Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:34

Azər Qasımlı: 'Sakitcə referendum keçirmək istəyirlər'


Azər Qasımlı
Azər Qasımlı

REAL-çı gənclər Toğrul İsmayılovla Elşən Qasımov referendumla bağlı çap materiallarına görə saxlanılıblar. Bu haqda qurumun İdarə Heyətinin üzvü Azər Qasımlı AzadıqRadiosuna deyib:

– Biz referendum və İlqar Məmmədovla (REAL hərəkatının həbsdə olan lideri) bağlı mətbəəyə çap materialları sifariş vermişdik. Uşaqlar da mətbəədən onu götürməyə getmişdilər. Mülki geyimli polis əməkdaşları onları saxlayıb. Həmin uşaqlardan birinə 7 sutka verdilər, adını da qoydular ki, polisə tabe olmayıblar.

– Təxminən bir ay öncə “Qanun” nəşriyyatında axtarış aparılarkən də İlqar Məmmədovla bağlı flayerlərin də müsadirə edildiyi deyilirdi.

– Bəli, bu, artıq ikinci hadisədir. Birinci dəfə 115 min flayer götürülmüşdü, nəşriyyatda guya bomba axtaranda. İndi 100 min götürülüb. Bu dəfəki flayerlərdə həm İlqar Məmmədov vardı, həm də referendumla bağlı mövqeyimiz.

– Niyə müsadirə edilməsi haqda izahat verilirmi?

– İzahat yoxdur. Elə birinci flayerlə bağlı bugünlərdə məhkəmə oldu, dedilər ki, “istintaq sirrinə görə qaytara bilmirik”.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -


– Son bir neçə gündə REAL-dan üç nəfər saxlanılıb. Avqustun 13-də qurumun icraçı katibi Natiq Cəfərli, indi də iki gənc. Sizcə, səbəb nədir?

– REAL-çıların saxlanılmasının səbəbi çoxdur.

Birincisi odur ki, REAL yeni siyasi qüvvədir, yeni nəslin siyasi təşkilatıdır. Hakimiyyət bu təşkilatı daha çox adamın tanımasından narahatdır. Həmin çap materialları, flayerlər vasitəsilə bizim ideyalarımız, İdarə Heyətinin üzvləri, liderimiz haqqında daha çox məlumat alacaqlar.

Bizdən əvvəlki siyasi qüvvələri cəmiyyət artıq tanıyır və onlara münasibət aydındır. Amma bu, yeni qüvvə olduğundan cəmiyyətdə rəğbət qazana bilər və görünür, çəkinirlər.

İkincisi, İlqar Məmmədova rəğbət, inam getdikcə artır.

Üçüncü səbəb referendumdur. Biz referendumla bağlı Respublikaçı Alternativ Təşəbbüs Qrupu yaratmışıq. TQ aktiv fəaliyyət göstərir. Artıq MSK bizi qeydiyyata alıb. Həbs edilən uşaqlar da bizim nümayəndələrdir, Təşəbbüs Qrupunun 200 nəfərdən ibarət nümayəndələr siyahısına daxildirlər. Toğrul İsmayıl bizim 10 səlahiyyətli nümayəndəmizdən biridir. Referendum qabağı bizim aktiv fəaliyyəti görüb qarşısını almaq istəyirlər.

Hər halda, gördüyümüz, anladığımız budur. Sakitcə bir referendum keçirmək istəyirlər.

– Həbslərin davamı gələcəkmi, sizcə?

– Bu, bizdən asılı olacaq. Təkcə REAL-dan yox, başqa ictimai-siyasi təşkilatlara da aiddir, cəmiyyətə də. Nə qədər müqavimət olacaqsa, hakimiyyət də bir o qədər prosesi saxlamaq, həbslər aparmaqla cavab verməyə calışacaq. Onların metodu budur: qorxu, həbs, repressiyalar. Hər şey müqavimətimizdən asılı olacaq. Müqavimət artdıqca hakimiyyət də bu şəkildə cavab verəcək yəqinb. Amma müqavimət artdıqca hakimiyyət geri də çəkilə bilər. Ölkədə siyasi, sosial, iqtisadi vəziyyət dəyişir çünki.

Avqustun 12-də də REAL-in icra katibi Natiq Cəfərli məhkəmənin qərarı ilə 4 ay azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

REAL lideri İlqar Məmmədov isə 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb, onun bir sıra hüquqlarının pozulduğunu bildirib. Avropa Şurası Nazirlər Komitəsi də dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG