Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:36

MTN-in agenturasına ayrılan milyonlar


Akif Çovdarov
Akif Çovdarov

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarova verilən ittihamlar arasında CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi də var. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, bu maddə ona agentura şəbəkəsinə ayrılan pulların «yeyilməsi» ittihamı ilə əlaqədar verilib.

3 MİLYONDAN ÇOX VƏSAİT MƏNİMSƏNİLİB

Söhbət 920 min manat, 455 min dollar və 790 min avro büdcə vəsaitinin mənimsənilməsindən gedir. İttihama görə, təkcə iki il ərzində (2013-2015) əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə, guya cəlb olunmuş, əslində isə mövcud olmayan adamlara mükafat verilməsi adı altında 3 milyon manatdan çox vəsait mənimsənilib.

Agentura pullarının mənimsənilməsində Akif Çovdarov və işçiləri ilə yanaşı, MTN-nin Monitorinq Mərkəzinin rəisi olmuş Teymur Quliyev, Əməliyyat-Texniki İdarəsinin keçmiş rəisi Natəvan Mürvətova da günahlandırılır.

Buna da bax-'MTN generalı'nın işi: Zərərçəkmişlərin biri müğənnidir...

Amma Akif Çovdarov bu ittiham üzrə özünü təqsirli bilmir. Deyir ki, MTN-in Maliyyə İdarəsindən hər dəfə pul götürmək üçün əvvəlcə nazir Eldar Mahmudova raportla müraciət edib. Razılıq alandan sonra tabeliyində olan işçilərə – Akif Əliyev, Səlim Məmmədov və Ramin Hüseynova pulu götürməyə vəkalətnamə verib. Elə həmin əməkdaşlar da pulu cəlb olunan adamlara veriblər. Çovdarovun dediyinə görə, vəsaitin götürülməsindən ötrü sənədlərdə yazılmış bütün əməliyyatlar keçirilib, pullar da ödənilib. Amma özü pul ödənilən, əməkdaşlığa cəlb olunmuş adamları tanımır: «Götürülmüş pulların təyinatı üzrə xərclənməyib ələ keçirilməsi, MTN rəhbərliyinə verilməsi yalandır».

«BİABIRÇI VƏZİYYƏT YARANAR»

Yeri gəlmişkən, keçmiş MTN generalı bir müddət əvvəl agentura pullarının mənimsənilməsi ittihamı ilə əlaqədar vəkili Sadiq Rəsulov vasitəsilə açıqlama yaymışdı.

«Mən büdcədən ayrılan pulları mənimsəməmişəm, onlar agentura şəbəkəsinə sərf olunan pullardır. Əgər mən bu mövzuya danışmağa başlasam, onda Azərbaycanda biabırçı vəziyyət yaranacaq. Mənə qarşı ittiham aktında göstərilən bütün pullar 2013-2015-ci illərdə agentura şəbəkəsinə xərclənib», – Akif Çovdarov bildirmişdi.

Buna da bax-'8-ci kilometr bazarı' Çovdarovun qızına necə verilib?

A.Çovdarov və digər sabiq MTN rəsmilərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, mənimsəmə, qanunsuz silah saxlama, hədə-qorxu ilə pul tələb etmə və s. ağır maddələr ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Dekabrda isə nazirlik ləğv edilib, bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG