Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:20

Mətbuat azadlığı sahəsində böhran daha da dərinləşib


Referenduma hazırlıq dövründə referendum aktı barədə obyektiv ictimai məlumatlandırılma baş verməyib
Referenduma hazırlıq dövründə referendum aktı barədə obyektiv ictimai məlumatlandırılma baş verməyib
Referenduma hazırlıq dövründə referendum aktı barədə obyektiv ictimai məlumatlandırılma baş verməyib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referenduma hazırlıq prosesinə dair hesabatında belə deyilir.

Hesabat dekabrın 30-dan fevralın 11-dək olan müddəti əhatə edir. Bildirilir ki, sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığının müdafiəsi, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyəti ilə bağlı da ciddi nailiyyətlər baş verməyib. Mərkəz qeyd edir ki, referendum ərəfəsində xarici radioların milli tezliklərində yayımının ləğvi vətəndaşların sərbəst məlumat almaq imkanlarını məhdudlaşdırıb. Bildirilir ki, ölkədə söz və mətbuat azadlığı sahəsində mövcud böhran daha da dərinləşib.

Hesabatda o da deyilir ki, referendum üzrə təşviqat qruplarının yaradılması prosesində müxalifətdən olan siyasi partiyalar təzyiqlərlə üzləşiblər.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli:

«Referendumla bağlı prosesin birinci mərhələsində əsasən təşviqat qruplarının yaradılması zamanı imza toplayan şəxslərə qarşı olan təzyiqlərlə bağlıdır. Sonra yerli icra hakimiyyətinin səlahiyyətliləri bu prosesə müdaxilə etməməlidirlər. Çox təəssüf ki, bölgələrdə müdaxilə halları olub və bizim tərəfdən qeydə alınıb. Eyni zamanda biz etirazımızı bildirmişik ki, MSK bununla bağlı şikayətləri ətraflı şəkildə araşdırmayıb».

Mərkəzi Seçki Komissiyası isə şikayətlərin araşdırılmaması ilə bağlı iradlarla razılaşmır. Komissiyadan deyirlər ki, imzatoplama kompaniyası zamanı MSK-ya daxil olan bütün şikayətlərə lazımınca baxılıb və əsassız olduğu üzə çıxıb. Hesabatdakı tənqidlərlə «Yeni Azərbaycan» təşviqat qrupundan olan, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov də bölüşmür:

«Necə olur ki, digər təşviqat qrupları normal imza toplayır, yalnız bəzilərində problem ortaya çıxır. Bu onu göstərir ki, ya bu təşəbbüs qruplarında yetərincə imza toplamağa adam yoxdur, ya da öz daxillərində problem var ki, onun nəticəsində imzaların toplanmasında çətinlik çəkirlər».
Amma Ramil Həsənovdan fərqli olaraq «Qarabağ və Respublika uğrunda vətəndaş hərəkatı» təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov hesabatı reallığa uyğun hesab edir:

«Həqiqətən də monitorinq aparılan müddət ərzində nəinki irəliyə doğru addım, hakimiyyət öz mahiyyətinə uyğun olaraq geriyə doğru addım atıb. Azərbaycanda söz və mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, partiyaların fəaliyyətinin məhdudlaşdırılması, eyni zamanda imza toplanan müddətdə nəinki imzaları toplayan, hətta imza verən insanlara qarşı təzyiqlərin artırılması göstərir ki, Seçki Monitorinq Mərkəzinin apardığı araşdırmalar reallığı əks etdirir».
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən müstəqil qeyri-hökumət təşkilatıdır. Bu Mərkəzi qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin təsisçiləri və üzvləri təşkil ediblər.

Referendumun keçiriləcəyi tarix rəsmən elan olunduqdan sonra mərkəz 125 seçki dairəsindən 81-də müşahidələr keçirib. Azərbaycanda referendum martın 18-də keçiriləcək.
XS
SM
MD
LG