Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

DİN-in yüksək rütbəli əməkdaşları işdən çıxarılıb


Səs: Real audio
“Limondan limonad alınacağına zəmanət yoxdur” Daxili İşlər Nazirliyinin bir qrup yüksək vəzifəli əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.



Nazirliyin yaydığı məlumatda bildirilir ki, onlar prezidentin göstərişinə əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşı Hacı Məmmədovun bandasıyla bağlı aparılan daxili tədqiqat nəticəsində vəzifələrindən uzaqlaşdırılıb.



Daxili işlər nazirinin əmri ilə nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi polis general-mayoru Zakir Nəsirov, polis polkovnikləri Akif Hacıyev və Kamil Sədrəddinov işdən kənarlaşdırılıb.



Bundan başqa, daha iki nəfər rəhbər vəzifəli əməkdaş işdən azad edilib, bir nəfərin rütbəsi bir pillə aşağı salınıb, üç nəfər intizam məsuliyyətinə cəlb olunub.



Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin üzvlərindən olan polis kapitanı Eldar Rəhimovun işlədiyi Nərimanov və Yasamal rayon mühafizə idərələrinin rəhbərliyi haqqında intizam tənbehi görülüb.



Bakı şəhər Baş Polis İdarəsi rəisinin əmri ilə Hacı Məmmədovun yaşadığı inzibati ərazidə xidmət edən Xətai Rayon Polis İdarəsi 37-ci bölməsinin iki əməkdaşı tutduqları vəzifədən azad edilib. Həmin bölmənin rəisi və rəis müavini intizam qaydasında cəzalandırılıblar.



Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini polis polkovniki Cavadağa Sultanov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Niyazi Xəlilov, Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili polis mayoru Namiq Əliyev polisdən xaric olunublar.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun bildirdiyinə görə, onlar polisi gözdən salan əməllərə görə cəzalandırılıblar.



Daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyevin isə dövlət başçısına işdən azad edilməsi ilə bağlı verdiyi raporta baxılıb, onun vəzifədən azad edilməsi qərarı verilib.



DİN-in məlumatında bütövlükdə 11 nəfər polis məmurunun işdən çıxarıldığı, 5 nəfərin tənbeh edildiyi bildirilir.



İstefada olan polis polkovniki Əlövsət Əliyev bildirir ki, adıçəkilən şəxslərin işdən kənarlaşdırılmaları aparılan cinayət işinin obyektivliyinə şərait yaradacaq. Ancaq işin daha obyektiv aparılması üçün daxili işlər naziri və baş prokuror da istefa verməliydi.



DİN-dəki işdən kənarlaşdırmalar MTN-nin martın 10-da keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində polis polkovnik leytenantı Hacı Məmmədovun tutulması ilə başlanıb. MTN və Baş Prokurorluq H. Məmmədovu cinayətkar dəstə yaradaraq adam oğurluğu, çoxlu sayda insanın öldürülməsində ittiham edir.
XS
SM
MD
LG