Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'


Məhkəmə önündə namaz
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00

Məhkəmə önündə namaz

«Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və «Nardaran işi» üzrə həbs olunmuş daha 16 nəfərin məhkəməsi davam edir.

Yanvarın 9-da keçirilən iclasda vəkil Yalçın İmanov məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırıb. Vəsatətini əsaslandırarkən bildirib ki, prokuror çıxış edib, təqsirləndirilən şəxslərə ağır cəzalar istəyərkən məhkəmədə araşdırılmamış sübutlara istinad etdi. Məsələn, 26 noyabr 2015-ci ildə Nardaranda xüsusi əməliyyat keçirilməsi haqda qərara istinad edilib, halbuki, həmin qərar heç məhkəmədə tədqiq olunmayıb.

Buna da bax:​ 'Ağır cəza bizi mübarizəmizdən döndərməyəcək'

«PREZİDENTƏ ÜRƏK SÖZLƏRİM OLACAQ»

Müdafiəçinin dediyinə görə, prokuror çıxışında təqsirləndirilən şəxslərin ifadələrini təhrif edib: «Sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən şəxslər prosesdən kənarlaşdırıldılar. Bu mərhələnin onların iştirakı olmadan keçirilməsi qanunsuzdur. Bütün bunları nəzərə alaraq, məhkəmə istintaqının təzələnməsini xahiş edirik».

Taleh Bağırov da vəkilinin vəsatətini müdafiə edib: «Prokuror çıxışında «Taleh Bağırzadənin müraciəti» kitabçasına istinad elədi, amma o kitabça heç məhkəmədə araşdırılmadı. O kitabçanı «bandotdel»dəkilər özləri hazırlayıblar. Orada İlham Əliyev barədə olan fikirlər də elə özlərinə məxsusdur. Yaxud da prokuror iddia edir ki, guya çıxışlarımda dövlət əleyhinə fikirlər olub. Yalandır, həmin çıxışlar Youtube-dadır, orada dövlət əleyhinə bircə kəlmə də yoxdur. Prokurorun bu haqda dedikləri də bizə verilən ittiham kimi qondarmadır».

Buna da bax-Nardaran işi: 'Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?'

Məhkəmə prosesinin daxili işlər naziri Ramil Usubovun müdaxiləsilə keçdiyini deyən Taleh Bağırovun fikrincə, İlham Əliyev də məhkəməni nəzarətdə saxlayır: «Mənim ona ürək sözlərim olacaq. Deyirlər ki, guya biz dövlət çevrilişi hazırlamışıq, hakimiyyəti zorla ələ keçirmək istəmişik. Əslində isə, 11 il ərzində MTN və onun generalları bu dövləti zorlayıb. Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür».

«GÖZƏL BİLİRSİZ Kİ...»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, əvvəlcə hakimlər formal da olsa, müəyyən prosedurlara əməl eləməyə çalışırdılar, amma prosesin gedişində hakimiyyət ifşa olunduqca, açıq-aşkar qanunsuzluqlara keçdilər. «Şahid ifadələriylə hakimiyyət ifşa olundu. Ona görə tez-tələsik məhkəməni yekunlaşdırmaq yolunu tutdular. Prokurorun mənə 11 il istəməsi çoxları üçün gözlənilməz oldu. Amma biz bu yolu seçəndə hər şeyi gözə almışdıq. Bir çox məsələlərin, sənədlərin burada araşdırılmasına ehtiyac da görmədilər. Bu, artıq əxlaq məsələsidir. Bu proses həm də hakimiyyətin bizə qarşı qərəzli olmasını, gerçək araşdırmanın, həqiqətin üzə çıxmasının onu maraqlandırmadığını göstərdi. Bizim çıxışlarımız məhkəməyə yox, Azərbaycan hakimiyyətinə ünvanlanıb. Siz məhkəmə olaraq, niyə obyektiv araşdırma aparmırsız? Çünki gözəl bilirsiz ki, bizim heç bir günahımız yoxdur. Amma yenə də bu biabırçılığı öz üzərinizə götürürsüz. Siz bu gün heç bir araşdırma aparmadan məhkəmə hökmünə imza atırsız».

Vəkil Abil Bayramov çıxışında təqsirləndirilən şəxslərin hamısının günahsız, onlara verilən ittihamların isə qondarma olduğunu, hüquqlarını müdafiə etdiyi Zakir Mustafayevə ağlasığmaz işgəncələr verildiyini vurğulayıb:

Buna da bax-'Kitabçada mənim adımdan 'oğru İlham Əliyev' yazıblar'

«Zakir Mustafayevə verilən qəsdən adam öldürmə, mütəşəkkil cinayətkar dəstənin üzvü olma və s. ittihamların heç biri məhkəmədə sübuta yetirilmədi. İttiham veriblər ki, guya, Zakir Mustafayevdən avtomatın sandıqçası və patronları çıxıb, amma avtomat özü yoxdur. Belə şey olur?!».

«GÖZLƏYİRDİLƏR Kİ, İŞGƏNCƏ İZLƏRİ GETSİN»

Həbs olunarkən yetkinlik yaşına çatmayan Ramin Yarıyevin vəkili Gülşən Salmanova da çıxış edib: «Raminin valideynləri mənimlə müqavilə bağlayandan sonra onunla çox çətinliklə görüşə bildim. Psixoloji durumu həddindən artıq pis idi. Verilən işgəncələrə, qorxudulmalara görə hətta mənə də inamı yox idi. Yetkinlik yaşına çatmadığından onun qanuni nümayəndəsi kimi icra hakimiyyətinin əməkdaşını tanımışdılar. Halbuki, valideynlər sağ olduğu halda bu, qanunsuz idi. Mənim çoxsaylı şikayətlərimdən sonra onun valideynini qanuni nümayəndə kimi tanıdılar. Əslində, mən bilirəm ki, niyə mənə 10 gün onunla görüşməyə imkan vermədilər. Gözləyirdilər ki, bədənindəki işgəncə izləri getsin. Ramin özü də mənə dedi ki, bədəninə bu məqsədlə müxtəlif dərmanlar sürtüblər».

Müdafiəçi deyir ki, 18 yaşı tamam olmayan uşağa Cinayət Məcəlləsinin 20-dən artıq maddəsiylə ittiham veriblər, prokuror da ən yuxarı cəzanı istəyib.

Qanuna görə, hadisə baş verərkən yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq həbs cəzası verilə bilməz. Prokuror Ramin Yarıyevin 10 il azadlıqdan məhrum edilməsini təklif edib: «İttihamda yazıblar ki, guya şalvarının arxasından qumbara çıxıb. Dar cins şalvarın arxa cibinə qumbara yerləşər? Sonra da Avropa Məhkəməsi Azərbaycana qarşı qərar çıxaranda deyirlər, niyə belə oldu?».

Buna da bax-Nardaran işi: 'Şalvarımı aşağı çəkəndə, dözmədim'

Gülşən Salmanova deyir ki, altı nəfərin ölümü, günahsız adamların dəmir barmaqlıqlar arxasına düşməsi «bandotdel»in yarıtmaz əməliyyatının nəticəsidir. Müdafiəçi hesab edir ki, əməliyyatın çəkilişi var, sadəcə, əməliyyatı keçirənlərə sərfəli olmadığından onu üzə çıxarmırlar: «Çünki yaxşı başa düşürlər ki, o çəkilişi üzə çıxarsalar, özləri burada oturmalı olacaqlar».

“Qətiyyən doğru deyil, heç nə sübuta yetirilməyib”

İkinci hissədə vəkillərdən Zibeydə Sadıqova, Nemət Kərimli, Yalçın İmanov müdafiə çıxışlarını səsləndiriblər. Onların hər üçü təqsirləndirilən şəxslərin günahsız olduğunu vurğulayıb və hamısı haqqında bəraət hökmü çıxarılmasını istəyib.

"Prokuror çıxışında deyir ki, bu adamlara qarşı ittihamlar sübuta yetirildi. Qətiyyən doğru deyil. Heç nə sübuta yetirilməyib. Məsələn, məlum olmadı ki, orada 6 nəfəri kim öldürüb. Bu işdə qərəz ilk gündən görünüb. Daxili İşlər Nazirliyi Nardaran əməliyyatına dair rəsmi açıqlamasında yazır ki, "dörd nəfər məhv edilib, iki polis həlak olub". Adamlara bu cür yanaşma nə deməkdir?", - Nemət Kərimlinin sözləridir.

Buna da bax: 2-ci Nardaran işi: ''Bandotdel' bizə 10 gün 'qonaqlıq' verdi'

“Onlar vəkilsiz dindiriliblər”

Vəkil Yalçın İmanov təqsirləndirilən şəxslərin yerli qanunvericilik və beynəlxalq konvensiyaların təminat verdiyi bütün hüquqlarının pozulduğunu bildirib: "İbtidai istintaq dövrü total qanunsuzluqlarla müşayiət olunub. Təqsirləndirilən şəxslərin hamısına günlərlə sürən işgəncələr verilib. Onlar vəkilsiz dindiriliblər. Hədə-qorxu və aldatma yoluyla, yazıb-oxumağı bilmədikləri halda, sənədlərə qol çəkdiriblər. Dövlət hesabına təyin edilmiş vəkillər formal xarakter daşıyıb, saxlanma və həbsləri barədə ailə üzvlərinə və yaxınlarına heç bir məlumat verilməyib".

Yalçın İmanov cinayət işinin materiallarında "Müsəlman Birliyi Hərəkatı"nın terrorçu təşkilat kimi qələmə verilməsinə də diqqət çəkib: “Halbuki bu təşkilat qeydiyyat üçün iki dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Hansı terrorçu təşkilat dövlət qeydiyyatı üçün müraciət edər?".

Buna da bax:​ 2016: İl boyu cəzasız qalan işgəncələr [araşdırma]

“Ekspertizanın rəyi ilə "bandotdel" əməkdaşlarının dedikləri üst-üstə düşmür”

Protokollarda çoxsaylı ziddiyyətlərin olduğunu deyən vəkilin sözlərinə görə, məhkəmədə dindirilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının ifadələri şübhələri bir qədər də artırıb. Onların istifadə olunan güllələrin sayı, yaralıların xəstəxanaya çatdırılması və s. haqda söylədikləri konkret faktlarla təkzib olundu, yalan danışdıqları sənədlərlə sübuta yetirildi: "Məsələn, polislərin nə vaxt ölməsi barədə ekspertizanın rəyi ilə dindirilən "bandotdel" əməkdaşlarının dedikləri bir-birinə uyğun gəlmir. Yaxud polislər deyir ki, əməliyyatda yaralanan təqsirləndirilən şəxsləri əməliyyat qrupunun rəhbəri Kərim Əlimərdanovun çağırdığı “təcili tibbi yardım”la xəstəxanaya çatdırıblar. Amma təqsirləndirilən şəxslər məhkəmədə bildirdilər ki, gülləyə tutandan sonra onları atıb gediblər. Sonradan kənd sakinləri əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçu xəstəxanasına çatdırıblar. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından da sorğumuza cavab olaraq bildirdilər ki, təcili yardımı kənd sakinləri çağırıb, yaralıları da onlar çatdırıb".

Müdafiə çıxışının mətni məhkəməyə verildi

Müdafiə çıxışının 56 səhifəlik mətnini məhkəməyə təqdim edən Yalçın İmanov sonda təqsirləndirilən şəxslərə, o cümlədən hüquqlarını qoruduğu Taleh Bağırov və Fuad Qəhrəmanlıya, İbrahim Xudaverdiyev və başqalarına bəraət verilməsini istəyib. Vəkil təqsirləndirilənlərin hüquqlarını pozmuş, işgəncə vermiş hüquq-mühafizə orqanı əməkdaşlarının cəzalandırılmasından ötrü xüsusi qərar çıxarılmasını tələb edib.

Məhkəmə yanvarın 11-də qalan vəkillərin çıxışı ilə davam edəcək.

Buna da bax: 'Bundan sonra paqonlular sizi əyməyə çalışacaqlar'

XATIRLATMA

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Taleh Bağırov və daha 17 nəfərin mühakiməsi isə davam edir. Prokuror Taleh Bağırova ömürlük, qalanlarına isə 10 ildən 20 ilə qədər həbs cəzası istəyib.

Təqsirləndirilənlər ittihamları rədd edir, həbs olunarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını, bu yolla onlardan yalan ifadə alındığını bildirirlər. İdarənin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG