Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:02

«Nə edirsən et, ancaq yazma!..»


Görək Səbil Rayon Məhkəməsi necə Qənimət Zahidin əlyazmalarını ona qaytaracaqmı?
Görək Səbil Rayon Məhkəməsi necə Qənimət Zahidin əlyazmalarını ona qaytaracaqmı?
«Yenilməz batalyon» filmindən məşhur bir fraqment yadınızdadır? Polislər Zaqatalada sürgündə olan «Potyomkin» zirehli gəmisinin matroslarının saxlandıqları kazarmada qadağan olunmuş ədəbiyyat axtarırlar. Amma bütün cəhdlərinə baxmayaraq kitabı tapa bilmirlər. Bunun xatırlatmağımız təsadüfü deyil.

Bir müddət öncə azadlığa çıxan «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu deyir ki, Azərbaycanda həbsdə olan jurnalistlər də belə axtarışlarla-məhbus ifadəsi ilə desək «şmon»larla tez-tez üzləşirlər.

İyulun 29-da Səbail Rayon Məhkəməsi «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin penitensiar xidmətin rəhbərliyinə qarşı iddiasına baxmalıdır. Vəkillər bildirirlər ki, Qənimət Zahid 17 saylı cəza çəkmə müəssisəsinə köçürülərkən Bayıl təcridxanasının rəhbərliyi onun 300 səhifədən çox əlyazmasını müsadirə edib. Təcridxana rəhbərliyinin Qənimət Zahidin ailə üzvlərinə deməsinə görə, penitensiar xidmətin siyasi idarəsinə göndərilən bu əlyazmada dövlətçilik əleyhinə fikirlər olub.

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə deyir ki, orda Qənimət Zahid müstəqilliyin qazanılmasından üzü bəri ölkədəki ictimai-siyasi vəziyyətdən bəhs edir. Əlyazmalarda dövlətçilik əleyhinə heç nə olmadığından bu yaradıcılıq azadlığının boğulmasıdır. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə deyir ki, məhkəmədə bu problem hüquqi yolla həllini tapacaq:

«Biz həbsxanalarda məhkumların yaradıcılığına pəl vurmuruq. Sadəcə hər bir həbsxananın daxili nizam-intizam qaydası var və ona riayət olunmalıdır».

«Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu isə deyir ki, Bayıl təcridxanasında onun bir romanının və bir pyesinin əlyazması müsadirə edilib və indiyə qədər qaytarılmayıb:

«Döşəkləri, yorğanları tökürlər yerə, içlərini axtarırlar. Mən dedim orda əlyazmalarda bədii əsər yazmışam, yuxularmı yazmışam, mənə icazə vermisiniz. İndi niyə qoymursunuz? Dedilər ki, olmaz!»

Samir Sədaqətoğlu deyir ki, 5 saylı cəza çəkmə müəssisəsində isə onun qarşısında qəti tələb qoyublar: «Nə edirsən et, ancaq yazma!..»

O, bildirir ki, həmin vaxt Mirzə Sakitin həbsxanadan göndərdiyi şerlər «Azadlıq» qəzetində dərc edildiyindən bütün penitensiar xidmət də sərt rejimə keçmişdi. Baş redaktorun sözlərinə görə, indi azadlıqda olsa da, yaradıcılıq imkanları yenə də əlindən alınıb. Bir tərəfdən «Qasid» onunla müqavilə bağlamaq istəmədiyindən, bir tərəfdən də əvvəlki sponsorlar ondan qaçdığından «Sənət» qəzetinin fəaliyyətini bərpa edə bilmir. Samir Sədaqətoğlu ilə birgə cəza çəkən yazıçı Rafiq Tağı isə deyir ki, azadlığın yaradıcılıq səviyyəsində də əlindən alınması insanı məhv etmək deməkdir:

«Mən ixtisasca həkiməm. Kiminsə yaradıcılığını əlindən alsan elə bil həmin şəxsin ürəyini də blokadaya alırsan».

İranda jurnalist İnsafəli Hidayət əlyazmaları əlindən alındığına görə həbsxana rəhbərliyini məhkəməyə vermişdi. Onda jurnalist əlyazmalarının bir hissəsini geri ala bildi. Görək Səbil Rayon Məhkəməsi necə Qənimət Zahidin əlyazmalarını ona qaytaracaqmı?
XS
SM
MD
LG