Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:55

Beynəlxalq Helsinki Federasiyası: «Azərbaycan avtoritar siyasi mədəniyyətdən əziyyət çəkir»


Qurumun hesabatında deyilir ki, korrupsiya Azərbaycanın siyasi və sosial həyatında güclü faktor olaraq qalır

Azərbaycanda qanunlarla onların icrası arasında dərin uçurum var. Məhkəmələr icra hakimiyyətindən asılıdır. Bunu xüsusən də mülkiyyət və siyasi xarakterli məhkəmə işlərində görmək mümkündür. Bu barədə Beynəlxalq Helsinki Federasiyasının ATƏT ölkələrində insan haqlarının vəziyyətinə dair illik hesabatında deyilir.

Sənəddə bildirilir ki, hakimiyyət hüquq-mühafizə orqanlarının işgəncəyə yol vermiş əməkdaşlarına qarşı effektiv tədbirlər görmür. Əksinə, hüquq pozuntuları törətmiş rəsmilərin daha yüksək vəzifələrə çəkilməsi barədə məlumatlar var.


Hesabata görə, korrupsiya Azərbaycanın siyasi və sosial həyatında güclü faktor olaraq qalır. Hökumətin korrupsiya əleyhinə başladığı kampaniya orta dərəcəli məmurların işdən azad olunması və həbsi ilə nəticələnir. Lakin korrupsiyalaşmış yüksək vəzifəli rəsmilər öz yerlərini qoruyub saxlaya bilirlər.


Beynəlxalq Helsinki Federasiyası hesabatında Azərbaycanda hələ də 70-ə yaxın siyasi məhbusun olduğunu bildirir.


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə hesabatda verilən qiymətlə razılaşmır.


Azərbaycanla bağlı siyasi məhbuslar termininin işlədilməsinə etiraz edən cənab Tağızadə deyir ki, ölkədə insan hüquqlarının qorunması ilə bağlı vəziyyət getdikcə yaxşılaşır.


Tahir Tağızadə: «Bu, yalnız mənim fikrim deyil. Bakıdakı səfirlərdən soruşun, onların hamısı razılaşır ki, ölkədə dəyişikliklər baş verir. Vəziyyət yaxşılığa doğru gedir».


Mərkəzi ofisi Vyanada yerləşən Beynəlxalq Helsinki Federasiyasının icraçı direktoru Aron Rods Azərbaycandakı problemlərin çoxunu siyasi proseslərlə izah edir. Cənab Rodsun sözlərinə görə, 2005-ci ilin noyabr seçkisi göstərdi ki, Azərbaycan hakimiyyəti ölkədə açıq və demokratik sistemin yaranmasını istəmir.


Aron Rods: «Azərbaycan avtoritar siyasi mədəniyyətdən əziyyət çəkir. Bəzi liderlər müasir demokratik icmaya qoşulmaq istəmirlər. Elə görünür ki, onlar demokratiyaya etibar etmirlər».


XİN rəsmisi Tahir Tağızadə isə, bildirir ki, onlar Beynəlxalq Helsinki Federasiyasının hesabatı ilə yaxından tanış olmağa hazırlaşır. Nazirliyin demokratiya və insan haqları məsələləri ilə məşğul olan xüsusi idarəsi də ölkədə bu sahədə vəziyyəti araşdırır.


XS
SM
MD
LG