Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:27

Rusiya və Gürcüstan arasında yeni müharibə başlaya bilər


Felgenqauer birinci Rusiya-Gürcüstan müharibəsini də qabaqcadan proqnozlaşdırmışdı
Felgenqauer birinci Rusiya-Gürcüstan müharibəsini də qabaqcadan proqnozlaşdırmışdı
Tanınmış rusiyalı analitik Pavel Felgenqauer «Azadlıq» radiosunun Brüsseldəki müxbiri Lobyakasa müsahibəsində deyir ki, Rusiya və Gürcüstan arasında yeni müharibənin başlanma ehtimalı böyükdür.

Baxmayaraq ki, fevralın 17-18-də Gürcüstan, Rusiya, Cənubi Osetiya və Abxaziya nümayəndələri Cenevrədə razılığa gəliblər ki, Cənubi Osetiya ətrafında insidentlərin qarşısının alınması üçün tədbirlərin görülməsinə çalışsınlar və regiona beynəlxalq müşahidəçilərin daxil olmasına şərait yaratsınlar. Bu, Rusiya və Gürcüstan arasında inam yaratmaq istiqamətində oktyabrda başlanan danışıqlarda ilk anlaşmadı. Bu, beynəlxalq səviyyədə regionda sabitliyə doğru ilk addım kimi qiymətləndirilib.

Amma Felgenqauer deyir ki, anlaşmaya baxmayaraq, atəşkəslə bağlı vəziyyət eyni cür qalacaq, yəni hər iki tərəfdən provakasiyalar baş verməkdə davam edəcək, atışmalar olacaq:

«Belə bir şəraitdə böyük ehtimalla bütün bunlar hərbi əməliyyatlarla nəticələnəcək».

Rusiyalı ekspert hesab edir ki, atəşkəs rus əsgərlərinin ölümü ilə nəticələnsə, bu, Moskvanın əlində hərbi əməliyyatlara başlamaq üçün əsas ola bilər.

«Rusiya vaxt udmaq istəyir»

Felgenqauer birinci Rusiya-Gürcüstan müharibəsini də qabaqcadan proqnozlaşdırmışdı. Bir çoxları düşünür ki, Rusiya Cənubi Osetiya kartı ilə Gürcüstanın NATO-ya girməsinin qarşısını almağa çalışır, amma rusiyalı ekspert deyir ki, bu, daha böyük məqsədlərə hesablanan strategiyadır. Onun fikrincə, Rusiya danışıqlar və anlaşmalar yoluyla vaxt udmaq istəyir:

«Düzdür, Saakaşvili Rusiyanın xoşuna gəlmir. Amma bundan başqa, bir məsələ də var ki, Ermənistan və oradakı rus hərbi birləşmələri Rusiyadan təcrid olunub. Rusiyadan bu ölkəyə quru yolu yoxdur, ora hərbi texnika aparmaq və ya təmir, modernizasiya üçün ordan texnika çıxarmaq mümkün deyil. Ancaq hava yolu mövcuddur. Belə vəziyyət isə çox davam edə bilməz».

Felgenqauer deyir ki, Ermənistan Rusiyanın nə qədər yaxın müttəfiqi olsa da, təcrid vəziyyəti erməniləri başqa istiqamətə üz tutmağa məcbur edə bilər. O düşünür ki, Gürcüstanın zəbt edilməsi bu təhlükəni neytrallaşdırar və Azərbaycanı da təcrid vəziyyətinə salar. İndiki vəziyyətdə isə onun sözlərinə görə, Azərbaycan Rusiyaya müqavimət göstərir və Amerika və Avropa Birliyi ilə sıx əməkdaşlıq edir.

«Tbilisi əsas hədəf deyil»

Felgenqauer deyir ki, yeni müharibə başlanarsa, Tbilisinin özü ruslar üçün əsas strateji hədəf olmayacaq. Yeni müharibənin əsas meydanı Qori və Tbilisi arasındakı yol ola bilər:

«Tbilisinin özü elə də vacib deyil. Amma Tbilisidən şərqə gedəndə vacib obyektlər var. Vazianidəki hərbi baza, Tbilisi beynəlxalq hava limanı...Orda çoxlu hava zolaqları var. Çünki ərazi hamar olmadığı üçün indi Rusiyanın Cənubi Osetiyada heç bir daimi təyyarə zolağı yoxdur».

Rusiyanın regiona ən yaxın hərbi hava bazası Şimali Osetiyada – Beslandadır.

Felgenqauerin proqnozuna görə, Rusiyanın növbəti hücumu «qələbə sonluqlu müharibə» olacaq.

Rusiyalı ekspert deyir ki, Gürcüstana hücum üçün ən münasib vaxt Rusiya üçün iyul-avqust ayları ola bilər - dağ yolları asanlıqla keçilə bildiyi vaxtlarda. Onun sözlərinə görə, Rusiya ordusunun oktyabrda qış qapını kəsdirənəcən iki ay vaxtı olacaq.

«Amerikanın başı Əfqanıstana qarışıb»

Felgenqauer Amerikanın məsələyə müdaxiləsini ağlabatan saymır. O bildirir ki, Birləşmiş Ştatların yeni prezidenti Barak Obamanın əsas məqsədi Əfqanıstandakı vəziyyəti düzəltməkdir. Bunun üçün ona Rusiyanın hava məkanı ilə yüklərin daşınması da lazımdır:
«Moskvada düşünürlər ki, Amerika bu məsələdə Gürcüstandakı maraqlarını alver predmetinə çevirə bilər».

Felgenqauer düşünür ki, yeni müharibənin qarşısını iki məsələ ala bilər, ya Gürcüstanda, ya da Rusiyada hakimiyyətin dəyişməsi.

Amma Gürcüstan rəsmiləri yeni müharibənin başlanması ehtimalını rədd edirlər. Müdafiə naziri Vasil Sixarulidze yeni konfliktin qaçılmaz olması fikri ilə razı deyil, amma bildirir ki, Rusiyanın istənilən hücumuna cavab verməyə hazırdırlar:

«Rusiyanın təcavüzü və onun ərazilərimizi işğal altında saxlaması bizim ölkədə təhlükəsizliklə bağlı vəziyyətə çox mənfi təsir edib. Amma Gürcüstanın hərbi qüvvələri və ümumilikdə Gürcüstan dövləti ölkəni inkişaf etdirməkdə davam edir. Bununla yanaşı biz Rusiyanın təcavüzünə cavab verməyə və onu neytrallaşdırmağa hazırıq».

Qərbdəki bəzi analitiklər isə deyirlər ki, Gürcüstan Rusiyanın hərbi gücü qarşısında aciz olduğunu bilir, amma prezident Saakaşvili yeni hərbi əməliyyatlara başlaya da bilər. Onların gümanlarına görə, bu ona hakimiyyətinin laxlayacağı halda, məsələn, yazda müxalifətin genişmiqyaslı etirazları vaxtı lazım ola bilər.
XS
SM
MD
LG