Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Boris Berezovski: «İstefam barədə qərarı Bakıda eşitdim»


Boris Berezovski
Boris Berezovski
Londonda mühacirətdə olan rusiyalı oliqarx Boris Berezovski «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- Boris Abramoviç, Day.az internet portalına müsahibənizdən bir neçə gün sonra, bu resurs bağlandı. Hadisənin müxtəlif versiyaları haqda danışılır. Səbəb kimi, daha çox, Sizinlə olan müsahibə göstərilir. Bu fikirləri necə dəyənləndirərdiniz? Bu, Rusiyanın Azərbaycana təzyiqlərinin nəticələrindən biri kimi qəbul edilə bilərmi?

- Mənə saytın bağlanma faktı bəllidir. Fikrimcə, bu, hamısı konspirologiyaya aid məsələdir. Guya müsahibə verdiyimə görə bağlanıb və s. Ona görə də, baş verənə hər hansı bir qiymət verə bilmərəm. Sadəcə, hesab edirəm ki, müstəqil informasiya mənbəyinin bağlanması pis hadisədir. Lakin səbəbi barədə, sözün düzü, bixəbərəm.

- Britaniyanın SKY telekanalına müsahibənizdə Siz Qərbdə Rusiyanın «çirkli pullar»ının yuyulması haqqında danışmısınız. Əgər belələri varsa, azərbaycanlı oliqarxların pulları haqda nə deyə bilərsiniz?

- Mən azərbaycanlı oliqarxlar haqqında, nə də onların pulları barədə bilmirəm. Mən yalnız Putin və onun ətrafının «çirkli pullar»ının yuyulması haqda bilirəm, dəqiqliklə. Buna görə də, cavabdehəm. Azərbaycana aid olan bu cür məsələlərdən isə heç anlayışım da yoxdur.

- Əgər Primakov və Rusiyanın Təhlükəsizlik Xidməti hər bir vəhclə Qarabağ probleminin həllinə mane olurdularsa, Sizin mövqeyiniz nə idi? O zaman Siz MDB-nin icraçı katibi idiniz. Hazırda münaqişənin həlli yollarını nədə görürsünüz?

- Mövqeyim tamamilə açıq idi. Mən onu həm rəhmətlik Heydər Əliyevlə, həm də Koçaryanla müzakirə etmişəm. İki prezidentlər arasında bir növ körpü rolunu oynayaraq səfərlər edirdim. O zaman hiss etdim ki, mövqeləri yaxınlaşdırmaq imkanları var. Mənim fikrimcə, Azərbaycan bölünməz ölkədir. Sözsüz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü xeyrinə mütləq həll olunmalıdır. Ağır mövzudur. Lakin həll olunası məsələdir. Xoş məram olan yerdə. Bu cür məram o zaman Əliyev və Koçaryan tərəfindən irəli sürülmüşdü. Danışıqlarda da nəzərəçarpan irəliləyiş var idi. Rusiya doğrudan da destruktiv rol oynayırdı. Bu, Primakovun davranışı və Yeltsinə yazdığı məruzələrdən hiss olunurdu. Əgər yadınızdadırsa, MDB-nin icraçı katibi vəzifəsindən çıxarılmam haqda xəbəri mən məhz Azərbaycanda Heydər Əliyevlə görüşəndə eşitdim. Güman ki, bu istefa qərarı Rusiyanın səbr kasası üçün sonuncu damcı oldu. Bu, Rusiyanın qərəzli mövqeyi idi. Onların siyasəti münaqişə ocaqlarını yaradıb, tərəfləri istismar etməkdir. Regionda dövlətləri şantaj edərək.

- Onda belə çıxır ki, Qarabağ münaqişəsinin «açarı» Moskvadadır deyənlər haqlıdır?

- Qətiyyətlə yox. Sadəcə, Rusiya Ermənistana böyük təzyiqə malikdir. O zaman, Rusiyanın mövqeyi ilə hesablaşmamaq səhv idi. Lakin nəticə etibarilə, bu sualın həlli Azərbaycan və Ermənistan liderlərinin siyasi iradəsindən asılıdır. Bu iradə altında həyata keçirilən əminliyi başa düşürəm. Bu halda reallığı anlamaq lazımdır. Qonşu dövlətin ərazi bütövlüyünə hesablanmış siyasət hər zaman sənə qarşı çönə bilər. Sonuncu nümunə kimi, Rusiyanın beynəlxalq hüququn normalarına sözün əsl mənasında tüpürməsini gətirmək olar - Rusiya Cənubi Osetiya və Abxaziyanı tanıdı. Nəticədə Rusiya yalnız Nikaraqua ilə «ittifaqda» oldu. Bu, Rusiyanın səhv mövqedə olduğunu yenidən göstərir. Rəsmi Moskva mövcud siyasi reallığı anlamır və onlara qarşı çıxır. Dağlıq Qarabağ münaqişəsində də Rusiya özünü belə aparır.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, sırf Dağlıq Qarabağın Azərbaycan ərazisi olması haqda suallara siyasi əsəbilik nümayiş etdirirlər. Siz də qeyd etdiniz ki, münaqişə Azərbaycanını ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bəs Dağlıq Qarabağı gələcəkdə Azərbaycanın tərkibində görürsünüzmü?

- Təcrübəmə əsaslanaraq sizə deyim ki, həmsədrlərin mövqeyi nəinki effektiv, hətta konstruktiv belə deyil. Onların iştirakı problemin həllinə təsiri olmayan beynəlxalq proses görüntüsünü yaradır. Bu məsələdə onların iştirakının hətta təhlükəsi var. Yəni, konkret hərəkət olmayan illüziya. O ki qaldı Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibində qalmasına, ona hansı dərəcəli muxtariyyətin verilməsi sualına, yenidən qeyd etmək istəyirəm ki, bu, çox çətin sualdır. Amma vaxtilə bu suala yanaşma üsulunu biz tapmışdıq. İki prezidenti nəzərdə tuturam - Heydər Əliyev və Koçaryanı. Onlar anladılar ki, bu qəliz vəziyyətin həllini tapmaq üçün irəli aparan yol var. Ona görə, fikrimdə qalıram ki, bu problemin həlli var.
XS
SM
MD
LG