Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

İlqar Məmmədovun həbsindən 3 il ötür


İlqar Məmmədov
İlqar Məmmədov

-

«3 il öncə Azərbaycanın tanınmış siyasi təhlilçilərindən və azsaylı alternativ siyasi səslərindən olan İlqar Məmmədov həbs edildi. Onun həbsi Azərbaycanda tənqidçilərə qarşı amansız kampaniyada növbəti mərhələ idi». Bunu «Human Rights Watch» insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazır.

ƏN QANUNPƏRƏST

«İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllı etirazlarından sonra həbs olunub. Zorakılığın qızışdırılmasında ittiham edilib və müvafiq prosedurların, ədalətli mühakimənin pozulduğu siyasi motivli məhkəmə ona 7 illik həbs cəzası kəsib. İlqarı 10 ildən çoxdur tanıyıram, indiyədək rastlaşdığım ən qanunpərəst, qeyri-zorakı insanlardan biridir. Həbsindən az öncə bildirmişdi ki, 2013-cü ilin prezident seçkisində rəhbəri olduğu ReAL Hərəkatından namizədliyini verəcək və prezident İlham Əliyevə alternativ yaradacaq», - Gogia yazır.

2014-cü ilin mayında Avropa İnsan Haqları Məhkəməsi Məmmədovun buraxılması barədə qərar çıxarıb, onun məhz hökuməti tənqid etdiyi üçün susdurulduğunu, cəzalandırıldığını bildirib. Avropa Şurasının Nazirlər Komitəsi də bir neçə dəfə Məmmədovun buraxılmasına çağırıb. Ancaq İlqar hələ də həbsdədir.

3 İL – YAMAN ÇOX ÇƏKDİ

Müəllif Azərbaycanda onlarla hökumət tənqidçisinin, insan haqları fəalının, jurnalistlərin həbsdə yatdığını qeyd edir. Avropa Məhkəməsinin qərarının icra olunmaması Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ı bu ölkənin Avropa İnsan Haqları Konvensiyasını necə icra etdiyini araşdırmağa sövq edib.

«Avropa Şurası Azərbaycanın digər tərəfdaşları ilə birlikdə bu ölkənin ədaləti məsxərəyə qoymasına dərhal son verməsini təmin etməlidir. 3 il, ədaləti gözləmək baxımından, çox böyük zaman kəsimidir».

Hakimiyyət təmsilçiləri ölkədə insan hüquq və azadlıqlarının pozulmasına dair tənqidləri qəbul etmir, Avropa qurumlarını selektiv yanaşmada ittiham edirlər. İlqar Məmmədovun buraxılmasına isə yalnız ölkə qanunvericiliyi çərçivəsində qərar verilə biləcəyini bəyan edirlər.

XS
SM
MD
LG