Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

İranın «Qorbaçov»u...


1997-ci ildə prezident seçilən islahatçı Məhəmməd Xatəmini bir vaxtlar İranın «Qorbaçovu» kimi görənlər vardı
1997-ci ildə prezident seçilən islahatçı Məhəmməd Xatəmini bir vaxtlar İranın «Qorbaçovu» kimi görənlər vardı
İranın ən çox qorxduğu – Qorbaçov fiqurudur. Bunu «Nyu-York Tayms» qəzetindəki məqaləsində Rocer Koen yazır. Onun fikrincə, İran qorxur ki, rejimin daxilindən bir nəfər çıxacaq və Qərblə qarşıdurmaya son qoymaq adıyla inqilabın qurduqlarını məhv edəcək.

İndi bir çoxlarını maraqlandıran odur ki, İran Çin modelini əsas götürüb hakim rejim daxilində islahat apara biləcək, yoxsa Sovet İttifaqının yoluyla gedib çökəcək?

Hələ ki, hakimiyyətdə olanlar sınanmış metodlardan istifadə edirlər və küçələrdə «Amerikaya ölüm!», «İsrailə ölüm!» şüarları səslənir. Amma müəllif yazır ki, İran göründüyü qədər sadə bir ölkə deyil, Tehran maskasını çıxarmaq yoluyla gedib öz mürəkkəbliyini göstərir.

1997-ci ildə prezident seçilən islahatçı Məhəmməd Xatəmini bir vaxtlar İranın «Qorbaçovu» kimi görənlər vardı. Amma onun 8 illik hakimiyyəti bir çox iranlıların ümidlərini doğrultmadı. Sonda Xatəmi geri çəkildi. 1999 və 2003-cü illərin tələbə etirazları genişlənmədi.

İqtisadiyyatda liberal islahatlar aparmaq və dialoq Xatəminin ideyalarını səciyyələndirən iki əsas amildi. İndi neft qiymətlərinin düşməsi fonunda İran iqtisadiyyatı ciddi problemlər yaşamaqdadır. Hazırkı prezident Əhmədinejadın idarəçiliyi kəskin tənqid olunur, suallar yaranır ki, milyardlarla dollar pullar hara və necə xərclənib.

Belə bir vəziyyətdə Xatəmi elan edib ki, «azadlıq, müstəqillik və ədalət üçün tarixi ehtiyac» onu prezidentliyə namizədliyini irəli sürməyə vadar edib. Xatəminin əsas rəqibi elə Əhmədinejad olacaq.

Son illər İranın nüvə proqramının sürətlə inkişaf etdiyi və Əhmədinejadın populist çıxışları böyük rezonans doğurduğu üçün onun namizədliyi ali dini lider Xameneyinin ürəyincədir.

İran inqilabının mərkəzində bu ölkənin müstəqilliyi dayanır. Fəzaya peyk buraxmaq, nüvə proqramı – bunlar milli qürurla bağlı məsələlərdir
Bir fərziyyə odur ki, Əhmədinejad özü Amerikanın yeni prezidenti Obamanın uzatdığı «dialoq əli»ni sıxacaq, amma məsələ burasındadır ki, islam inqilabının yetirməsi olan Əhmədinejad inanır ki, İran yox, ABŞ-ın özü çökəcək. O inanır ki, kommunizmin ardınca kapitalizm də tarixin zibilliyinə atılmağa məhkumdur. Müəllif Əhmədinejadın sərt xətdən imtina edəcəyinə inanmır.

Qərbin maraqlarına uyğun olan odur ki, Əhmədinejad ikinci dəfə prezident seçilə bilməsin. Bunu bilən Əhmədinejad daha çox konfrantasiyaya gedir və xal yığır. Müəllif yazır ki, Amerikanın vitse-prezidenti Baydenin bu yaxınlarda İranı hədələməsi kökündən səhv idi. Bayden demişdi ki, əgər İran indiki kursunu davam etdirsə, bunun nəticəsi təzyiq və təcrid olacaq.

Xatəminin dövründə Daxili İşlər naziri olmuş Mustafa Taczadə müəlliflə söhbətində deyib ki, Buş İrandakı islahat hərəkatına böyük ziyan vurub. Cənab Obamanın həmin ziyanı aradan qaldırmaq üçün birinci addımı İrana qarşı hərbi müdaxilə ehtimalını rədd etməsi olsaydı, gərginlik azalardı.

Müəllif yazır ki, İrandakı seçkidən əvvəl Amerika aydın şəkildə bildirməlidir ki, bu ölkədə rejimi dəyişdirməyə çalışmır. Bundan başqa, amerikalılar İsrail-Fələstin münaqişəsində ədalətli vasitəçi olmaq niyyətlərini bildirməli və Buşun İsrailə münasibətdə yeritdiyi «nə edirsən - düz edirsən» siyasətindən əl çəkməlidirlər.

Belə mövqe Xatəmiyə, yaxud başqa bir islahatçı namizəd – Tehranın meri Məhəmməd Baqer Qalibafa qalib gəlməkdə kömək edərdi. Mötədil prezident nüvə problemini həll etməzdi, amma ən azı buna kömək edə bilərdi.

Müəllif yazır ki, İran inqilabının mərkəzində bu ölkənin müstəqilliyi dayanır. Fəzaya peyk buraxmaq, nüvə proqramı – bunlar milli qürurla bağlı məsələlərdir. Amerikanın məqsədi İranın qapalı sistemini açmaqdır, amma bunu İran rejimini devirmədən etmək üçün barmaq silkələmək yox, həmin milli qürura ağılla yanaşıb dözüm göstərməkdir.

Gənc iranlıları dəyişiklik zərurətinə inandırmağın vaxtı əslində səsvermə günündən - iyunun 12-dən xeyli əvvələ təsadüf etməlidir.
XS
SM
MD
LG