Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:04

Ermənistanın maliyyə naziri: 'Bircə ay dözün'


Ermənistan maliyyə naziri Vardan Aramyan
Ermənistan maliyyə naziri Vardan Aramyan

Ermənistanın maliyyə naziri Vardan Aramyan jurnalistlərə müsahibəsində gələn il əməkhaqqı, təqaüd və müavinətlərin artırılmayacağını bildirib.

Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir və bu, gələcəkdə təqaüd və müavinətlərin artmasına gətirib çıxaracaq. Nazir o vaxta qədər xalqa "ümidlə yaşamağı" tövsiyə edib.

“BİRCƏ AY DÖZÜN”

«Ümumiyyətlə, ümid yaxşı şeydir. Ümidini itirmiş, məyus insanlar effektiv deyil... Cəmiyyətdə məyusluq hökm sürəndə gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq», deyə Aramyan bildirib.

Buna da bax:​ Ermənistanın yeni müdafiə naziri hərbi zavodlara yardım söz verir

Maliyyə naziri etiraf edir ki, təqaüd və müavinətlərin artırılması zəruridir. Ermənistanda təqaüdlər aşağıdır. Azadlıq Radiosunun erməni xidmətinin (Radio Azatutyun) "bəs təqaüdçülər necə yaşasınlar" sualına Aramyan belə cavab verib: «Bilirsiniz, mən cəmiyyəti yalnız ümidlərlə qidalandırmaq istəməzdim. Ona görə, Sizdən xahiş edirəm, bircə ay dözün, yaşayarıq, görərik».

Əmək və Sosial məsələlər naziri Artyom Asatryansa hesab edir ki, təqaüd və müavinətlər artırılmasa da, insanların həyat şəraiti yaxşılaşacaq. Belə ki, qaz və elektrik enerjisinin qiymətləri enəcək.

1,1 MİLYARD DRAM AYRILIB

Ölkədə qaz tariflərinin artırılmasından sonra Ermənistan hökuməti əhalinin yoxsul təbəqəsinə kompensasiya kimi ayda 1000 dram pul ödəyirdi. Bundan sonra bu ödənişin dayandırılmasının mümkünlüyü barədə suala nazir belə cavab verib: «2017-ci il dövlət büdcəsi layihəsində həyat səviyyəsinin yaxşılaşdırılması üzrə müavinətlərə əlavə 1,1 milyard dram ayrılıb».

Buna da bax:​ Ermənistanın dövlət borcu 'şişib'

"Erməni milli konqresi" parlament fraksiyasının katibi Aram Manukyanın sözlərinə görə, bu şəraitdə Ermənistan demoqrafik fəlakətlə üzləşə bilər: ölkədə təqaüdçülərin sayı artır, büdcə gəlirləri isə azalır.

«Büdcəyə gəlir gətirən fəaliyyət yoxdur... Bu gəlirlər haradan gəlir? Vergilərdən, investisiyalardan, transferlərdən, proqramların icrasından. Bunların heç biri yoxdur», deyə Manukyan bildirib.

XS
SM
MD
LG