Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

Müsəlman qızlar da üzgüçülük dərslərinə qatılmalıdır


Üzgüçülük hovuzu
Üzgüçülük hovuzu

Avropa Məhkəməsi qərar verib: İsveçrədə müsəlman qızlar da üzgüçülük dərslərinə oğlanlarla birgə getməlidirlər. Məhkəmə türk cütlüyün bu qaydaya etirazını rədd edib, onların vicdan və din azadlığına sayqı göstərilməməsi barədə iddialarını əsassız sayıb.

Avropa İnsan Haqları Məhkəməsinin qərarı haqda «The New York Times» qəzeti yazır.

AİLƏ CƏRİMƏLƏNMİŞDİ

Əhvalat 2008-ci ildən başlayıb. İsveçrənin Bazel şəhərində məktəb rəhbərliyi Türkiyədən olan cütlükdən qızlarının üzgüçülük məşqlərinə qatılmasına icazə verməsini tələb edib. İsveçrə məktəblərində üzgüçülük dərsləri məcburidir.

Valideynlər o zaman 9 və 7 yaşları olan qızlarının suya oğlanlarla birgə girməsinə etiraz etdikdə, rəhbərlik onlara uşaqlarına müsəlmanlar üçün nəzərdə tutulmuş xüsusi örtülü dəniz paltarı – burkini geyindirməyi məsləhət görüb. Amma valideynlər bu təkliflə də razılaşmayıb.

Buna da bax-Məhbus qadınların hicab problemi

2010-cu ildə məktəb rəhbərliyi həmin valideynləri məhkəməyə verib və onların 1380 ABŞ dolları məbləğində cərimələnməsinə nail olub. Valideynlər – Aziz Osmanoğlu və Sehabat Kocabaş apellyasiya şikayəti vermək qərarına gəliblər.

Dünən – yanvarın 10-da Avropa İnsan Haqları Məhkəməsi İsveçrə rəsmilərinin qərarını dəstəklədiyini elan edib.

«İctimai maraq – məktəbin təhsil proqramına əməl etmək şikayətçi tərəfin şəxsi marağından – qızlarının birgə üzgüçülük dərslərinə qatılmasına etirazından üstün tutulmalıdır», – məhkəmənin qərarında belə deyilir.

GENDER MƏSƏLƏSİ

Bu hadisə Avropadakı müsəlmanların, həm də çoxu miqrant olan müsəlmanların cəmiyyətə inteqrasiyası ilə dini azadlıqlara sayqı məsələləri arasındakı ziddiyyətləri yenidən ortaya qoyub. Özəlliklə, gender məsələsi hazırda çoxu müsəlman olan miqrantların inteqrasiyası uğrunda mübarizə aparan Avropanın əsas probleminə çevrilib.

Miqrantlar əleyhinə baxışlarıyla tanınan partiyalar – Fransanın Milli Cəbhəsi, Danimarkanın Xalq Partiyası, eləcə də İsveçrədəki İsveçrə Xalq Partiyası müsəlmanların çoxunun assimilyasiyaya nail olmadıqlarını deyirlər.

Buna da bax-Hicablı tələbə prezidenti necə pərt etdi...

Ötən il İsveçrədə iki suriyalı qardaşın qadın müəllimənin əlini sıxmaqdan imtinası və hökumətin bu gəncləri cəzalandırması ölkədə əməlli-başlı səs-küy, müzakirələr yaratmışdı. Qardaşlar müəllimənin əlindən dini baxışlarına görə tutmadıqlarını söyləmişdilər. İsveçrə rəsmiləri gənclərin haqsız olduğunu hesab edərək, onların ailəsinə vətəndaşlıq verilməsi prosesini yubatmaq qərarına gəlmişdi.

Ötən yay isə Fransanın 30 şəhərində qızların üzgüçülük dərslərində burkini geyinməsi qadağan olundu. Fransızlar bu geyimin onların həyat tərzinə və mədəniyyətinə zidd olduğunu iddia edirdilər.

PRESEDENT

İsveçrədə isə məktəblər oğlanlarla qızların üzgüçülük dərslərində birgə iştirakının tədris proqramının vacib hissəsi olduğunu bildirirlər. A.Osmanoğlu və S.Kocabaş-ın yetkinlik yaşına çatmamış qızlarını üzgüçülük dərslərinə buraxmamasını əsassız sayırlar.

Avropa İnsan Haqları Məhkəməsi bildirib ki, məktəblər sosial inteqrasiya prosesində, xüsusilə müxtəlif millətlərdən olan uşaqların inteqrasiyasında mühüm rol oynayır və bu halda, qızların üzgüçülük dərslərinə qatılması və inteqrasiyası «dini narahatlıqlar»dan vacibdir.

«The New York Times» yazır ki, Avropa İnsan Haqları Məhkəməsinin son qərarı, əslində, digər oxşar hallar üçün mühüm presedent ola bilər.

İsveçrə rəsmiləri və vətəndaş qrupları məhkəmənin qərarını alqışlayıblar.

Valideynlərin məhkəmə qərarından şikayət etmək imkanı var, onlar iki həftə ərzində şikayətlərinə yenidən baxılmasını istəyə bilərlər.

XS
SM
MD
LG