Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:51

“Milli Bankın anbara yığdığı manatın heç bir dəyəri yoxdur”


►İqtisadiyyat pulsuzlaşır

İqtisadiyyatın manatsızlaşması yanvarda da ara verməyib. Mərkəzi Bankın (MB) məlumatına görə, ötən ay iqtisadiyyatın pul bazası 16% (1 milyard 114.4 milyon manat) azalaraq 5 milyard 787.4 milyon manat olub.

Pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir - 11.7 milyard manat. İndiki səviyyə isə həmin həddən təxminən 2 dəfə azdır. Ekspertlər hesab edir ki, pul bazasının azalması MB-nin manat siyasətindən qaynaqlanır. Bəs, pul bazasının azalması iqtisadiyyata nə vəd edir?

“Əks proses baş verir”

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, böyük valyuta gəlirləri olan dövrlə müqayisədə indi əks proseslər gedir:

“Təkcə dövlət büdcəsinin və Neft Fondu büdcəsinin icrası məqsədilə hər il 13-14 milyard dollar manata çevrilirdi. MB dolları ehtiyat saxlayıb, uyğun həcmdə manat kütləsini büdcənin icrasına yönəldirdi. İndi əks proses baş verir - öz ehtiyatlarını dövriyyədəki manat kütləsinə dəyişir, bazardan dollar müqabilində aldığı manatı isə anbarına yığır”.

Ekspertin sözlərinə görə, yığılan manat kütləsini banklar vasitəsilə yenidən iqtisadiyyata qaytarmaq mümkündür:

“Amma iqtisadiyyat manat kütləsini istehlaka deyil, yeni dəyərin yaradılmasına, istehsala yönəltmək potensialında olmalıdır”.

Bunlara da bax:

“Bunun aşkar sübutu...”

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayevin fikrincə, MB-də bilirlər ki, iqtisadiyyatın indiki strukturu pulun yeni dəyər yaratmasına imkan vermir:

“Bunun aşkar sübutu "pul multiplikatoru" deyilən göstəricidir. Bu göstəricinin mahiyyəti dövriyyəyə buraxılan hər milli valyuta vahidinin banklar vasitəsilə əlavə neçə vahid pul yarada bilməsidir. Məsələn, hazırda MB-nin emissiya elədiyi hər manat ən yaxşı halda 30 qəpik əlavə pul yaradır. Yüksək inkişaf etmiş ölkələrdə 1 dollar ən azı 6-7 dollar, bəzi keçid ölkələrində isə, ən azı, 3-4 dollar yaradır”.

“Bir ayda iqtisadiyyatın pul bazası 16 % məhdudlaşırsa...”

Ekspert deyir ki, dollar alışını azaltmağı hədəf götürən MB iqtisadiyyatı pulsuzlaşdırır:

“Valyuta bazarında dollar almağa nə qədər az manat varsa, ölkənin valyuta ehtiyatlarının tükənmə tempi də o qədər aşağı düşür. Amma əgər bir ayda iqtisadiyyatın pul bazası 16 % məhdudlaşırsa, bu iqtisadi fəallığın tam aradan qalxdığını sübut edir”. (Ardı aşağıda)

Karikatura
Karikatura

Digər ekspertin - Rəşad Həsənovun fikrincə, MB və hökumət ötən bir il boyunca bilərəkdən pul kütləsinin azaldılması siyasətini aparıb:

“Məqsəd çox sadədir: xarici valyuta tələbini aşağı salmaqla milli valyutanın devalvasiya potensialını azaltmaq və ehtiyatların əriməsini geçikdirməyə çalışmaq”.

Rəşad Həsənov vurğulayır ki, pul bazasının daralması iqtisadi fəallığı aşağı salacaq:

“Bu da ümumilikdə böhranı dərinləşdirən faktor sayılır. Təsəvvür edin ki, 2014-cü illə müqayisədə hər 2 manatdan 1-i dövriyyədən kənarlaşıb. Düşünürəm ki, MB və hökumət, əslində, təşviqedici pul siyasəti izləməli, fəallığa, təşəbbüskarlığa yol açmaq üçün manata əlçatanlığı artırmalıdır”.

Rəşad Həsənovun fikrincə, MB-nin anbara yığdığı manatın heç bir dəyəri yoxdur:

“Bu vəsaitlərin müəyyən bir qismi kommersiya bankları vasitəsi ilə real sektora verilməlidir. Biznesin böhran yükünü zəiflətməli, manatla kredit əlçatanlığını artırmalıdır. Əks halda böhran daha da dərinləşəcək”. (Son)

Bunlara da bax:
XS
SM
MD
LG