Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:11

Generalın qətlinin 40-cı günü tamam oldu


Müdafiə nazirinin müavini Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
Müdafiə nazirinin müavini Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
Martın 23-də Müdafiə nazirinin müavini, general Rail Rzayevin qətlinin 40-cı günü tamam oldu. Bu münasibətlə mərhumun yaşadığı binanın həyətində çadır qurulub ehsan verildi.

Mərasimə xeyli adam - hərbçilər, mülki şəxslər qatılsa da, generalın qətlinin istintaqının nə yerdə olduğunu deyə biləcək səlahiyyət sahiblərindən kimsə gözə dəymədi.

Bu hadisəyə dair sonuncu məlumat isə ondan ibarətdir ki, qətllə bağlı hələlik heç kim saxlanılmayıb. Bunu bir neçə gün əvvəl APA-ya açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror son günlər mətbuatda generalın qətlində şübhəli bilinən bir neçə şəxsin saxlanılması barədə deyilənləri təkzib etməklə yanaşı, qətlin açılması üçün istintaq tədbirlərinin davam etdirildiyini də vurğulayıb.

Bəzi mütəxəssislərin fikrincə, hətta dövlətin yüksək çinli məmurlarının da qətlinin açılması xeyli zaman apara bilər. Burada qeyri-adi bir şey yoxdur. Qətl yüksək peşəkarlıqla törədildikdə istintaq qrupunun işi xeyli çətinləşir. Amma bu, heç də törədilmiş qətlin üstünün ümumiyyətlə açılmayacağı demək deyil.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, çox güman ki, generalın qətli açılmayan cinayətlər sırasına daxil olacaq. Çünki ölkənin Hərbi Hava Qüvvələrinin komandanı olan adamın qətli siyasi qətldir. Son illərin hadisələri göstərir ki, siyasi qətllərin üstünü açmaq, cinayətkarları cəzalandırmaq üçün ölkədə kifayət qədər siyasi iradə yoxdur.

Ərəstun Oruclu: «Bu situasiyada ən təəssüfləndirici hal odur ki, ölkənin müqəddəratına cavabdeh şəxslərdən biri qətlə yetirilirsə və o qətlin icraçıları, sifarişçiləri ifşa olunmursa, deməli, adi vətəndaşın öz təhlükəsizliyi baxımından nəyəsə ümid etməsi mümkün deyil».

Rail Rzayevin qətlindən sonra bu hadisə barədə bir çox versiyalar irəli sürüldü. Bəziləri hesab edirdi ki, bu, hakimiyyət daxilindəki qüvvələrdən birinin işidir. Bir başqaları isə generalı xarici qüvvələrin qətlə yetirdiyini inandırıcı sayırdılar. Bu versiyaları hansısa mənada Azərbaycana və ya onun rəhbərliyinə yönəlmiş təzyiq kimi dəyərləndirənlər də oldu.

Prezident İlham Əliyev qətldən sonra keçirdiyi müşavirədə heç kimin Azərbaycanı sarsıda bilməyəcəyini dedi. Məhz bu bəyanat hadisənin xaricdən törədilməsi versiyasını bir sıra ekspertlər üçün daha da inandırıcı etsə də, «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərimov başqa fikirdədir. Onun sözlərinə görə, əslində aradan keçən bu qədər vaxtda hadisə ilə bağlı konkret rəsmi açıqlama verilməməsi bir daha sübut edir ki, bu, məişət xarakterli qətl deyil. Onun fikrincə, qətli daxili qüvvələrin törətməsi ehtimalı daha güclüdür:

«Rail Rzayevə atılan güllə müəyyən mənada «rekoşet» verib prezidentə də dəyir. Çünki adi generala atılmayıb bu güllə. İndi növbə istintaqındır. İstintaq nə deyəcək? Deyilənlər inandırıcı olacaqmı?».

Parlamentdə bəzi deputatlar da qətlin istintaqı ilə bağlı prokurorluğun açıqlama verməməsini cəmiyyətə sayğısızlıq kimi dəyərləndirirlər.

Baş Prokurorluqdan isə hadisədən sonrakı dönəmdə qətlin açılması ilə bağlı istintaqda bir sıra irəliləyişlər əldə edildiyi bildirilsə də, istintaqın gedişi əsas gətirilərək bu irəliləyişlərin nədən ibarət olması barədə heç nə bildirilmir.

Müdafiə nazirinin müavini Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib. Faktla bağlı cinayət işi başlanıb. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.
XS
SM
MD
LG