Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

REFERENDUMDAN ƏN SON XƏBƏRLƏR (saat 14.53)


Azadlıq Radiosunun müxbirləri Bakıda və Azərbaycanın bölgələrində referendumun gedişini izləyərək ən son məlumatları sizə çatdırır. Bu xəbərlər dəqiqəbədəqiqə yenilənir. Bizi izləyin

Referendumun gedişi haqda məlumatları, analiz və şərhləri həmçinin radio vasitəsilə hər saatbaşı efirə gedən xəbərlər buraxılışlarından, saat 17.05-dən 19-dək "İşdən sonra" və saat 20-dən 21-dək "Kontekst" proqramlarında dinləyə bilərsiniz.



(14.43) MSK referendumu baş tutmuş hesab edir

Adamları referenduma daşıyan avtobus

Azərbaycanda konstitusiyaya dəyişiklik edilməsilə bağlı referendumu baş tutmuş hesab etmək olar.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə günün yarısınadək referendumda 32 faizdən artıq seçici iştirak edib.

Qanuna görə əgər referendumda seçicilərin 25 faizi iştirak etsə onu baş ttutmuş hesab eləmək olar.


(14.30) 60 saylı MİS-in sədri: «Adamları referenduma cəlb etmək bizim borcumuzdur»

Bu gün iş günü olmasa da, Mənzil İstismar sahələrinin işçiləri işdədirlər. Özləri də açıq-aşkar deyirlər ki, referenduma görə işə çıxıblar.

60 saylı MİS-in sədri Vüqar Həsənli deyir ki, adamları referenduma cəlb etmək onların borcudur.

60 saylı MİS-in əməkdaşlarından biri isə zəng etdiyi adama deyirdi ki, «JEK»ə gəlin, biz sizi aparaq.


(14.08) MÜXALİFƏT MÜŞAHİDƏÇİSİ QUTULARA YÜZLƏRLƏ ƏLAVƏ BÜLLETENİN ATILDIĞINI İDDİA EDİR

Şəffaf seçki qutuları


«23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 8 saylı məntəqəsində təbliğat lövhələrində bu gün səhər YAP-ın plakatları gözə dəyib».

«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatından müşahidəçi Nurəddin Babayev «Azadlıq» radiosuna belə deyib.

Onun sözlərinə görə, məntəqədə komissiya üzvləri seçki qutularına kütləvi şəkildə bülleten atıblar. N.Babayev qutulara yüzlərlə əlavə bülletenin atıldığını iddia edir.

Hakim Yeni Azərbaycan Partiyası bu gün bəyanat verərək bəzi müxalifətyönümlü siyasi partiyaları təmsil edən müşahidəçilərin seçkini pozmağa cəhd etdiyini bildirib.

(14.00) VALİDEYNLƏRİ SƏS VERMƏYƏN ŞAGİRDLƏRİN QİYMƏTLƏRİ KƏSİLƏCƏK

4 saylı Xətai seçki dairəsinin 7 saylı məntəqəsində referendumla bağlı maarifləndirmə materialları görünməz edilib. Həmin məntəqə 56 saylı məktəbdə yerləşir. Məktəbin şagirdlərindən bəzilərinin «Azadlıq» radiosunun müxbirinə dediyinə görə, məktəb rəhbərliyi onlardan tələb edib ki, valideynləri mütləq referendumda səs verməlidir, əks halda «qiymətləri kəsiləcək».

6 saylı məntəqədə isə bir adam bir neçə nəfərin yerinə səs verib. Bir kabinəyə bir neçə seçicinin də girməsi müşahidə edilib.

(13.34) QARABAĞLI SEÇİCİLƏR REFERENDUMA HAMIDAN ÇOX MARAQ GÖSTƏRİR

Bakı sakinləri referendumda


Saat 12-yə kimi ölkə üzrə ən aktiv seçici fəallığı 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsində qeydə alınıb – 43%, ən az 73 saylı Lənkəran şəhər dairəsində olub -24,06 faiz.

Bakıda ən çox fəallıq 8 saylı Binəqədi birinci 37,75% müşahidə edilib, ən az göstərici isə 31 saylı Suraxanı ikinci dairəsində olub - 19,32%.

(13.22) REFERENDUM ARTIQ BAŞ TUTMUŞ SAYILA BİLƏR

Saat 12-yə olan məlumata görə, 1 milyon 587 min 251 nəfər səs verib. Bu da ümumi seçicilərin 32,44%-i deməkdir.

Məlumatı Seçki İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov verib.

Mövcud qanunvericiliyə görə seçicilərin 25 faizi səsvermədə iştriak eləyibsə, referendum baş tutmuş sayılır.


(13.14) AVTOBUSLA SƏSVERMƏYƏ GƏTİRİLƏN TƏLƏBƏLƏR AZADLIQ RADİOSUNUN ƏMƏKDAŞINA HÜCUM ELƏDİ

Nərimanov rayon 20 sayli dairədə 16 və 17 sayli məntəqələrdə mikroavtobusla gətirilən tələbələr səs veriblər. Mikroavtobusun nömrəsi 90 BP 695

Həmin məntəqələr 200 və 43 sayli məktəblərdə yerləsir. Azadlıq radiosunun əməkdaşının suallarına cavabda gənclər bildiriblər ki, avtobusla gəzməyə çıxıblar.

Bu zaman tələbələrdən biri reportyorumuzun kamerasını əlindən almaq istəyib.

(13.08) YAP MÜXALİFƏTİ REFERENDUMU POZMAQDA İTTİHAM ELƏYİR

«Yeni Azərbaycan» təşviqat qrupu müxalifəti ittiham edib. Qrup açıqlamasında bildirilir:

«Bəzi müxalifətyönümlü siyasi partiyaları təmsil edən müşahidəçilərin, eləcə də onların nəzarəti altında olan KİV nümayəndələrinin qanunvericilikdə nəzərdə tutulmayan, məntəqə seçki komissiyalarının iş mexanizmini, həmçinin səsvermə prosesini pozmağa yönəlmiş fəaliyyətləri müşahidəçilərimiz tərəfindən qeydə alınıb».

Açıqlamada o da deyilir ki, 43 saylı Sumqayıt şəhər Dairə Seçki Komissiyasının üzvü, «Ümid» partiyasının Sumqayıt şəhər təşkilatının sədri Rzayev Elşad Salman oğlu 30 saylı məntəqəyə gələrək, məntəqə seçki komissiyasının fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər etmiş, anti-təbliğatla məşğul olmuş, səsverməyə gələn seçiciləri təhqir etməkdən çəkinməmişdir.

«Respublikaçılar» referendum üzrə təşviqat qrupunun müşahidəçisi, Müsavat partiyasının üzvü Hacıbəyli Cavid İbrahim oğlu 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı məntəqəsində seçiciləri təhqir edib.

AXCP sədri Əli Kərimli YAP-ın iddialarını absurd hesab edir.

AXCP sədri Əli Kərimli deyir ki, qanunu pozan müxalifətdən olan müşahidəçilər yox, hakim partiyanın üzvləridir:

«Səhər tezdən bizim müşahidəçilər məlumat verirlər ki, əksər səsvermə məntəqələrinə yüzbaşılar, minbaşılar əvvəlcədən hazırlanmış siyahı üzrə seçiciləri avtobusla daşıyırlar. Karusel üsuluna uyğun olaraq sonra da həmin adamlar başqa məntəqələrə aparılır. Bu zaman həmin adamların məntəqədə seçici olub-olmadığını yoxlamağa imkan verilmir. Bizim yerlərdəki müşahidəçilərimiz isə dəstəylə gətirilənlərin şəxsiyyətini müəyyən etməyə, karusel yoluyla səsverməsinə mane olmağa çalışırlar. Və ya təkid edirlər ki, komissiya üzvləri baş verənlərin qarşısını alsınlar. Bütün bunlar da Yeni Azərbaycan Partiyasının saxtakarlıq mexanizminə xələl gətirir. YAP onu müxalifətdən tələb edir ki, onların saxtakarlığını görməyək».

Əli Kərimlinin sözlərinə görə, onların suçu odur ki, müşahidəçiləri saxtakarlıqları görür, sənədləşdirir, azsaylı beynəlxalq müşahidəçilərə, xarici mətbuata verir.

«YAP bu təsiri azaltmaq üçün absurd iddialar ortaya atır. Bir dəfə də beynəlxalq standarta uyğun seçki keçirməyən partiya çoxdan mənəvi haqqını itirib ki, başqa partiyaları seçkilərə müdaxiləyə görə qınasın».

(12.44) HƏKİMLƏR XƏTAİDƏ SƏS VERİRLƏR

36 saylı Xətai rayon seçki dairəsinin 5 saylı məntəqəsində başqa yerdə işləyən həkimlər də gəlib səs verirlər.

Bunu «Azadlıq» radiosunun müxbiri Kəbiran Dilavərli müşahidə edib.

(12.38) YAP MÜŞAHİDƏÇİLƏRİ HƏR HANSI POZUNTU QEYDƏ ALMAYIBLAR

Referendumu «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun 5000-dən yuxarı müşahidəçisi izləyir.

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunu təmsil edən müşahidəçilərin verdiyi məlumatlara görə, bütün məntəqələrdə səsvermə prosesi seçicilərin yüksək fəallığı şəraitində başlayıb: «Ümumxalq səsverməsinin başlanmasından ötən üç saat ərzində hər hansı qanun pozuntusu müşahidə edilməmiş və qeyd alınmamışdır».

Amma müstəqil müşahidəçilər və «Azadlıq» radiosunun müxbirlərinin verdikləri məlumatlara görə məntəqələrdə bir sıra pozuntu halları baş verir.

(12.33) SƏSVERMƏ BAŞLAYANDAN MSK-NIN QAYNAR XƏTTİNƏ 20 MÜRACİƏT OLUB

Referendum başlayandan MSK-nın «qaynar xətt»inə 20-yə yaxın müraciət daxil olub.

Bunlar əsasən seçicilərin harada səs verməli olduqları və seçki məntəqəsinin ünvanını dəqiqləşdirmək üçün edilən müraciətlərdir.

Martın 18-də isə «qaynar xətt»ə heç bir məlumat daxil olmayıb.

Bu barədə Seçki İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

(12.24) ŞƏKİDƏ SƏSVERMƏ NORMAL GEDİR

Şəkidə yerli kanalın müxbiri Murad Haşımov deyir ki, indiyə qədər 4 seçki məntəqəsində olub və qanun pozuntusu müşahidə etməyib.

«Səsvermənin gedişi və əhalinin iştirakı normaldır. Həm müxalifət, həm də iqtidar yönlü təşviqat qruplarından müşahidəçilər seçkini izləyə bilirlər. Azad müşahidəçilər də var. Müraciətlərə əsasən daşınan seçki qutuları evlərə aparılır».

(12.09) YÜZBAŞILAR YENƏ DƏ İŞ BAŞINDA

«Azadlıq» radiosunun müxbiri Səadət Akifqızı 21 saylı Nəsimi rayon seçki dairəsinin 25 saylı məntəqəsində yüzbaşı qadınla söhbətləşib. O, poçt şöbəsində işlədiyini deyib. Bu dairədə yüzbaşılar xeyli fəaldırlar.

Həmin dairənin 26 saylı məntəqəsində isə müşahidəçilər səsverməni izləməklə yox, tum çırtlamaqla məşğuldurlar.

(11.54) NAXÇIVANDA BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MÜŞAHİDƏ OLUNMUR

Yerli müşahidəçilərdənsə yalnız Həmkarlar İttifaqı nümayəndələri və müstəqil müşahidəçilərdir. Müxalifət təmsilçiləri də yoxdur.
«Azadlıq» radiosunun Muxtar Respublikada olan müxbiri Məlahət Nəsibova bildirir ki, səsvermə hələlik normal gedir.

Əsgərlər də səsverməyə gətirilib


Nəzərə çarpan dəyişiklik seçki kabinələrin sayının çoxalmasıdır. Bunu belə izah ediblər ki, bülletendəki maddələr çoxdur deyə, səsvermə vaxt aparır, camaat növbəyə dayanmasın.

(11.46) AĞSAQQALLAR ŞURASININ SƏDRİNİN ƏLİNDƏKİ NƏ İDİ?


77 saylı Astara seçki dairənin 1 saylı məntəqəsində müşahidəçi Nəcməddin Məmmədov 2 dəfə seçicinin 1-dən artıq bülletenlə seçki kabinəsinə daxil olduğunu müşahidə edib.

«Rayonun ağsaqqallar şurasının sədri Hamlet Əliyevin əlində 3 bülleten vardı. Bu haqda məntəqə seçki komissiyasının sədrinə məlumat verdim və aktlaşdırdım. Bir də dövlət sığorta idarəsinin müdirəsinin əlində də 4 bülleten vardı».

1 saylı seçki məntəqəsinin sədri Hacıbala Ramazanov «Azadlıq» radiosuna bildirib ki, müşahidəçi bu məlumatı səhv verib. Onun sözlərinə görə əslində həmin seçicilərin əlindəki əlavə bülleten yox, «Astara» qəzeti imiş.

ABir kabinəyə iki seçici...


(11.38) KOMİSSİYA SƏDRİ VİDEOKAMERA QARŞISINDA QUTUYA BİR TOPA BÜLLETEN ATIB

16 saylı Yasamal rayon ikinci seçki dairəsinin 2 saylı məntəqəsində seçki komissiyasının sədri qutuya bir topa bülleten atıb. Bunu «Azadlıq» radiosunun müxbiri Ülviyyə Əsədzadə qeydə alıb. «Respublikaçılar» təşviqat qrupundan müçahidəçilər buna etiraz edəndə, komissiya sədri boynundan atıb.
(Müxbir hadisəni videoya alıb. Həmin olayın videosu az sonra...)

(11.34) "HƏ" CAVABLARI İŞARƏLƏNƏN HAZIR BÜLLETENLƏR
Referendum üzrə təşviqat qrupları - «Qarabağ və Respublika uğurunda» və «Respublikaçılar» qruplarının mətbuata açıqlamasında deyilir ki, 67 saylı Cəlilabad seçki dairəsinin 6 saylı seçki məntəqəsinə seçicilər PAZ markalı və dövlət nişanlı avtobusla daşınır.

71 saylı Masallı kənd seçki dairəsinin 2 saylı seçki məntəqəsində seçicilərə dəstə şəklində seçki bülletenləri verilməsini aktlaşdıran müşahidəçi seçki məntəqəsindən kənarlaşdırılıb.

Təşviqat qruplarının məlumatımda deyilir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində müşahidəçinin əldə etdiyi məlumata görə axşam saat 1 radələrində seçki komissiyasının üzvləri 500-dən artıq seçki bülleteninin bütün maddələrində «hə» cavabı işarələnərək hazır saxlanılıb.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsində seçici siyahısındakı seçicilərin sayı 1552 nəfər göstərilib ki, bu da Seçki Məcəlləsinin 35.3.1 maddəsinə ziddir.

(11.31) BU SAATA OLAN ƏN YÜKSƏK AKTİVLİK AĞDAMDA QEYDƏ ALINIB

Səhər saat 10-a kimi ölkə üzrə ən aktiv seçici fəallığı 118 saylı Ağdam şəhər seçki dairəsində qeydə alınıb - 27,09 faiz, ən az 73 saylı Lənkəran şəhər dairəsində olub -10 faiz.

Bakıda ən çox fəallıq 14 saylı Əzizbəyov dairəsində -17,7 müşahidə edilib, ən az göstərici isə 26 saylı Sabunçu 1-ci dairəsində olub - 8,55%.

(11.20) PREZİDENT SƏS VERDİ

Prezident İlham Əliyev və ailə üzvləri səs verirlər



Prezident İlham Əliyev 29 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.



(11.17) MÜŞAHİDƏÇİ VƏ KOMİSSİYA ÜZVÜ QUTUYA BÜLLETEN QALAĞI ATIR

36 saylı Xətai 4-cü seçki dairəsinin 1 saylı məntəqəsində komissiya üzvü və müşahidəçi qutuya bir yığın bülleten atıb. Bunu «Azadlıq» radiosunun müxbiri Maarif Çingizoğlu görüb.

O, bir seçicini isə izləyib və həmin adamın bir neçə məntəqədə səs verdiyinin şahidi olub.

Həmin dairənin bütün məntəqələrində şəffaf qutu çatışmazlığı var.

Bülletenlərin həcmi böyük olduğundan qutular tez dolur. Ehtiyat qutular da tükənmək üzrədir.

(11.02) BİNƏQƏDİDƏ SƏSVERMƏNİN GEDİŞİNDƏ POZUNTULAR MÜŞAHİDƏ OLUNUR

Binəqədidə seçkiləri müşahidə edən «Azadlıq» radiosunun əməkdaşı Ülkər Akifqızının qeydə aldığı pozuntular:

8 saylı Binəqədi I seçki dairəsinin 30 saylı seçki məntəqəsi – bir kabinəyə seçici ilə yanaşı komissiya üzvü də girir və hərəkətini belə izah edir ki, seçici yaşlı olduğundan bülleteni oxuya bilmir.

8 saylı Binəqədi I seçki dairəsinin 26 saylı seçki məntəqəsi - ətrafda polislər keşik çəkir.

8 saylı Binəqədi I seçki dairəsinin 28 saylı seçki məntəqəsi - ətrafda polislər var, lövhədə isə Müsavatın «Xalq kral istəmir» şüarı hələ də qalır. Müşahidəçilər üçün ayrılmış oturacaqlar bomboşdur, üzvlərin də çoxu yerində yoxdur, komissiya sədri deyir ki, səsverməyə gələnlər az olduğundan yemək yeməyə gediblər.

8 saylı Binəqədi II seçki dairəsinin 30 saylı seçki məntəqəsi – hərbçilər kütləvi şəkildə səsverməyə gətirilir, mənim şəkil çəkməyimə mane olmaq cəhdi göstərilir.

(10.57) SAAT 10-DƏK ÖLKƏDƏ 719 400 NƏFƏR SƏS VERİB

Saat 10-a olan məlumata görə, ölkə üzrə seçicilərin 14,7%-i, yəni 719 min 400 nəfər artıq səs verib.
Bunu jurnalistlərə açıqlamasında Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynov bildirib.

(10.57) REFERENDUMA GƏLƏNLƏRİN RƏSMİ SAYI İLƏ MÜŞAHİDƏÇİLƏRİN RƏQƏMLƏRİ FƏRQLƏNİR

21 saylı Nəsimi seçki dairəsinin 7 saylı məntəqəsində müşahidəçilərlə referendum komissiyası üzvlərinin referenduma gələnlərin sayı ilə bağlı verdiyi rəqəmlər arasında iki dəfə fərq var.

6 və 7 saylı məntəqələrdə müxalifət müşahidəçisi yoxdur. Müstəqil olduğunu deyənlər var.

Seçicilərin çoxu səsvermə kabinəsində bir dəqiqədən az vaxt sərf edir.

(10.52) BÜDCƏ TƏŞKİLATLARININ ƏMƏKDAŞLARI İŞƏ GƏLMƏYƏ MƏCBURDURLAR


Martın 18-i rəsmi şəkildə qeyri-iş günü elan olunsa da, bir çox dövlət idarələrində, əsasən də məktəblərdə, poliklinikalarda işçiləri məcburən işə çağırıblar.

«Azadlıq» radiosunun əməkdaşı İlqar Rəsul bu gün iş başında olan adamları danışdırıb. Onların çoxu bu gün işlədiklərini etiraf ediblər.

Büdcə təşkilatları işçilərinin səsvermə günü işə gətirilməsi təcrübəsi əvvəlki seçkilərdə də olub. Müşahidəçilər bunu seçici fəallığı görüntüsü yaradılması cəhdi kimi dəyərləndirirlər.

(10.34) SƏSƏVERMƏNİ POLİSLƏR DƏ İZLƏYİR


29 saylı Səbail seçki dairəsinin 13 və 15 saylı məntəqələrində polislər düz məntəqənin yanında dayanıblar. «Azadlıq» radiosunun müxbiri Ülviyyə Əsədzadə xəbər verir ki, 13 saylı məntəqədə polislər maşınla, dəstəylə görünür.

Bakının müxtəlif yerlərində polis dəstələri müşahidə olunur.

(10.31) ABŞERONDA SƏSVERMƏ POZUNTUSU

45 saylı Abşeron seçki dairəsinin uşaq poliklinikasında yerləşən 6 saylı məntəqədə bir seçici bir neçə bülleteni qutuya atıb. Bunu «Azadlıq» radiosunun əməkdaşı görüb.

Məntəqə seçki komissiyasının sədri Cəmilə Məhərrəmova isə deyib ki, belə hal mümkün deyil və pozuntuya reaksiya verməyib.

Məntəqədə müstəqil yaxud müxalifət müşahidəçisi yoxdur.

(10.25) GƏNCƏDƏ SEÇİCİLƏRİN 14.52 FAİZİ ARTIQ SƏS VERİB

Saat 10 olan məlumata görə, Gəncədə olan seçicilərin 14.52 faizi səsvermədə iştirak edib. Bu barədə məlumatı Gəncədə olan Dairə Seçki Komissiyalarından məlumat veriblər. Məlumatda bildirilir ki, 147 654 seçicidən 21453 nəfəri artıq seçkilərə qatılıb.

Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd Dairə Seçki Komissiyası var. Məntəqələrin sayı isə əlavələrdə daxil olmaqla 110 təşkil edir.

Gəncə şəhərində 1000-dən sox yerli müşahidəçi seçkiləri izləyir. 26 məntəqədə isə veb kameralar quraşdırılıb.

(10.01) AĞCABƏDİDƏ BÜLLETENLƏRİ QUTUYA TOPA İLƏ ATIRLAR

«Burada total saxtakarlığa indidən başlayıblar. Rayonun bütün büdcə təşkilatının işçiləri seçkinin başlamasından bir saat sonra artıq səs veriblər».

Bunu «Azadlıq» radiosuna 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı seçki məntəqəsində müşahidəçisi Rüfət Hacıbəyli deyib. Onun sözlərinə görə rayonun su idarəsinin rəhbərliyi, onbaşı və yüzbaşılar əhalinin zorla seçkiyə getməsini təşkil edirlər.

Rüfət Hacıbəyli bildirir ki, müşahidəçiləri saya salmadan bülletenləri qanuna zidd halda topa ilə qutuya salırlar və deyirlər ki, «nə bilirik onu da edəcəyik».
«Gələn seçicilərə «hə» bəndini işarələmək göstəriş verirlər. Şəxsiyyət vəsiqəsi olmayanlar səs verirlər».

82 saylı Ağcabədi seçki dairəsində komissiya üzvi Abdulla Hüseynov isə «Azadlıq» radiosuna bildirib ki, onlara bununla bağlı nə yazılı, nə də şifahi şikayət daxil olmadığından bu məsələdən xəbərdar deyillər.

(09.37) JURNALİSTİ SƏSVERMƏ MƏNTƏQƏSİNƏ BURAXMAYIBLAR

«Azadlıq» radiosunun müxbiri Babək Bəkir xəbər verir ki, 84 saylı Fizuli seçki dairəsinin 68 saylı məntəqəsi, 118 saylı Ağdam seçki dairəsinin 44 saylı məntəqəsi, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 35 saylı məntəqəsinə seçicilər avtobuslarla gətirilir.

Avtobusların sürücüləri deyib ki, onları 82 saylı marşrutun rəhbərliyi göndərib ki, seçiciləri çatdırsınlar. Onlara bildirilib ki, bu gün xəttə çıxmayacaqlar və lazım olan yerlərə seçiciləri aparacaqlar.

MSK sözçüsü Azər Sarıyev deyib ki, seçicilərin uzaqda yerləşən məntəqələrə daşınmasını təşkil etmək qadağan deyil. İcra strukturları bu vəzifəni həyata keçirə bilər.

118 saylı Ağdam seçki dairəsinin 44 saylı məntəqəsinin sədri Arzu Mövsümova «Azadlıq» radiosunun əməkdaşına deyib ki, avtobusların onlara aidiyyəti yoxdur.

120 Cəbrayıl-Qubadlı 34 saylı məntəqəsinə isə Babək Bəkiri buraxmayıblar qapını bağlayıblar.

(09.26) GƏNCƏDƏ İLK POZUNTU


«Azadlıq» radiosunun müxbiri Gülnur Raqifqızı Gəncədə 39 saylı dairənin 20 saylı məntəqəsində ilk pozuntu ilə üzləşib.

Qeydiyyatdan çıxarış vərəqəsi olmayan bir şəxsə səs verməyə imkan verilib. Seçki komissiyasının üzvü deyib «eybi yoxdur, gəl səs ver. Bu bizə sərf edir».

Bəzi adamların bildirişlərinə ştamp vurulur. Komissiya üzvləri bunu niyə etdiklərinin səbəbini açıqlamırlar.

(09.03) ASTRARANIN BİR ÇOX MƏNTƏQƏLƏRİNDƏ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR YOXDUR

77 saylı Astara seçki dairəsinin bir çox məntəqələrində beynəlxalq müşahidəçilər yoxdur. 4 məntəqədə kamera var. Seçici aktivliyi hiss olunmur.
1 saylı seçki məntəqəsində sərhədçilər səs verib. Adamlar seçki kabinəsində çox qısa vaxt sərf edir.

12 seçki məntəqəsi dağ kəndlərində yerləşir.

(08.46) 15-CI DAİRƏNİN 2 SAYLI MƏNTƏQƏSİNƏ MÜŞAHİDƏÇİLƏR HƏLƏ GƏLMƏYİB

«Azadlıq» radiosunun əməkdaşları xəbər verirlər ki, Xətai rayonu 15-ci dairənin 2 saylı məntəqəsində müşahidəçilər hələ yoxdur. Səsvermənin ilk dəqiqələrində onun müşahidələrinə görə, pozuntu qeydə alınmayıb.

Həmin rayonun 36 saylı Xətai 4-cü seçki dairəsinin 2 saylı məntəqəsində artıq 20-dən artıq seçici səs verib.

Məntəqənin qarşısında çevik polis alayının maşınında polislər və yerli mənzil istismar işçiləri var. Məntəqənin içində müşahidəçilər gözə dəymir.

(08.28) MSK SƏSVERMƏNİ AÇIQ ELAN EDİR

Martın 18-i səhər 8-də MSK sədri Məzahir Pənahov referendumun başlandığını elan edib.

O, deyib ki, səsvermənin ilkin nəticələri gecə saat 12-dən tez açıqlanmayacaq.

(08.19) M.HADİ KÜÇƏSİNİN SAKİNLƏRİ MƏNTƏQƏLƏRİN YERİNİ BİLMİRLƏR

«Azadlıq» radiosunun əməkdaşı Şahnaz Bəylərqızı Əhmədli qəsəbəsində «Məhəmməd Hadi» küçəsində küçəsində sorğu keçirib.

Burada yeni tikilmiş binaların sakinləri səsvermənin keçiriləcəyi məntəqələrin yerini bilmədiklərini deyiblər

(08.15) NAXÇIVANDA REFERENDUMA START VERİLDİ

Naxçıvanda 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 15 saylı məntəqəsi vaxtında açılıb. Müşahidəçilər var.

Prezident seçkilərindən fərqli olaraq, seçkinin ilk dəqiqələrində məntəqə qarşısında qələbəlik olmayıb. Məlumatı «Azadlıq» radiosunun Muxtar Respublikadakı müxbiri verib.

XS
SM
MD
LG