Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:27

Donald Trump-ın azərbaycanlı ortağı


“Mother Jones” məcmuəsindən görüntü
“Mother Jones” məcmuəsindən görüntü

Təhqiqat jurnalistikası ilə tanınan “Mother Jones” məcmuəsi yazır ki, bütün dünya boyunca lüks otellər tikən Amerika maqnatı, 2016-cı ilin prezident seçkisinə namizədliyini irəli sürmüş Donald Trump-ın adını daşıyan mehmanxanalar Nyu Yorkda, Vaykikidə və Rioda da var.

Jurnalist Russ Choma yazır: “Lakin onlardan biri əlahiddədir. Bakıdakı “Trump Hotel” və məhz bu biznesin arxasında qeyri-adi və ziddiyyətli partnyor durur. Bu oteldə Trump-ın biznes partnyoru atası “Azərbaycanın nəqliyyat naziri kimi xidmət göstərən” 34 yaşlı milyarder, “playboy” Anar Məmmədovdur”.

Məqalədə deyilir ki, mediada yayılmış məlumatlara görə, “dünyanın ən korrupsiyalı ölkələrindən biri olan Azərbaycanda Məmmədovun sərvəti atasının siyasi əlaqələrindən qaynaqlanıb”.

Bu da qeyd edilir ki, Anar Məmmədov həm də Vaşinqtonda bir sıra qüdrətli siyasətçilərin dəstəyi ilə Azərbaycanın Qərbdəki kleptokratik imicinə bəraət qazandırmağa yönəlmiş kampaniyaya rəhbərlik edir.

Donald Trump 2016-cı ilin prezident seçkisində iştirak edəcəyinə dair elanı nümayiş etdirir. Nyu York 16 iyun 2015
Donald Trump 2016-cı ilin prezident seçkisində iştirak edəcəyinə dair elanı nümayiş etdirir. Nyu York 16 iyun 2015

Trump-a Bakıda 2,5 milyon dollar ödənib

“Mother Jones” yazır ki, neft və qaz gəlirləri ilə “ifrat dəbdəbə və al-əlvan memarlıq şəhərinə” çevrilmiş Bakıda 33 mərtəbəli “Trump” qülləsi ötən ay açılmalı idi, lakin otel sözçüsünün dediyinə görə ilin sonunadək istismara veriləcək.

Məqalədə bildirilir ki, cənab Trump-ın adını daşıyan bir çox binalar kimi Bakıdakı otel də onun mülkiyyəti deyil. Göydələnin əsas sahibi “Garant” adlı şirkətdir ki, bu da Məmmədovun nəzarətindədir.

“Lakin Trump bu layihəyə öz adını və ekspertliyini verməklə sərfəli menecment haqqı alıb” - yazır Russ Choma.

Jurnalist qeyd edir ki, Trump prezidentliyə namizədliyi ilə əlaqədar bu yaxınlarda açıqladığı maliyyə bəyannaməsində Bakıdakı işinə görə ötən il azı 2, 5 milyon dollar qazandığını bildirib.

Trump-ın sözçüsü onun Məmmədovla biznes münasibətlərinin mahiyyəti barədə suallara cavab verməyib.

Milyard dollarlıq “ata malı”

“Mother Jones” məcmuəsindəki məqalədə bu da deyilir ki, “sərvəti 1 milyard dollar civarında təxmin edilən Anar Məmmədovun atası Ziya Məmmədov prezident İlham Əliyevə yaxın ən qüdrətli klanlardan birinin başçısı, nüfuzlu hökumət rəsmisidir”.

Hökumətə gəlincə isə, müəllif yada salır ki, “yaxşı idarəçilik və insan haqları qrupları Azərbaycanı dünyanın ən repressiv və ən korrupsiyalı ölkələrindən biri hesab edirlər”.

Bu da xatırladılır ki, Foreign Policy məcmuəsində dərc olunmuş “Xəzər Karleoneləri” məqaləsində Anar Məmmədovun “Garant” şirkətinə külli miqdarda gəlir gətirən kontraktların əslində onun öz atasının nazirliyi ilə imzalandığı barədə məlumat verilib.Məqalədə deyilir ki, Məmmədovun başqa şirkətlərinə avtomobil yollarının tikintisi üçün 1 milyard dollar vəsait çatıb.

Elə həmin Foreign Policy məcmuəsinin yazdığına görə, Trump-la işləyən şirkətə həmçinin Anarın əmisinə məxsus Bakı avtovağzalının tikintisi həvalə edilib.

Nazir balalarının fenomeni

Məqalədə həm də Anar Məmmədovun ABŞ-dakı lobbiçilik fəaliyyətindən də bəhs edilir.

Müəllif yazır ki, Azərbaycan hökumətinin xaricdəki imicinin yaxşılaşdırlması ilə bir qayda olaraq Azərbaycan elitasının balaları məşğul olurlar.

Qafqaz üzrə tanınmış ekspert Tom de Waal bunu hətta “oliqarx övladlarının fenomeni” adlandırmışdı.

Məqalədə vurğulanır ki, Amerika-Azərbaycan Alyansının rəhbəri olan Anar Məmmədovun fəaliyyətindən başlıca məqsəd öz klanının rejim üçün mühümlüyünü göstərməkdir.

Ötən il alyansın Konqres və Dövlət Departamentinin lobbilənməsi üçün 2, 8 milyon dollar xərclədiyi bildirilir. Bu il isə təşkilat ABŞ millət vəkillərinin və rəsmilərinin ələ alınması üçün 500 min dollar xərcləyib.

“Trump kimi Məmmədov da maraqlı fiqurdur, - yazır Choma, - O Londonda təhsil alıb, öz ölkəsinin qolf federasiyasının rəhbəridir və öz internet saytında “liderlik, qərarların qəbul edilməsi, strategiya, beynəlxalq məsələlər, siyasət, kommunikasiya, insan haqları, təbiətin qorunması, fondtoplama, ictimai əlaqələr, sponsor fəaliyyəti və ictimai natiqlik sahələrində” bacarığa malik olduğunu vurğulayır.

Anar Məmmədov
Anar Məmmədov

Jurnalistlərə hücumu kim təşkil edib?

Məcmuə yazır ki, Anar Məmmədovun şəxsi həyatı barədə Azərbaycanın yerli mətbuatı bir xeyli yazıb. Bu da qeyd olunur ki, onun barəsində yazan bəzi qəzetlər bunun altını çəkiblər.

Anar Məmmədov bu yaxınlarda Azərbaycanın iki müxalifət qəzetini böhtana görə məhkəməyə verib və məhkəməni udub. Nəticədə, Sərhədiz Müxbirlər təşkilatının təbirincə deyilsə, bu qəzetlər maliyyə baxımından müflis olublar.

Beynəlxalq təşkilatlar Məmmədovun qəzetlərə qarşı iddialarını azad mətbuatın qısnanması və təqibi kampaniyasının bir hissəsi kimi qiymətləndiriblər.

Bu da qeyd olunur ki, məhkəmədən kənarda da müəmmalı hadisəlıər baş verir. 2010-cu ildə “Yeni Müsavat” və “Milli Yol” qəzetlərinin müxbirləri Məmmədovlar klanına məxsus olduğu iddia edilən dəbdəbəli villaların şəklini çəkmək istəyərkən hücuma məruz qalıblar.

Naməlum şəxslər jurnalistləri üç saat müddətində dustaq edib dindiriblər və axırda xəbərdarlıq ediblər ki, onlar hələ 6 ay müddətində müşahidə altında olacaqlar.

“Mother Jones” bildirir ki, Anar Məmmədov müsahibə barədə ricanı və Azərbaycan-Amerika Alyansı isə ona göndərilən sualları cavabsız qoyub.

XS
SM
MD
LG