq olan ölkələrə müşahidəçilərini göndərir. Görünür ki, ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək seçkilərlə bağlı ciddi narahatlıq görmür. Ona görə də Azərbaycana hər hansı qrupun, əlahiddə nümayəndənin göndərilməsi qurumun gündəliyində olmayıb».

Bundan əvvəl Azərbaycan rəsmiləri dəfələrlə seçkilərə beynəlxalq müşahidəçilərin dəvət olunacağını bildiriblər.
XS
SM
MD
LG