Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:19

“Washington Post” Xədicənin həbsxanadan yazdığı növbəti məktubu dərc edib


Xədicə İsmayıl AzadlıqRadiosunun "İşdən sonra" proqramını aparır, 2014
Xədicə İsmayıl AzadlıqRadiosunun "İşdən sonra" proqramını aparır, 2014

-

"Mənim həbsxanada olmağımın səbəbi – korrupsiyadır. Amma mənim yox, rejimin korrupsiyası."

"Bu elə bir ölkədir ki, pul və hakimiyyət istənilən cinayəti ört-basdır edə bilər, həqiqət və yalanınsa yeri dəyişib".

“Washington Post” qəzeti AzadlıqRadiosunun araşdırmaçı yazarı Xədicə İsmayılın həbsxanadan yazdığı növbəti məktubu dərc edib.

Qəzet yazır ki, X.İsmayıl Azərbaycan prezidenti İlham Əliyev və onun ailəsinin maliyyə mənbələri ilə bağlı davamlı araşdırmaların müəllifidir.

“Bir çoxları inanır ki, X.İsmayılın həbsi araşdırmalarına görə rejimin ondan aldığı qisasdır” – deyə qəzet vurğulayır.

Əvvəlcə həmkarını intihar həddinə çatdırma ittihamı ilə tutulan X.İsmayıla qarşı bu günlərdə yeni ittihamlar da irəli sürüldüyünü qeyd edir “Washington Post”.

X.İsmayılın aşağıdakı məktubunun yazılma tarixi kimi 6 fevral göstərilir:

“Xeyli vaxt keçib aradan, bu sükuta görə məni bağışlayın.

Sonuncu məktubum bu həbsxana barmaqlıqları arasından çıxıb çap edildiyi üçün təkadamlıq kameraya salınmışdım.

Mənim kameramda axtarış aparılmış, bütün qeydlərim, o cümlədən evdən gətirilməsini istəyəcəyim əşyaların siyahısı müsadirə edilmişdi.

Hələ ki geri qaytarmayıblar. Güman edirəm ki, penitensiar xidmətdə mənim xeyli oxucum var.Mənim yazdıqlarımı növbə ilə oxuyurlar. Yəqin məndən aldıqlarını oxumaları buna görə belə uzun çəkir.

Ailəmlə görüşməyimə də icazə verilmir. Penitensiar sistemdə qoyulan qaydalar mənə həftədə iki dəfə telefondan istifadə haqqı tanıyır. Bundan da mən anamla danışmaq üçün istifadə edirəm. Amma qanuna zidd olaraq, anam və vəkilimin davamlı olaraq gəlib mənimlə görüşmələrinə icazə verilmir.

Çox az məlumata əlim yetir. Yaxşı ki kitablar dadıma çatır. İndi Sahar Delijani-nin “Cakaranda ağacının uşaqları” romanını tərcümə edirəm. Bu roman İranda həbs edilən 3 qadının bir-birilə bağlı hekayətlərində çulğaşmış tarix və xatirələr haqdadır. Eləcə də həmin qadınların dəstəklədiyi və onlara dəstək verən insanlar haqda.

Bəlkə də mən 5 kamera yoldaşımın hekayətləri, onların həbsinin bu ölkə, onun gələcəyi haqda nələri deməsi barədə də yazdım.

Sahar Delijani . Onun "Cakaranda ağacının uşaqları" adlı debüt romanı 75 ölkədə çap edilib. Fars, ingilis, italyan, fransız, ispan, Azərbaycan dillərində danışır. Tehranın Evin həbsxanasında doğulub...
Sahar Delijani . Onun "Cakaranda ağacının uşaqları" adlı debüt romanı 75 ölkədə çap edilib. Fars, ingilis, italyan, fransız, ispan, Azərbaycan dillərində danışır. Tehranın Evin həbsxanasında doğulub...

​Biz bir ailə kimiyik. Qurduğumuz bu kiçicik ekosistem bizə güc verir, ruhdan düşməyə qoymur. Kamera yoldaşlarım da mənim auditoriyamdır. Hər bir jurnalist üçün ən qiymətli şey onun öz auditoriyasının olmasıdır. Hətta hökumətin susdurmağa çalışdığı, təhqir etdiyi jurnalist üçün də. Mən daha efirdə deyiləm, amma bu divarlar arasında azərilərin mübarizə çabalarına indi daha çox - birbaşa və şəxsən bağlıyam.

Hansı cinayətdə suçlanmasından asılı olmayaraq həbsxanadakıların hər biri bu sualı verir: “Mən niyə burdayam?”

Mənim həbsxanada olmağımın səbəbi – korrupsiyadır. Amma mənim yox, rejimin korrupsiyası.

Repressiv rejimlərin haqsızlığını sübut etməyin yeganə yolu onların bulaşdığı korrupsiyanı faş etməkdir. Mən 2015-ci ildə oxucularıma daha çox araşdırma söz vermişdim.

Bəli, belə şeylərə görə səninlə haqq-hesab çəkiləcəyinə hazır olmalısan. Amma buna dəyər. Mənim həbsim bir daha göstərir ki, biz ölkəmizdə həqiqəti deməyin cəsarət tələb etmədiyi bir gerçəklik yaratmalıyıq.

Bəs gerçək cinayətlər? Oğurluq, qanuna sayğısızlıq… İnsanları bu cinayətlərə vadar edən nədir?

O ölkədə ki, cəzasız qalan cinayətlər rekord həddədir və hökumətin bütün qatlarında kök salıb, həmin ölkədə insanları cinayət törətməyə sövq edən sadə bir məntiq var: “Əgər bu, yaxşı şeydisə, niyə mən də etməyim. Əgər pis şeydisə, bəs onda onlar niyə edir?”

Sonra da özləri üçün nəticə çıxarırlar: “Əgər onlar eləyə bilirsə, mən də edəcəm”.

Bu mentaliteti yayan rejim - mənəvi cəhətdən iflasa uğramış rejim mənim ölkəmin ədliyyə sistemini korrupsiyalaşmış maşına çevirib.

Amma məsələnin kökü bundan da dərindədir. Bu, hakimiyyət və acgözlük məsələsidir. Və ölkənin prezidentindən başlayıb korrupsiya və cəzasızlığın ən dramatik nümunələrini nümayiş etdirən ən xırda məmurlaracan gedib çıxır.

Bu elə bir ölkədir ki, pul və hakimiyyət istənilən cinayəti ört-basdır edə bilər, həqiqət və yalanınsa yeri dəyişib.

Nəticədə Azərbaycanda barmaqlıq arxasında 100-cən siyasi məhbus var.

Bu məsələnin əhəmiyyəti haqda düşün:

Çox balaca, amma strateji cəhətdən vacib olan, Rusiya və İran arasında yerləşən, vəziyyətin kövrək olduğu bir ölkədə ən yaxşı, ən parlaq, ən fəal, ictimai maraqları ən çox düşünən, beynəlxalq əlaqələrə malik 100 vətəndaş vicdan və ədalət axtardıqları üçün ictimai həyatdan çıxdaş edilib.

Biz həmçinin daim özümüzə sual edirik: biz hara gedirik və bunun axırı necə olacaq? Mənim olduğum Kürdəxanı təcridxanasında bunun cavabı adətən belə olur: 3 ildən 5 iləcən, yaxud 5 ildən 12 iləcən həbs.

Amma mənim cavabım budur ki, bunun axırı yoxdur. Şərlə xeyir arasında mübarizə davam edir və ən vacibi odur ki bu savaş bitməməlidir.

Əgər biz beynimizə zorla yeridilən düşüncə tərzindən imtina etsək və ləyaqətin satılmadığına inanmaqda davam etsək, qalib olacağıq, bizi həbsə salanlar – həm burdakılar, həm də həbsxanadan kənardakılar – məğlub olacaqlar.

O adamlar ki, pozulan mizan-tərəzini düzəltməyə çalışır, yaxud düz iş gördüyünə görə hədələnir, onlar üçün həbsxana qorxulu deyil. Biz nədən ötrü savaşmalı olduğumuzu aydın görürük.

Həyat çox mürəkkəbdir. Amma bəzən bəxtimiz gətirir və aydın seçimlə üz-üzə qalırıq. Həqiqət və yalan arasında seçim. Həqiqəti seç və bizə kömək et.

XS
SM
MD
LG