Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:12

Qiyas İbrahimov ona verilən işgəncələri danışır (Video)


Qiyas İbrahimov
Qiyas İbrahimov

Sentyabrın 27-də keçirilən məhkəmə iclasında NİDA gənclər təşkilatının həbsdə olan üzvlərindən Qiyas İbrahimov həbs edilərkən ona verilən işgəncələrdən danışıb.

“Mən özümü qətiyyən təqsirli bilmirəm. Həbsimin yeganə səbəbi keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə siyasi şüar yazmağımdır. Tutulan andan da polis idarəsində məndən yalnız heykəli niyə yazdığımı soruşublar. Buna görə məni təhqir ediblər, döyüblər, törətmədiyim cinayəti boynuma qoyublar”.

Narkotik satışında suçlanan gənc fəal Qiyas İbrahimov sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.

Məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan edib. Məlum olub ki, Qiyas İbrahimov Əkrəm adlı İran vətəndaşından satış məqsədilə 1 kiloqramdan çox heroin alıb saxlamaqda suçlanır. İttihama görə, heroinin böyük hissəsi Qiyasın yaşadığı evdən, bir qismi də saxlanarkən cibindən tapılıb.

“İdarədə məni “dubinkaynan” zorlamaqla hədələyirdilər”

İttihamın elanından sonra ifadə verən gənc fəal narkotiki cibinə də, evlərinə də polislərin atdığını deyib: "Slavyan Universitetindən imtahandan çıxıb 20-30 metr uzaqlaşmışdım ki, arxadan başıma vurub yıxdılar, məni bir maşına basdılar. Maşında ilk sual da bu oldu ki, "heykəli niyə yazmısız?".

Bakı Şəhər Baş Polis İdarəsində təhqirlərə məruz qaldığını, döyüldüyünü bildirən Qiyas İbrahimovun sözlərinə görə, onu ailəsilə hədələyəndən sonra narkotikin ona məxsusluğu barədə ifadəni imzalamağa məcbur qalıb: “Cibimdən narkotiki çıxaranda özlərinə də dedim ki, mən heç siqaret çəkmirəm. “Tapan” şəxs də, əslində, niyə həbs olunduğuma işarə vurdu. Dedi ki, “yadındadır, dostun vardı, İlqar, o da siqaret çəkmirdi, gedər-gəlməzə göndərdik”. Başa düşdüm ki, REAL Hərəkatının sədri İlqar Məmmədovu nəzərdə tutur. Mənə açıq şəkildə dedilər ki, “heykəli yazmaqla özünü çox pis ilişdirmisən, özün gedirsən, əgər evdəkilərə də bir şey olmasını istəmirsənsə, deyiləni yaz”. Anlayırdım ki, bunlar günün günorta çağı adam oğurluğu ilə məşğul olurlarsa, deməli, istənilən cinayəti törədə bilərlər”. Məni, hətta “dubinkaynan” zorlamaqla da hədələyirdilər”.

Gündüz Ağayevin karikaturası
Gündüz Ağayevin karikaturası

“Təklif elədilər ki, get, heykələ baş əy, AzTV çəksin, çıx get evə...”

Gənc fəalın sözlərinə görə, işgəncələr altında tələb olunan ifadəni yazıb imzalayandan sonra onu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun

otağına aparıblar: “Əllərim qandallı idi. Mirqafar Seyidov dedi ki, "mənim qabağımda oturmurlar, diz çökürlər". Dedim ki, "niyə diz çökməliyəm?". Həmin vaxt Pərviz adlı polis əllərim qandallı vəziyyətdə məni təpiklə vurdu, yıxıldım. Mirqafar Seyidov dedi ki, "siz bu ölkə üçün yararsız adamlarsız, düşmənsiz, bacardığımız qədər sizləri təmizləyəcəyik".

Gənc fəal Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olduğu zaman da orada həyət süpürməyə məcbur edildiyini və bunun kamera ilə lentə alındığını deyib: "İdarəyə Mirqafar Seyidov gəlmişdi. Məni sanksiya üçün məhkəməyə aparmazdan əvvəl rəisin otağına qaldırdılar, o da orada idi. Bunlarda belə fikir vardı ki, şüarı kiminsə sifarişi ilə yazmışıq. Bunu soruşdular. Sonra təklif elədilər ki, get, heykələ təzim elə, baş əy, gül qoy, AzTV çəksin, çıx get evə. Razılaşmadım".

“Bunların hər şeyi...”

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Pərviz Məmmədov və Elvin Kazımov şahid qismində dindirilib. Onlar bir-birinə bənzər ifadə verərək bildiriblər ki, idarəyə Qiyasın narkotik satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub, onun əsasında əməliyyat keçirilib və o, həbs edilib. Polislər gənc fəala heç bir işgəncə verilmədiyini, özünün könüllü şəkildə narkotikin ona məxsusluğunu boynuna aldığını söyləyiblər.

Qiyas İbrahimov polislərin dediklərinin tam yalan olduğunu bildirib: “Bunların vicdanı, şərəfi yoxdur. Bunların hər şeyi yalan üzərində qurulub”.

Hakimlər gənc fəaldan polisləri təhqir etməməyi istəyiblər. Cavabında Qiyas İbrahimov deyib: “Təhqir deyil bu. Təhqir odur ki, mən belə məxluqlar qarşısında özümü müdafiə etmək məcburiyyətində qalmışam”.

Məhkəmə sentyabrın 28-də davam edəcək

Qiyas İbrahimovun anası Şura Əmiraslanova da məhkəmədən sonra bildirib ki, proses zamanı şahid qismində gələn iki polis əməkdaşı ilə onun arasında da mübahisə olub. Şura Əmiraslanova onlara yalançı şahidlik etdiklərini, narkotiki evlərinə qoyduqlarını deyib. Həmin şəxslərsə bunu inkar edib və əvəzində deyiblər ki “sənin dilini kəsəcəyik”.

Qiyas İbrahimovun anasının dedikləri
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Bu mübahisə barədə ətraflı məlumat, elcə də adı çəkilən polis əməkdaşlarının bu hadisə barədə fikirlərini öyrənmək mümkün olmayıb.

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də paytaxtın Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal və əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilirlər. İttihamlar təsdiqlənərsə, gəncləri 5 ildən 12 ilədək həbs cəzası gözləyir. Digər gəncin - Bayram Məmmədovun işi üzrə istintaq hələ bitməyib. Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyi güman olunur/

XS
SM
MD
LG