Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Yaponiyada oxumaq istəyən azərbaycanlı tələbələrə təqaüd veriləcək


Yaponiya Beynəlxalq Universiteti
Yaponiya Beynəlxalq Universiteti
Bu ölkə tələbələrin yaşamaq xərclərini də öz üzərinə götürür

Aprelin 17-də ali məktəb tələbələri arasında voleybol üzrə respublika çempionatının qalibləri bəlli oldu. 1-ci yer uğrunda Milli Aviasiya Akademiyası və Azərbaycan Beynəlxalq Universitetinin komandaları mübarizə apardı. Qalib komanda – Milli Aviasiya Akademiyasının tələbələri təkcə birinciliyi qazandıqlarına görə yox, həm də güclü rəqibə qalib gəldiklərinə görə sevinirdilər: «Rəqib çox güclü idi, amma buna baxmayaraq biz qalib gəldik».

Beynəlxalq Universitetin tələbələri isə öz oyunlarından yox, hakimdən narazı qaldılar: «Biz hakimin tərəfkeşliyi ucbatından uduzduq. O, eyni səhvləri ancaq bizdə görürdü, rəqibin səhvlərinə isə göz yumurdu».


3-ü yerin sahibisə Neft Akademiyasının voleybol komandası oldu: «İnşallah növbəti oyunlarda daha yüksək yerləri tutarıq».


Yarış başlayanı 1-ci yerə göz dikən Bakı Dövlət Universitetinin tələbələri isə 4-cü oldular. Tutduqları yerdən narazı qalan tələbələr günahı nə hakimdə, nə də rəqibdə gördülər: «Rəqibi lazımınca qiymətləndirə bilmədik. Öz səhlənkarlığımız ucbatından uduzduq. Biz birinci yeri tutmalı idik, amma nəticədə 4-cü yerdəyik. Oyunumuzdan qətiyyən razı deyilik».


İki həftə davam edən bu yarışa Bakdakı 18 ali məktəbi təmsil edən voleybol komandaları qatılmışdı.


Yarışdan söz düşmüşkən, tələbələr ali məktəblər arasında təkcə idman və ya bilik deyil, rəqs yarışlarının da keçirilməsini istəyirlər.


Bir çox ali məktəblərdə olduğu kimi, Xəzər Universitetinin də həm qız, həm də oğlanlardan ibarət rəqs ansamblları var. Tələbələr rəqs dərslərinin çox maraqlı olduğunu deyirlər: «Biz rəqs dərslərinə həvəslə gəlirik. 2 il ərzində çox şey öyrənə bilmişik. Daha çox milli rəqslərlə məşğul oluruq, amma bundan başqa, italyan, qaraçı, ispan rəqsləri də öyrənmişik».


Tələbələr universitetlərarası rəqs yarışlarının da keçirilməsini istəyirlər. Həmsöhbətlərimiz belə yarışlar keçirilərsə, Xəzər Universitetinin ansambllarının qalib gələcəyinə də əmindirlər.


İndi isə sıra gəlib çatdı dərsə gecikməyə. Dərsə gecikən tələbənin bəhanəsi kəsilməz, «yolda maşın üstümə çirkli su dağıtdı», «avtobus gec gəldi» və s. və i.a. Amma indi bunların sırasına «qatar gec gəldi» bəhanəsi də qoşulub. Bunun bəhanə, ya gerçək olduğunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Elmir, Ehtiram,Vüsalə və Rüstəmin hazırladığı reportajdan eşidək.


- Müəllim: Sevinc, bu nə vaxtın gəlməyidir. Dərsin başlamağından düz 15 dəqiqə keçib, artıq qayibini də yazmışam.


- Sevinc:Müəllim, qatara görə gecikmişəm, bir basabas idi ki, minmək mümkün deyildi.


Sevinc bu səbəbdən dərsə gecikən yeganə tələbə deyil. Hər səhər tələbələrin məcarası elə metrodan başlayır. 1-2 qatar ötürüb güc-bəla ilə nəhayət ki, özünü qapıdan içəri salan tələbə gəlib dərsə çatanda artıq qayibi yazılmış olur. Hələ üst-başından, ayaqqabısının tozundan danışmırıq.


Sorğu:


- Tələbə adamıq, bizim üçün metro ən sərfəli nəqliyyatdır;


- Əlacım olsa, heç metrodan istifadə etmərəm, hər gün basabasdır, qatara minmək mümkün deyil. Amma neyləmək olar, qatar həm ucuzdur, həm də evimizin yanından bura gələn avtobus yoxdur.


Amma metro tələbələrin dərsə gecikmələrinin yeganə səbəbi deyil. Yatıb yuxuya qalan da, vaxtını başqa yerdə keçirib dərsə gecikən də metrodakı basabası bəhanə gətirir. Bu bəhanə o qədər məşhurlaşıb ki, bəzən qurunun oduna yaş da yanır. Müəllimlərin tələbələrə inanmadığı vaxtlar da olur.


Sorğu:


- Hərdən metrodakı basabası yalandan bəhanə gətirirəm;


- O qədər olub ki, yalandan müəllimə demişəm ki, qatar gec gəldi, basabas oldu. Amma hərdən, hətta düz də deyəndə də müəllim inanmır.


Tələbələrin fikrincə, onların nəqliyyat probleminin həlli var. Nədi, onların özlərindən eşidək:


- Bir çox Avropa ölkələrində universitetlər mərkəzdən kənarda, iş yerləri isə mərkəzdə olur. Ona görə də, səhərlər nəqliyyatda basabas olmur. Bizdə də belə olsa pis olmazdı;


- Uzaqda yaşayan tələbələr üçün universitetin şəxsi avtobusunun olmasını istəyərdim;


- İstərdim ki, tələbələrə nəqliyyatdan pulsuz istifadə üçün vəsiqələr verilsin.


Bu arada Yaponiya dövləti bu ölkədə bakalavr və magistr pillələri üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd ayırıb. Tələbələr Yaponiya ali məktəblərində humanitar, ictimai və təbiət elmləri üzrə təhsil ala bilərlər. İmtahanlar üç mərhələdə keçiriləcək - sənədlərin qəbulu, test imtahanı və müsahibə.


Yaponiyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və İnformasiya üzrə attaşesi xanım Cunko İşikava: «Ərizə formalarını doldurmaq üçün aprelin 20-dən iyunun 10-dək müraciət etmək lazımdır. Bundan sonra yazılı imtahan və müsahibə olacaq. Yazılı imtahan test formasında keçiriləcək. Humanitar və ictimai elmləri seçən tələbələr riyaziyyat, tarix və ingilis dilindən, təbiət elmlərini seçənlər isə riyaziyyat, kimya, biologiya, fizika və ingilis dilindən test imtahanı verəcəklər».


Xanım Cunko İşikavanın sözlərinə görə, test imtahanı və müsahibə iyul ayında keçiriləcək. Yaponiyada ali təhsil almaq şansı qazanan tələbələrin adları isə dekabr ayında bəlli olacaq. Yaponiya ali məktəblərində tədris əsasən yapon dilində olduğundan azərbaycanlı tələbələr üçün əvvəlcə 6 aylıq yapon dili kursları təşkil olunacaq. Xanım Cunko İşikava deyir ki, Yaponiya dövləti tələbələrin təkcə təhsil xərclərini ödəməyəcək: «Tələbələrin həm də orada yaşamaq xərclərini Yaponiya dövləti öz üzərinə götürüb. Onlara hər ay təqaüd veriləcək».


XS
SM
MD
LG