Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:38

«Dedilər ki, səni soyundurub başına oyun açacağıq»


Samir Kərimov 24-cü Polis Bölməsində ondan etirafedici izahatın fiziki və psixoloji basqı altında alındığını deyir
Samir Kərimov 24-cü Polis Bölməsində ondan etirafedici izahatın fiziki və psixoloji basqı altında alındığını deyir
«Bizi bölmədə ayrı-ayrı otaqlara saldılar. Qollarımızı qandalladılar. Xəstəxanada bizdən izahat alan prokurorluq işçiləri bizə mobil telefonlarında İran istehsalı olan soba şəkli göstərib dedilər ki, bu soba təmir apardığınız mənzildə olub. Siz rezin boru ilə sobaya qaz çəkmisiz. Biz çox təkid etdik ki, bu mənzildə heç bir soba olmayıb».

Dekabrın 13-də Bakının Nizami rayonu, Naxçıvanski-34 ünvanında yaşayış binasının partladılmasında şübhəli şəxs kimi saxlananlardan biri Samir Kərimov 24-cü Polis Bölməsində ondan etirafedici izahatın fiziki və psixoloji basqı altında alındığını deyir. O, «Azadlıq» radiosuna bildirir ki, bu söhbətlər rəisin otağında gedib:

«Rəis də dedi ki, onlar mütləq bunu boyunlarına alacaqlar. Sonra başladılar bizi döyməyə. Yerə yıxıldım. Ayaqlarımın altına dəyənəklərlə vururdular. Bədənimin hər yerindən vururdular. Sonra məni qaldırıb dedilər ki, səni soyundurub başına min oyun açacağıq. Mən də dedim ki, bunu etməyin nə desəz, boynuma alacam. Daha sonra məni başqa otağa apardılar. İstintaqçılar mənim yerimə ifadə yazdılar, mən də imzaladım».

Samir Kərimov daha üç nəfər qohumu ilə birlikdə partlayan binadakı mənzillərdən birində bir aya yaxındır təmir işləri apardıqlarını deyir. Onun sözlərinə görə, təmir işləri ilkin mərhələdə olub. Bu səbəbdən Samir «Azəriqaz»ın partlayışla bağlı versiyasını absurd sayır. Partlayışdan sonra açıqlama verən «Azəriqaz» rəsmiləri böyük ehtimalla partlayışın təmir gedən evdə baş verdiyini, təmirçilərin döşəməyə çəkdikləri boyanın quruması üçün gecə mənzildə qaz sobasını yanılı qoyduğunu iddia edir.
Samir isə bildirir ki, pəncərələri partlayışdan bir neçə gün əvvəl dəyişiblər. Heç onların kənarına suvaq belə vurulmayıbmış. Orada hava gəldiyinə görə, Samir bütün hallarda partlayışın onların təmir apardığı mənzildə baş vermədiyini iddia edir.

Nizami Rayonu Polis İdarəsinin və 24-cü Polis Bölməsinin rəislərini gün boyu axtarsaq da, tapa bilmədik. Növbətçi hissələrdən onların iş yerində olmadıqlarını bildirdilər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə «Azadlıq» radiosuna deyir ki, polis idarəsində işgəncə faktı ilə bağlı deyilənlər doğru deyil. O bildirir ki, təqsirləndirilənlər bu yolla özlərini təmizə çıxarmağa çalışırlar:

«İnsan tələfatı ilə nəticələnən yaşayış binasının partladılmasında şübhəli bilinən şəxslərin özlərini müdafiə etmək, məsuliyyətdən yaxa qurtarmaq üçün yüz bəhanə gətirməsi təəccüblü görünmür. Bu şəxslər şübhəli şəxs qismində istintaqa cəlb olunublar. Elədikləri cinayəti boyunlarına almaq istəmirlər sadəcə. Onlara təzyiq olduğunu vurğulayırlar. Guya onlardan ifadə zorla alınıb. Ancaq onların məqsədi yalnız məsuliyyətdən kənarda qalmaqdır».

Mediaya açıqlama verən fəhlələr onu da deyiblər ki, müraciət etdikləri müalicə müəssisələrində onların bədənlərindəki zədələrlə bağlı ekspert rəyi verməkdən imtina ediblər.

Ehsan Zahidov bu faktın Nizami Prokurorluğunda araşdırıldığını deyir. Nizami Rayon Prokurorluğundan isə bildirirlər ki, indi işgəncəylə üzləşən şəxslərdən ifadələrin alınması prosesi gedir. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə sözügedən bina partlayandan sonra quruma çoxsaylı şikayətlərin gəldiyini deyir. O bildirir ki, bölmədə yalnız təmirçilərə deyil, partlayan binanın sakinlərindən bir çoxuna da fiziki-psixoloji işgəncə verilib:

«Partlayan binada yaşayan insanlardan da polis idarəsinə aparılıb döyülüb, sonra buraxılanlar var. Əgər bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, istintaq orqanları bunu sübuta yetirməlidir. Əgər şəxsdən işgəncə altında, zor işlədilərək etirafedici ifadə alınırsa, həmin müstəntiq özü cinayətkara çevrilir».

Elçin Behbudov baş verənlərlə bağlı Nizami Rayon Polis İdarəsinin rəisi ilə görüşməyə cəhd etdiyini, qarşı tərəfin isə öncədən razılaşsa da, görüşə gəlmədiyini deyir. Bu səbəbdən hüquq müdafiəçisi əldə etdiyi faktları Daxili İşlər naziri Ramil Usubova göndərib və ondan məsələni araşdırmağı xahiş edib.

Dekabrın 13-də Nizami rayonu, Naxçıvanski-34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində binanın bir bloku dağılıb, 2 nəfər ölüb, 6 nəfərsə yaralanıb. Partlayışa səbəb kimi qaz sızması göstərilir. Binanın sakinlərinə müvəqqəti yaşamaq üçün uşaq baxçası ayrılıb.
XS
SM
MD
LG