Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:20

Elman Rüstəmov: «Tikinti şirkətləri ədalətli qiymətlər qoymalıdır»


Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tikinti şirkətlərinə müraciət edib ki, bazara daha ədalətli qiymətlər təklif etsinlər. Onun sözlərinə görə, tikinti sektorunu canlandırmaq üçün hökumət ipoteka siyasətinə yeniliklər gətirməyi düşünür. Amma əmlak bazarında qiymətlər aşağı salınmayınca, nə əhalinin ehtiyaclarını ödəmək, nə də tikinti sektoruna effektli yardım etmək mümkün olmayacaq. Böhran Milli Bankı təkcə ipoteka kreditləri ilə bağlı siyasətini dəyişməyə məcbur etmir.

E.Rüstəmov banklara veriləcək kreditlərin uçot stavkasının da aşağı salındığını elan edib. Amma bundan adi vətəndaş nə kimi xeyir görəcək, bu barədə bir az sonra.

Milli Bankın sədri Elman Rüstəmov deyir ki, qlobal iqtisadi böhran nəticəsində neftin qiymətinin düşməsi Azərbaycanın neftdən gələn gəlirinə də təsirsiz ötüşməyəcək. Amma o, hesab edir ki, ətrafda baş verənlərə baxmayaraq, hökumət manatın ucuzlaşdırılmasına, iqtisadçıların diliylə desək, devalvasiyaya getməyəcək. Daha doğrusu, bu məsələ hazırda gündəmdə deyil.

E.Rüstəmov əmin edir ki, valyuta sarıdan ölkənin kifayət qədər strateji ehtiyatları var və manatın saxlanması üçün bütün resurslardan yararlanmaq niyyətindədirlər:

- Son iki ay ərzində Milli Bank 300 milyon dollar satıb. Kifayət qədər ehtiyatımız var. Normaya görə, üç aylıq idxala olan təlabatını ödəmək səviyyəsində olmalıdır, amma bu, bizdə 30 ayı ödəyəcək səviyyədədir.

E.Rüstəmov manatın devalvasiyasını diktə edən şərtlərin mövcudluğunu istisna etmir, amma deyir ki, manatın qorunmasını əsaslandıran amillərin daha artıq çəkisi var.

Milli Bank yerli bankların maliyyə vəziyyətinin sabitliyinə dəstək vermək üçün martın 2-dən uçot dərəcəsini də 3 faizə endirəcək. O cümlədən, banklara əlavə daxili mənbə tapmaq üçün hökumət yollar arayır.

E.Rüstəmov deyir ki, xarici ölkələrdəki valyuta ehtiyatlarından bir hissəsi Azərbaycana gətiriləcək və reytinqli banklarda yerləşdiriləcək.

Ekspertlərin fikrincə, söhbət, prezident İlham Əliyevin də bir müddət öncə ölkəyə gətiriləcəyini vəd etdiyi Neft Fondunun pullarından gedir.

İqtisadçı ekspertlər isə Elman Rüstəmovun ölkənin maliyyə sektoruyla bağlı açıqlamalarını daha çox siyasi bəyanat kimi qiymətləndirirlər. Onların fikrincə, manatın ucuzlaşdırılmaması ölkənin daxili iqtisadiyyatını zərbə altında qoyur, ixracatı zəiflədir, idxalı isə gücləndirir. Bəzi iqtisadçılar manatın qorunması üçün dövriyyəyə xarici valyutanın buraxılmasını həm də itirilmiş pullar sayır. Müstəqil iqtisadçı Natiq Cəfərli deyir ki, heç kim ehtiyat valyuta vəsaitlərinin 30 aya yox, daha tez müddətə tükənməsinə zəmanət vermir:

- Aya 150 milyon dollar bu gün xərclənirsə, sabah bu rəqəm də arta bilər. Əvvəllər Rusiyaya gedən azərbaycanlılar ailələrinə dollarla pul göndərirdilər. Bu da Milli Banka əlavə kömək idi. Amma Rusiyadan göndərilən vəsait azalıb, sabah bir az da azala bilər. Onda Milli Bank məcbur olacaq ki, manatı saxlamaq üçün ehtiyatlarından daha artıq istifadə etsin.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev də milli valyutanın qorunmasının üstün və çatışmayan cəhətlərindən danışır. Amma hesab edir ki, biznes strukturları inhisarlaşan bir ölkədə milli valyutanın ucuzlaşdırılması inflyasiyadan başqa heç nəyə xidmət etməyəcək. Onun fikrincə, Milli Bankın uçot dərəcəsini aşağı salması da bankların maliyyə stabilliyinə təsir göstərməyəcək:

- Azərbaycanda bankların verdiyi kreditlər iqtisadiyyatın ehtiyaclarının çox az bir hissəsini ödəyib. 2008-ci ilin məlumatlarına görə, iqtisadiyyata yönələn bank kreditlərinin Ümum Daxili Məhsulda (ÜDM) payı 20 faiz olub. Halbuki, inkişaf etmiş ölkələrdə bu rəqəm 4-5 dəfə yüksəkdir. İkincisi, bank sektorunun verdiyi kreditlər inkişafa yox, istehlaka xidmət edib. Kreditin 60 faizindən çoxu ticarət və xidmət sahəsini əhatə edir. Hərçənd bu sahələrin ÜDM-da payı 4-6 faiz deyil. Amma ÜDM-da payı 20 faizə qədər olan kənd təsərrüfatının, tikintinin kredit alınmasında payı 25-30 faiz olmayıb.

Natiq Cəfərli isə deyir ki, adətən mərkəzi bank uçot dərəcəsini aşağı salanda kreditləşmədə faizlər də dəyişməlidir. Amma bu, müşahidə olunmur:

- Beynəlxalq iqtisadi qaydalara görə, ucot dərəcəsi aşağı düşürsə, bankların verdiyi kreditlərin dərəcəsi də aşağı düşməlidir. Amma təsəvvür edin ki, kredit dərəcəsi həddindən artıq yüksəkdir. 18 faizdən 36 faizə çatan şərtlərlə kommersiya kreditləri verir.

Söhbət etdiyimiz iqtisadçılar hesab edirlər ki, dünya maliyyə böhranı Azərbaycanda manatın devalvasiyasını qaçılmaz edəcək. Amma gələcəkdə kəskin addımlar atmaqdansa, indidən daha ehtiyatlı yanaşmalarla vəziyyətə təsir etmək mümkündür.

Milli Bankın sədri Elman Rüstəmov isə deyir ki, manatın qorunması üçün bir neçə amil var. Onlardan biri də ölkənin sabit maliyyə imicinin müdafiəsidir:

- Bu gün Azərbaycan maliyyə böhranı çərçivəsində özünü sabit maliyyə ölkə kimi təqdim edir. Bu sabitliyin vacib komponentlərdən biri də onun milli valyutasının möhkəm olmasıdır.

İqtisadçı Rövşən Ağayev isə deyir ki, bu cür bəyanatlar Azərbaycan iqtisadiyyatına baha başa gələcək:

- Milli valyutanın dəyərinin yüksək saxlanması siyasi motivlərlə əsaslandırılacaqsa, «bizim imicimiz var, biz sabit ölkəyik» deyiləcəksə, hesab edirəm ki, bu, siyasi qərar olacaq və bu qərarın ağrısını Azərbaycan iqtisadiyyatı uzun illər çəkəcək.
XS
SM
MD
LG