Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:40

İqtisadi İnkişaf Nazirliyi inhisarçıları müəyyənləşdirməkdə çətinlik çəkir


«Çox vaxt şirkətlər özlərini məmurlara yaxın olan qurum kimi qələmə verməyə çalışırlar»

«İndi Azərbaycandakı şirkətlərin inhisarçı olub-olmadığını müəyyənləşdirmək problemdir. Bu barədə verilən rəsmi statistika vəziyyəti əks etdirmir».

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinin rəhbəri Rəhim Hüseynov "Azadlıq" radiosuna müsahibəsində belə deyib. Onun fikrincə, inhisarçıların rəqabətə mane olmasıyla mübarizəni çətinləşdirən bir səbəb də elə budur. Şirkətlər hesabatdan yayınırlar deyə, əsl inhisarçılar kənarda qalır.


Rəhim Hüseynov Azərbaycanda inhisarçı şirkətlərin arxasında məmur qruplaşmalarının dayanması fikrini inkar etmir. Amma o deyir ki, çox vaxt şirkətlər özlərini məmurlara yaxın olan qurum kimi qələmə verməyə çalışırlar.


Rəsmi rəqəmlərə görə, Azərbaycanda 98 inhisarçı şirkət var, yəni onların bazardakı payı 35 faizdən çoxdur. Beynəlxalq maliyyə institutlarının hesabatlarında bu, biznes mühiti ilə bağlı Azərbaycana tutulan əsas iradlardan biridir.

Rəhim Hüseynov deyir ki, indi Antiinhisar Departamenti mobil telefon bazarında araşdırma aparır. Onun sözlərinə görə, bundan sonra həm işlənmiş, həm də təzə telefonların zəmanətsiz satılmasına qadağa qoyulacaq. Rəhim Hüseynov hesab edir ki, mürəkkəb texnologiya ilə hazırlanan malların zəmanətsiz satışı düzgün deyil və onlar hazırda bununla bağlı araşdırma aparırlar.


XS
SM
MD
LG