Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:11

Elçin Behbudov: «Fərhad Əliyevin vəziyyəti yaxşı deyil»


İşgəncələr Əleyhinə Komitənin sədri sabiq İqtisadi İnkişaf nazirinin əllərinin əsdiyini və barmağının uclarının saraldığını deyir

«Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev ürək ağrılarından əziyyət çəkir. O, xəstəxana şəraitində müalicə olunmaq istəyir».

İşgəncələr Əleyhinə Komitənin (İƏK) sədri Elçin Behbudov belə deyir. O, aprelin 3-də Fərhad Əliyev, onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev və sabiq Maliyyə naziri Fikrət Yusifovla onların saxlandığı Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında görüşüb.


Cənab Behbudov deyir ki, onların içərisində Fərhad Əliyevin vəziyyəti yaxşı deyil: «Fərhad Əliyevin ürəyində stenokardiya, əllərində əsmə var, barmağının ucları da saralıb. Təzyiqi də qalxıb-düşür. Səhhətinin yaxşı olmadığını deyir».

İƏK rəhbəri bildirir ki, keçmiş Səhiyyə naziri Əli İnsanov dindirmədə olduğundan onunla görüşə bilməyib.


Əli İnsanovun vəkili Toğrul Babayev və Prezident Aparatının keçmiş İşlər müdiri Akif Muradverdiyevin vəkili Fuad Ağayev də müdafiə etdikləri şəxslərin xəstəxana şəraitində müalicəyə ehtiyacları olduğunu bildiriblər.


Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev isə deyir ki, həmin şəxslərin hər biri təcridxanada müalicə olunur: «MTN təcridxanasında saxlanan hər bir şəxsin səhhəti nəzarət altındadır».

Ötən həftə yerli hüquq müdafiəçiləri Fərhad Əliyev və Əli İnsanovun adlarını siyasi məhbuslar siyahısına daxil ediblər. Onların fikrincə, bu şəxslər haqda məhkəmə hökmü olmasa da, irəli sürülən ittihamlar siyasi motivlidir.


Ötən ilin oktyabrında həbs olunmuş keçmiş nazirlər dövlət çevrilişinə cəhddə ittiham olunurlar.


XS
SM
MD
LG