Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:01

Norveç xarici yayımları qadağan etmir


«Norveçin milli tezliklərində yayımlanan bəzi radiostansiyaların əksəriyyətinin xarici mülkiyyət hüququ var»
«Norveçin milli tezliklərində yayımlanan bəzi radiostansiyaların əksəriyyətinin xarici mülkiyyət hüququ var»
«Son vaxtlar yayılan xəbərlərdə belə məlumatlar gedir ki, Norveç qanunları milli tezliklərdə xarici mülkiyyət hüququ olan yayımları qadağan edir. Norveç səfirliyi bununla əlaqədar qeyd etmək istərdi ki, bu, düzgün məlumat deyil».
«Turan»ın məlumatına görə, Norveç səfirliyinin noyabrın 27-də yaydığı məlumatda belə deyilir. Səfirlik bildirir ki, onların ölkəsində xarici mülkiyyət hüququ olan yayımların milli tezliklərdə yayımlanmasına heç bir məhdudiyyət yoxdur:
«Norveçdə milli tezliklərdə xarici mülkiyyət hüququ olan yayımlarla bağlı yeganə hüquqi məhdudiyyət dil məzmunu ilə əlaqədardır. Daha dəqiq desək, Norveç dili ilə. Belə ki, musiqi, xəbərlər və digər proqramların yayılmasında Norveç dilinə minimum təlabat var. Fakt etibarı ilə isə Norveçin milli tezliklərində yayımlanan bəzi radiostansiyaların əksəriyyətinin xarici mülkiyyət hüququ var».
Səfirlik bildirir ki, bu məsələ noyabrın 26-da Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə Norveç səfiri arasında keçirilən görüşdə də müzakirə olunub.
Norveç XİN-in noyabrın 12-də yaydığı bəyanatda BBC, Azad Avropa/Azadlıq və «Amerikanın Səsi» radiolarının sərbəst yayımının dayandırılması haqda Milli Televiziya və Radio Şurası rəhbərinin fikrindən narahatlıq ifadə olunmuşdu. Bəyanatda deyilirdi ki, belə bir qərar Azərbaycanda plüralistik medianın inkişafına xeyr gətirməyən, əksinə ona zidd bir addım olardı.

Bəyanatda daha sonra deyilirdi ki, Norveç özünün Azərbaycanla olan münasibətlərində demokratiyanın, hüquqi dövlətin və insan haqlarının inkişafına təsir edən məsələlərə böyük əhəmiyyət verir:

«Buna görə, biz Azərbaycan Milli Televiziya və Radio Şurasının mövqeyindən təəssüfləndiyimizi bildirir və bu məsələni Azərbaycan hökuməti ilə görüşlərdə müzakirə edəcəyik».
Noyabrın 18-də isə Norveç səfiri Yon Ronberq Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunmuş və ona bu bəyanatla bağlı xəbərdarlıq edilmişdi:

«Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diqqətə çatdırılıb».

XİN-in məlumatında bildirilirdi ki, səfir Ronberqə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır:

«Çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər».
XS
SM
MD
LG