Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:23

«Sifarişli qətllərin açılması üçün prezidentin iradəsi olmalıdır»


Əyyub Kərimov və Sülhəddin Əkbər
Əyyub Kərimov və Sülhəddin Əkbər
«Prezident hüquq-mühafizə orqanları qarşısında qəti vaxt qoymalıdır. Onlara deməlidir ki, ya siz bu qətllərin üstünü açın, ya da istefa verin».

Bunu «Panorama» verilişində «Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov deyib.

O yada salıb ki, artıq «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 4 il keçir:

«Bu 4 ildə jurnalistin qətlinin üstünü aça bilməyən ölkə demokratik sayıla bilməz».

Ə.Kərimov bildirib ki, bu vaxta qədər Azərbaycanda baş verən səs-küylü qətllərin üstü yalnız qismən açılıb. Həmin qətllərin hər biri ilə bağlı hələ də çoxsaylı müəmmalar qalmaqdadır. Ə.Kərimova görə, bu da ondan xəbər verir ki, hüquq-mühafizə orqanları istintaq zamanı cinayətlərin əsl mahiyyətini gizlədiblər:

«İndi çoxlarında belə bir təsəvvür yaranıb ki, Azərbaycanda hakimiyyət dəyişməsə, bütün bu qətllərin üstü açılmayacaq».

Ə.Kərimov deyib ki, 4 il ərzində jurnalistin qatilini tapa bilməyən hüquq-mühafizə orqanlarının rəhbərləri istefaya göndərilsəydilər, Rail Rzayevin qətlinin üstünün açılması belə çətin olmazdı. Baş redaktorun fikrincə, R. Rzayevin qətlinin istintaqında yeniliklərin olması barədə deyilənlər də ictimaiyyəti arxayınlaşdırmaqdan başqa bir şey deyil. O, Sovet dövrünə aid bir misal da çəkib:

«Qatarı hərəkətsiz saxlayırdılar, qatarda da Siyasi Büronun yaşlı üzvləri yer alırdı. Qatarı silkələməklə onun hərəkət etdiyi təsəvvürü yaradılırdı…»

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər isə deyib ki, səs-küylü cinayətlərin açılması üçün ölkə başçısında iradə olmalıdır:

«Nə qədər ki, hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflıq yoxdur, nə qədər ki, məhkəmələr müstəqil deyil və nə qədər ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti üzərində xalqın nəzarəti yoxdur, bu cinayətlərin üstü açılmayacaq».

S.Əkbər düşünür ki, Azərbaycan kimi avtoritar ölkələrdə prezidentin bir istintaqı nəzarətə götürməsi müsbət nəticə vermir:

«Əksinə, bu zaman istintaq sifarişlə işləyir və cinayətlərin əsl mahiyyəti ört-basdır edilir»…

Buna da bax:

XS
SM
MD
LG