Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:35

Azərbaycan son döyüşlərdə 31 hərbçi itirib


Arxiv fotosu
Arxiv fotosu

-

«Aprelin 2-dən 5-nə kimi cəbhədəki döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri 31 hərbçi itirib».

Müdafiə Nazirliyi mətbuat xidmətini rəhbəri Vaqif Dərgahlı bunu AzadlıqRadiosuna bildirib.

Azərbaycanın Müdafiə Nazirliyinin binası
Azərbaycanın Müdafiə Nazirliyinin binası

Vaqif Dərgahlı onu da qeyd edib ki, bu, hazırda əldə olan rəqəmdir. Ancaq o, yaralıların dəqiq sayına aydınlıq gətirməyib. Azərbaycan tərəfi, həmçinin döyüşlərdə bir helikopter və tank itirdiyini deyir.

Müdafiə Nazirliyinin sözçüsü atəşkəsin pozulması nəticəsində həlak olan mülki insanların sayı ilə bağlı isə danışmayıb. V.Dərgahlı deyib: «Bu məsələ Daxili İşlər Nazirliyinin səlahiyyəti daxilindədir».

Hələlik Daxili İşlər Nazirliyindən mülki sakinlər arasında itkilərlə bağlı hər hansı rəsmi məlumat yoxdur. Amma yerli mediada yayılan qeyri-rəsmi xəbərlərə görə son bir neçə gündə atəşkəsin pozulmasına görə Azərbaycanın təmas xəttinə yaxın bölgələrində yerləşən əhali arasında 4 nəfər həlak olub, 18 nəfər yaralanıb, bəzi mülki obyektlər, yaşayış evləri və məktəblər dağılıb.

Aprelin 1-dən 2-nə keçən gecədən etibarən cəbhədə atəşkəs ardıcıl şəkildə pozulmuşdu. Ermənistan 29 hərbçisinin həlak olduğunu açıqlayıb. Ermənistan tərəfi, həmçinin 101 nəfərin yaralandığını, 28 nəfərin isə itkin düşdüyünü bildirib.

Aprelin 5-i saat 12:00-dan etibarən tərəflər arasında atəşkəs razılığı əldə edilib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinlin sözlərinə görə ümumilikdə 1994-cü ildə atəşkəs razılaşması imzalandığı gündən bu yana, son hadisələr də daxil olmaqla Azərbaycan təmas xəttində azı 754 əsgərini itirib. 820-dən çox əsgər də yaralanıb:

Cəsur Sümərinli
Cəsur Sümərinli

"Bizim kütləvi informasiya vasitələri üzərində apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə etdiyimiz müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir. Ayrıca olaraq 22 il ərzində 125-dən artıq Azərbaycan hərbçisi mina partlayışından vəfat edib. 210-dan artıq hərbi qulluqçu isə mina partlayışından yaralanıblar.

Bundan başqa, sözgedən müddətdə Azərbaycanın 60-dan artıq mülki vətəndaşı yaralanıb, həmin dövrdə həlak olan mülki vətəndaşların sayı isə 25-dən yuxarıdır. Mina partlayışından dünyasını dəyişən mülkilərin sayı 35 nəfər, yaralananların sayı isə 52 nəfərdir.

Qeyd edilən dövrdə Azərbaycanın 10 mülki vətəndaşı girov götürülüb, sonradan qaytarılıb.

Sözgüdən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar."

Azərbaycanın Müdafiə Nazirliyindən hələlik ümumilikdə atəşkəs dövründə itkilərlə bağlı vətəndaş cəmiyyəti qurumlarından səslənən bu məlumatları şərh etməyiblər.

XS
SM
MD
LG