Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:48

«Generalın qətli Azərbaycanın strateji seçimini etməməsi ilə bağlıdır»


Sülhəddin Əkbər
Sülhəddin Əkbər
«Ayna» qəzeti:

«İlk növbədə, dövlət başçısının açıqlamalarına diqqət yetirmək lazımdır… Prezident həmin açıqlamanı verərkən bəzi informasiyalara malik idi və daha çox ölkə daxilində sabitliyi pozmaq istəyən kənar qüvvələrə işarə vururdu…».

Milli təhlükəsizlik sisteminə bir müddət rəhbərlik etmiş şəxslərdən biri - politoloq Sülhəddin Əkbər «Ayna» qəzetinə belə deyib. Onun fikrincə, Rail Rzayevin qətli əslində, Azərbaycan rəhbərliyinə ciddi bir mesajdır:

«Azərbaycan postsovet respublikaları içərisində yeganə dövlətdir ki, öz strateji seçimini etməyib. Bildiyiniz kimi, Baltikyanı ölkələr NATO-nun üzvüdür, Ukrayna və Gürcüstan üzvlük üçün rəsmi müraciət edib, Moldova və Türkmənistan artıq neytrallığını bəyan edib. Rusiya başda olmaqla qalan 7 ölkə isə Kollektiv Təhlükəsizlik Şurasını yaradıb…

Bu qətl də elə bir zamanda baş verir ki, Rusiya Gürcüstana təcavüzdən sonra Cənubi Qafqazda yeni siyasi situasiya yaradıb, Kollektiv Təhlükəsizlik Şurasının hərbi komponentini möhkəmlətmək istəyir. Belə bir vaxtda öz strateji seçimini etməyən Azərbaycana təzyiqlər gözləniləndir. Mənə elə gəlir ki, ilk növbədə bu geosiyasi vəziyyətə diqqət yetirmək lazımdır.

Eyni zamanda, bu hadisənin Azərbaycan rəhbərliyinə ciddi bir mesaj olduğunu düşünürəm. Onu da nəzərə almaq lazımdır ki, hədəf də təsadüfi seçilməyib. Çünki bir müddətdir ABŞ Azərbaycanda öz hava hücumundan müdafiə sistemini qurub, Azərbaycanın hərbi-hava limanlarını müasirləşdirir…

Qətlə yetirilən general Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı idi. Təbii ki, Birləşmiş Ştatlarla sıx əməkdaşlıqda bilavasitə iştirak edirdi. Xüsusilə bu hadisənin Birləşmiş Ştatların Qırğızıstandakı «Manas» hərbi bazasının ləğvi məsələsinin gündəmə gəldiyi bir vaxtda baş verməsi də diqqətdən yayınmamalıdır...».


«Bizim Yol» qəzeti:

General-leytenant Rail Rzayevin qətlinin yeganə şahidi olan onun sürücüsü Şövqü Seyfullayevin həyatı təhlükədə olduğundan, onu ictimai mühitdən təcrid ediblər.

Bu barədə məlumat «Bizim Yol»a hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olub. Həmin məlumatda bildirilir ki, Ş.Seyfullayevin istintaqa verdiyi ifadələr qətlin üstünün tezliklə açılmasına kömək edə bilər. Bu isə qətlin sifarişçilərini narahat etməyə bilməz. Bunu nəzərə alan istintaq sürücünü ictimai mühitdən təcrid edib. Hətta Ş. Seyfullayev komandanın üç mərasiminə də qatıla bilməyib. Məlumatda o da bildirilir ki, sürücü istintaq müddətinə qədər xüsusi yerdə qalacaq.


«Azadlıq» qəzeti:

Artıq böhran o həddə çatıb ki, ölkənin iri idarələrində kütləvi ixtisarlara başlanıb. Bu qurumlardan biri Azərbaycan Dövlət Neft Şirkətidir (ARDNŞ).

ARDNŞ-dəki kütləvi ixtisarlar barədə «Azadlıq»a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Artıq 3000 nəfərdən artıq işçi ixtisara salınıb. Hüquq müdafiəçisi bildirib ki, ARDNŞ rəhbərliyi ixtisarı özünəməxsus qaydada aparır:

«İxtisarların maliyyə böhranına görə aparıldığı işçilərdən gizlədilir. Təqaüd yaşına çatan işçilərə məcburi ərizə yazdırılır, bəzilərini aldadırlar ki, sizə kompensasiya veriləcək və s. Bundan əlavə, 30-40 il şirkətdə çalışan işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanır. Burada isə məqsəd həmin işçiləri hər zaman çox asanlıqla işdən azad etməkdir. Əslində isə, bütün bunlar maliyyə böhranı nəticəsində ARDNŞ-də vəziyyətin pisləşməsi ilə əlaqədardır».


«Yeni Azərbaycan» qəzeti:

«Azərsu» Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycanın rayonları üzrə sayğaclaşdırma 33 faiz, Bakı şəhərində isə 50 faiz həyata keçirilib.

Bu barədə fevralın 13-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Cəmiyyətin prezidenti Nizaməddin Rzayev məlumat verib.

Müəyyən vaxtlarda paytaxt sakinlərinə verilən suyun bulanıq və çirkli olması ilə bağlı sualı cavablandıran N.Rzayev qeyd edib ki, suyun tərkibinin bəzən həddən artıq lilli olması suyun götürüldüyü mənbələrdə lillənmə ilə əlaqədardır. Bəzən «Azərsu»nun sutəmizləyiciləri suyun tərkibini durulda bilmir və nəticədə əhaliyə verilən su lilli olur.

N.Rzayev (əhali) istehlakçı qrupundan yığım səviyyəsinin qənaətbəxş olmadığını deyib. Bildirib ki, ötən il istehlakçılara göstərilən su və kanalizasiya xidmətləri haqqının yığım səviyyəsi 67.6 faizə çatdırılıb. O cümlədən, əhali üzrə 46.7, müəssisə və təşkilatlar üzrə 91.9 faiz təşkil edib...
XS
SM
MD
LG