Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:17

Bizim əbədi nazirlər


Hökumətin tərkibində elə nazirlər var ki, artıq on ildən çoxdur fəaliyyətdədirlər
Hökumətin tərkibində elə nazirlər var ki, artıq on ildən çoxdur fəaliyyətdədirlər
Seçkinin bir aspekti də hökumətlə bağlıdır. Hamı fikirləşir ki, görən hansı məmur, nazir dəyişəcək, idarəçilikdə nə yenilik baş verəcək? Hətta nəticəsi dəyişməyən seçkilərdə də müəyyən mənada buna bənzər ümidlər yaranır. Amma hər ümid özünü doğrultmur, xüsusən də insanların ancaq ümidlərlə yaşadığı ölkələrdə.

Son 40 ildə Azərbaycan cəmi iki-üç il dəyişiklik yaşayıb. Bir quruluşdan başqasına bundan hamar, bundan asan keçid fikirləşib tapmaq olmazdı. Eyni adamlar, eyni simalar. Elə nazirlər var ki, artıq on ildən çoxdur ki, fəaliyyətdədirlər. Bunu müsbət qiymətləndirənlər də var. Guya ki, həmin nazirlər artıq kifayət qədər təcrübə toplayıblar. Amma nə təcrübədir bu, harada tətbiq olur, nə fayda verir? Bu suala cavab verənlərin sayı çətin ki, çox olsun. Əslində bunun səbəbi də bilavasitə ölkədə seçki adı ilə keçirilən tamaşadır. Prezidentin budəfəki andiçmə mərasiminə bir o qədər də xarici qonaq dəvət olnumamışdı. Bunu «təvazökarlıq» kimi yozanlar da oldu. Amma əslində səbəb başqa idi. Bu seçkiyə qarşı həqarətin nəticəsi idi. Bu hakimiyyət öz idarəçilyinin məhdudluğu, kimdənsə asılı olması, kimdənsə hakimiyyət mandatı alaraq onun qarşısında cavabdeh olmaq faktı ilə barışmaq istəmir. Seçki bunların anlamında sadəcə beş ildən bir keçirilən texniki prosedurdur. Əcnəbi müşahidəçilərdən birinin fikri çox maraqlı idi:« hər şey var idi, təkcə demokratik seçki yox idi!» O, Azərbaycanda baş verən prosesləri Rusiyadakı son olaylara bənzətmişdi – başqa jür düşünmək, fikirləşmək artıq Rusiyada da ekzotik məşğuliyyətdir.

Hökumət çox ciddi anlayışdır. Onun fəaliyyətinə bir qayda olaraq bir neçə prizmadan yanaşılır. Hökumətin işinin aynası ilk növbədə ölkənin iqtisadi durumu, əhalinin rifahıdır. Amma təkcə bumu? Hökumətin fəaliyyətinə parlament qiymət verməlidir. Amma təcrübədə belə fakta demək olar ki, təsadüf olunmur. Cəmi bircə dəfə bir deputat hökumətin fəaliyyətinə qiymət vermək istədi, bu da məlum parlament qalmaqalı ilə bitdi. Yuxarıdan gələn siyahı hər dəfə təsdiq olunur və bununla da məsələ bitir.
Heç kim üçün sirr deyil ki, ölkədə məmur kapitalizmi hökm sürür. Ölkə iqtisadiyyatı faktiki olaraq məmur aparatının kölgəsi kimi fəaliyyət göstərir, azad sahibkarlıq bir çox hallarda şərti xarakter daşıyır
İndi də ola bilsin, hansısa kosmetik dəyişikliklər olsun. Kimsə başqa birisi ilə əvəz olunsun. Amma nə fayda? Hamıya məlumdur ki, bu hökumət ancaq neftin qiymətini güdməklə məşğuldur. Neft olmasaydı bunlar nə edərdilər? Neftin qiyməti isə hələ ki dünya bazarında düşür. Amma hələ bir – iki il büdcə kəsirini örtmək üçün vəsait var.
Bəzi ölkələrdə hətta deputatların fəaliyyət müddəti məhdudlaşdırılır. Nazir zümrəsi üçün buna ehtiyac yoxdur, çünki belə hesab edilir ki, bunun üçün seçkilər var və hər seçkidən sonra siyasi komanda dəyişməlidir. Amma hətta bunun özü azlıq edir. Personal dəyişikliklər bəzi hallarda effekt verə bilər, amma daha etibarlısı sistem dəyişiklikləridir. Bu, isə Azərbaycanın ən ağrılı yeridir. Hətta bütün nazirləri dəyişərlər, ancaq sistem dəyişikliklərinə getməzlər, çünki bu rejimin iflası olar. Bəzi seçki müşahidəçiləri qeyd edirlər ki, demokratik seçkinin vacib şərtlərindən biri hakimiyyətin siyasi iradəsidir. Azərbaycanda bunu təsəvvür etmək olarmı? İnanmaq olarmı ki, bu hakimiyyət könüllü şəkildə demokratik seçki keçirsin?

Puşkin deyirdi ki, Rusiyada şair şairlikdən böyük missiyadır. Azərbaycanda da nazir olmaq belədir. Heç kim üçün sirr deyil ki, ölkədə məmur kapitalizmi hökm sürür. Ölkə iqtisadiyyatı faktiki olaraq məmur aparatının kölgəsi kimi fəaliyyət göstərir, azad sahibkarlıq bir çox hallarda şərti xarakter daşıyır. Əgər ölkədə siyasət iqtisadiyyatdan ayrılsaydı, hamı öz işi ilə məşğul olsaydı, bəlkə könüllü istefalar da olardı. Amma indi Azərbaycanda yaşını, yorğunluğunu əsas gətirərək hər hansı nazirin istefa verə bilməsini təsəvvür etmək mümkündürmü?

Bütün bunlar o demək deyil ki, ümumiyyətlə heç nə baş verməyəcək. Yox, seçki dekorasiyası davam edə bilər. Amma bununla bağlı da optimist proqnozlar çox az eşidilir. Məsələnin kökü də yuxarıda qeyd olunan amillə bağlıdır. Bu rejim elə bir sistem yaradıb ki, yenilər köhnələrdən heç də yaxşı olmayacaq! Əgər köhnələr Xəzərin bir tərəfindən o biri tərəfinə körpü çəkmək fikrindədirsə, yenilər Yerdən Aya körpü çəkmək fikrinə düşəcək və hətta bunun iqtisadi əsaslandırılmasını verəcəklər!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG