Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

Hansı müəllimlərin maaşı artdı


Şənbə günü – yanvarın 17-də medianın diqqət yetirdiyi başlıca mövzulardan biri prezidentin müəllimlərin əmək haqlarının artırılması ilə bağlı sərəncamıdır

Şənbə günü – yanvarın 17-də medianın diqqət yetirdiyi başlıca mövzulardan biri prezidentin müəllimlərin əmək haqlarının artırılması ilə bağlı sərəncamıdır.

HANSI MÜƏLLİMLƏRİN MAAŞI ARTDI

“Azadlıq” bu artımı “Hökumətin növbəti maaş manipulyası” sayır. Və sual edir: “Müəllimlərin maaşı necə artırıldı? Əliyevin sərəncamından neçə nəfər və nə qədər faydalanacaq?
“Dövlət başçısı İlham Əliyev bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Nazirlər Kabineti Prezident Aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Sərəncamın təhlilindən belə aydın olur ki, maaş artımı müəllimlərin cəmi beşdə bir hissəsinə şamil olunacaq. Ölkədə 150 mindən artıq müəllim var. Bu sərəncamın təsiri altına düşən müəllimlərin sayı isə təxminən 30 minə yaxındır.
Bu sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacaq. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil ediləcək.
Onu da qeyd edək ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər əsasən Bakıda çalışanlardır. Bu isə o deməkdir ki, maaş artımından regionlarda çalışan müəllimlər yararlana bilməyəcək.
Bundan başqa, sərəncamda müəllimlərin dərs yükü normasının 1,5 dəfə, vəzifə maaşlarının isə 2 dəfə artırılmasından söhbət gedir. Bu heç də maaşın ümumiyyətlə, iki dəfə artırılması anlamına gəlməməlidir...
Belə görünür ki, hökumət yenə manipulyasiya edir...”

AÇIQ SATIŞDA OLAN UYUŞDURUCULAR

“Bizim Yol” əməkdaşı ARAŞDIRIB: “Bakida açıq satışda uyuşdurucu satılır”.

"Əhmədli qəsəbəsi, Həzi Aslanov metrosunun yanında artıq uzun müddətdir metronun yeni qolunun tikinti işləri aparılır və bu səbəbdən söhbəti gedən Xudu Məmmədov küçəsinin bir hissəsi bağlıdır. Binanın altında kiçik ərzaq, məişət əşyaları mağazalarından başqa xalq arasında "yaşıl aptek" adlanan "Murad" aptek də var. Bu aptekdə açıq-aşkar şübhəli həbləri bilmirəm satırlar, ya da paylayırlar. Adamlar həmin həbləri elə aptekdəcə qəbul edir, sonra səndələyir, düz aptekin çıxışında uzanır, ya da sadəcə çömbəlib otururlar ".
"Bizim Yol" qəzetinin əməkdaşı bir facebook istifadəçisinin yuxarıda yazdıqlarının izi ilə gedərək "Murad" aptekini tapıb: “İçəridə 2 satış bölməsinin önündə uzun bir növbə vardı. Məni təəccübləndirən növbədə duranların demək olar ki, hamısının cavan olması idi. Bu qədər gəncin birdən-birə xəstələnməsi və sadəcə bir aptekə üz tutması digər tibb ocaqlarında onlara lazımlı dərmanın olmadığının "siqnalı" idi.
Aralarında məktəblilər də vardı. Əsasən də oğlanlardı. Oğlan kimi geyinmiş, elə hərəkətləri də oğlanı xatırladan cəmi bir qız gördüm. Növbəyə duranlardan birindən izdihamın səbəbini soruşdum, "dərman alırlar", dedi. Dedim yaxınlıqda başqa apteklər də var, hamısı bura niyə gəlib? Dedi "burada başqa yerlərdə olmayan dərmanlar satırlar".
Növbə mənə çatdı... Bir aptekə sığmış 20-30 adamın qınayıcı baxışları altında satıcıdan ucadan "lirika"nı soruşdum, cavab verdi ki, təzə qurtarıb, nə vaxt olacağını da bilmir, amma gözləyirlər. Onda "tramadol" istədim. Sayını soruşdu. Qiymətinin 20 qəpik olduğunu öyrənib, görməmiş kimi 10 ədəd verməyini xahiş etdim. Dedim görüm nə qədər istəsəm verəcəkmi? Gedib haradansa bir xeyli eşələdi, əlində 10 yaşıla çalan qutu gətirdi. Deməli, istənilən qədər varmış. "Mən hələlik ikisini götürüm", dedim. Reaksiyası sərt oldu, deyinə-deyinə mənə ikisi üçün kağız yazıb kassaya yolladı.
Birinə yanaşdım, soruşdum "onu necə istifadə edirsən", dedi "su ilə qəbul edirəm". Bir başqası "yeməyə qatıram", dedi. Bilmirəm mənimlə zarafat edirdi, yoxsa həqiqətən beləydi. Soruşdum "yaxşı, bunu atanda nə baş verir?", cavab verdi ki, "heç nə, uçursan". Qiymətinin 2 manat 50 qəpik olduğunu söylədi. Yaşı 18-in altında idi, amma əvvəlcə 22 yaşı olduğunu bildirdi. Sonra isə 1997-ci il doğumlu olduğunu etiraf etdi.
Gözümə yaşı az görünənin bir neçəsini söhbətə çəkmək istədim, nədənsə özlərini "böyütmək"də maraqlı idilər. Biri yenə satıcıya yaxınlaşıb, "qulağımda uğultu əmələ gəlib, nədəndir görəsən?", deyə soruşdu”.
Qəzet əməkdaşı polis Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Polis əməkdaşları aptekin önünə gəlsələr də içəri girmyiblər: "Biz aptekə girə bilmərik, bizi tanıyırlar" deyiblər.
Səhiyyə Nazirliyindən adıçəkilən dərmanların qadağan olduğunu və bu məsələnin nəzarətə götürüləcəyini bildiriblər.

TÜRKİYƏ SƏFƏRİNİN İLGİNC PƏRDƏARXASI

İlham Əliyevin Türkiyə səfəri başa çatsa da, yenə də mediada təhlil edilməkdədir. “Yeni Müsavat” “Prezidentin Türkiyə səfərinin ilginc pərdəarxası” başlıqlı məqalədə yazır: “Saxta soyqırım yubileyinə ortaq türk zərbəsi; İlham Əliyevin Türkiyə səfəri ermənilərin uydurma genosid planlarına zərbə ilə yadda qaldı; Ərdoğan Çanakkala zəfərinin 100 illiyi törəninə Sərkisyanı da dəvət eləməklə, “24 aprel iddiası”na qarşı uğurlu 24 aprel gedişi etdi; Moskvadan isə İrəvana xəbərdarlıq mesajı gəldi...”
“Bu arada bəzi təhlilçilər Türkiyənin bədnam yubileylə bağlı təzyiqlərdən yayınmaq üçün aprelin 24-dək İrəvanda diplomatik nümayəndəlik açacağını proqnoz edirdilər. Lakin İlham Əliyevin Türkiyə səfəri zamanı verilən mesajlar, Çanakkala zəfərinin ildönümü törənləri bunu xeyli dərəcədə gündəmdən çıxarır. Qənaət hasil olur ki, Ankara belə bir addımı yalnız Qarabağ məsələsində mühüm irəliləyiş olacağı təqdirdə mümkün görür.
Rusiya mətbuatı isə Azərbaycanın dövlət başçısının Türkiyəyə prezident Putinin səfərindən az sonra yollanmasına diqqət yönəltməklə önəm verir. O Rusiya ki, onun forpost Ermənistanla münasibətlərində yeni bir çat yaranmaqdadır. Belə ki, Gümrüdəki 102 saylı hərbi bazanın əsgərinin 6 nəfərlik erməni ailəsini qətlə yetirdikdən sonra yaranan gərginlik tədricən siyasi-diplomatik müstəviyə adlamaqdadır. Artıq bazanın ölkədən çıxarılması tələbləri gündəmə gəlməkdə, İrəvanda, Gümrüdə Rusiya bayraqları, Putinin şəxsiyyəti açıq şəkildə təhqir olunmaqdadır.
Uydurma soyqırımın 100 illiyinə 3 ay qalmış İrəvanın Moskva ilə münasibətlərində soyuqluğun yaranması, Kremlə yaxın şəxsin dilindən belə bir xəbərdarlıq mesajının səslənməsi əlbəttə ki, məsələdə hücum diplomatiyasına köklənməkdə olan Bakı və Ankaranın strateji maraqlarına bütünlüklə cavab verir”.

AZƏRBAYCA QLOBAL BÖHRANDAN SIĞORTALANIB

“Azərbaycan” yazır: “Azərbaycan 2015-ci ilə qlobal böhrandan sığortalanmaqla qədəm qoyub”
“Mühüm nailiyyətlərdən biri vətəndaşların böhranın təsirini hiss etməməsidir.
Konkret araşdırmalar göstərir ki, Azərbaycan dövləti dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranacaq itkilərini örtmək üçün kifayət qədər valyuta ehtiyatlarına və inkişaf imkanlarına malikdir. Ən əsası isə odur ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycan dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər Azərbaycanda öz bəhrəsini verir. Belə ki, beynəlxalq gərginlik fonunda Azərbaycanda inflyasiyanın səviyyəsinin 1,4 faiz təşkil etməsi, manatın məzənnəsinin sabit qalması insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, alıcılıq qabiliyyəti artır”.

OLİMPİYA STADİONU FEVRALDA TƏHVİL VERİLƏCƏK

Bakı Olimpiya Stadionu İlk Avropa Oyunlarına hazırlaşır, işlərin artıq 95 faizi tamamlanıb”.Xəbəri AzərTAc xəbər verir.

“İşlərin artıq 95 faizinin tamamlandığını deyən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin əməkdaşı Gülnaz Quliyeva hazırda stadionun içərisində təmizlik, ətrafında isə abadlıq işlərinin davam etdiyini bildirdi. Həmsöhbətim vurğuladı ki, bütün tikinti işləri müvafiq cədvəl üzrə gedir və stadionun fevral ayının sonunadək təhvil verilməsi gözlənilir. Söhbət zamanı yaxın günlərdə Avropa Oyunlarının açılışında iştirak edəcək 6 min könüllünün treninqlərə cəlb olunacağı bəlli oldu.

Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşaçı tutumlu stadionun interyerində də son tamamlama işləri aparılır. Beynəlxalq standartlara tam cavab verən güclü və müasir işıqlandırma sistemi, həmçinin stadionun qapıları üzərində quraşdırılmış böyük tablolar hazır vəziyyətə gətirilib. Müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastrukturla bağlı tədbirlər də görülür”.

XS
SM
MD
LG