Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:50

«KQB»nin arxivləri açılsa nə olar?


Milli Təhlükəsizlik Nazirliyindəki məlumatlar «Dövlət sirri haqqında» qanunla tənzimlənir
Milli Təhlükəsizlik Nazirliyindəki məlumatlar «Dövlət sirri haqqında» qanunla tənzimlənir
«Bizdə SSRİ dağılandan sonra arxivləri açdılar. Əksər köhnə işlərə, sənədlərə baxmaq mümkün oldu. Amma bütün arxiv açıldı demək düzgün olmazdı, çünki məxfi agentlərin adları açıqlanmadı. Sənədlərin çoxu SSRİ dağılan zaman məhv edilmişdi».

Gürcüstanlı politoloq Aleksandr Rondeli deyir ki, müstəqillik əldə etdikdən sonra rəsmi Tbilisi Dövlət Təhlükəsizlik Komitəsinin arxivinə toplanan məlumatları ictimaiyyətin üzünə açdı və bununla da keçmiş SSRİ qarşısında öhdəliyi olmadığını sübut etməyə çalışdı. Bu addımı təkcə Gürcüstan atmadı, məsələn, Baltikyanı ölkələr nəinki «KQB» arxivlərini açdılar, həm də bu qurumla əməkdaşlıq edənlərin, agentlərin müasir Litva, Latviya və Estoniyada hər hansı bir dövlət vəzifəsi tutmasını da qadağan etdilər.

Bu sıradan olan digər ölkələrin də adlarını çəkmək olar, amma Azərbaycana gəlincə bu günədək Dövlət Təhlükəsizlik Komitəsinin arxivinin üzərindən «məxfi» möhürü götürülməyib. Başqa sözlə, sovetlər dönəmində dövlət təhlükəsizlik komitəsinə məlumatlar ötürən, gizli şəkildə qohum-qonşusunu güdən çuğulların adları açıqlanmayıb.

Milli Təhlükəsizlik Nazirliyindən bunun səbəbini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı. Amma nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev bu barədə mətbuata açıqlamasında deyib ki, o dövrün arxivi dövlət sirri hesab olunur və «Dövlət sirri haqqında» qanunla tənzimlənir. Sözügedən qanunda isə göstərilir ki, müəyyən istisnalar olmaqla tam məxfi məlumatların açıqlanması üçün maksimum müddət 30 ildir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc hətta 30 il sonra da arxivin açılmasını mümkün hesab etmir:

«Bunu asan məsələ və ya həqiqi hədəfə çatacaq məsələ hesab etmirəm. Təkcə ona görə yox ki, övladları biləcəklər ki, onların valideynləri nəylə məşğul olublar və gələcəkdə insanlar bu cür məxfi xidmət göstərməkdən imtina edəcəklər, ya yox. Məsələnin mahiyyəti ondadır ki, bu artıq SSRİ məkanın, Azərbaycanın keçmişidir. Mənə elə gəlir ki, keçmişin bu şəkildə təftişi uğurlu olmur».

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, əks kəşfiyyat iradəsində əməliyyat müvəkkili olmuş Ərəstun Oruclunun fikrincə isə, sözügedən sirlərin açıqlanmamasının səbəbi hazırkı hakimiyyətin qeyri-şəffaf olmasıdır. Ərəstun Oruclu deyir ki, o zaman «vətənpərvərlik» hisslərini rəhbər tutub agentlik edən, onu-bunu güdüb KQB-yə məlumat ötürən, başqasına böhtan atan və bu kimi başqa əməllərin sahibləri heç də az olmayıb. Çox güman ki, indi onların arasından kimlərsə dövlət qulluğundadır, hakimiyyəti təmsil edir – yəni bu sirlər həm də bu səbəbdən açıqlanmır. Sabiq MTN-çi hesab edir ki, arxiv fərdi yanaşma əsasında açılmalıdır.

«Dövlət komissiyası və yaxud parlament komissiyası yaradılmalıdır, ora ictimaiyyətin nümayəndələri də daxil edilməlidir. Bundan sonra arxivdə olan sənədləri nəzərdən keçirmək və hər hal üzrə fərdi qərar vermək lazımdır».

Ərəstun Oruclu deyir ki, bu gün də xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, agentliklə məşğul olanlar az deyil. Və bir çox hallarda onlar Bakıdan deyil, xarici ölkələrdən idarə olunurlar, dövlət və ya parlament komissiyası yaratmaqla bu cür insanlara da nəzarət etmək mümkündür. Keçmiş MTN-çı Sülhəddin Əkbər isə hesab edir ki, SSRİ dövlət təhlükəsizliyi komitəsinin arxivi açıqlanmazdan öncə müvafiq qanun qəbul olunmalıdır:

«Hansı materiallar, hansı ardıcıllıqla, hansı müddətdən sonra açıqlanmalıdır – bununla bağlı qanun qəbul olunmalıdır. Bunun üçün siyasi iradə lazımdır».

Sülhəddin Əkbər deyir ki, vaxtilə agentlik etmiş insanların adları həm də ona görə açıqlanmalıdır ki, indi o insanları keçmişi ilə hədələyib onlardan siyasi, iqtisadi və ya casusluq məqsədləri ilə istifadə olunmasın. Hakimiyyətdə olduqları dövrdə «KQB»nin arxivini açmağa təşəbbüs göstərən, amma hakimiyyət çevrilişi nəticəsində bunu həyata keçirə bilməyən Müsavat partiyasının başqanı İsa Qəmbər də məxfi məlumatların açıqlanmasının tərəfdarıdır. Partiya başqanı da öncə bununla bağlı müvafiq qanunun qəbulunu məqbul hesab edir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc isə yaxın zamanda nə belə bir qanunun qəbulunun, nə də MTN-nin bu məlumatları açıqlayacağının gözlənmədiyini deyir.
XS
SM
MD
LG