Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:17

80% Araş, 20% Aysel


Araş və Aysel
Araş və Aysel
«Azərbaycanı beynəlxalq müsabiqələrdə Azərbaycan sənətçiləri təmsil etməlidir. Hələ məlum deyil, Araş azərbaycanca iki kəlmə danışa bilir, ya yox. Əgər legionerlərə ehtiyac varsa, onda gəlin elə Stinqə, Madonnaya müraciət edək, Azərbaycan bayrağı olan köynək geyib çıxsınlar səhnəyə. Lap idmandakı kimi...Azərbaycanı nə vaxta kimi Pereyra Məmmədəliyevlər təmsil edəcək. Bəlkə də indi belə dəbdədir. Amma belə hərəkətlərlə Azərbaycan musiqisi aradan gedəcək»

Bu fikirləri «Azadlıq» radiosunun «İşdən sonra» proqramında bəstəkar Eldar Mansurov deyib. Onun fikrincə, həm mahnı, həm müğənnilərlə bağlı seçim səhvdir:

«Mən Araşı və Ayseli tanımıram. Ehtimal ki, Aysel zəif müğənni olduğu üçün Araşı ona qoşublar ki, daha uğurlu olsun. Amma sonra Araş öz yoluna davam edəcək. Ancaq bununla kimi aldatmaq istəyirlər»

Eldar Mansurovun fikrincə, müsabiqədə birinci yer haqqında düşünmək lazım deyil:

«Birinci yer almaq vacib deyil. Elə iştirak etmək lazımdır ki, yadda qalasan. Seçilən mahnı isə ingilis mahnısıdır. Onunla necə yadda qalmaq olar?»

«SOY Production» şirkətinin prezidenti Oqtay Əliyev isə mahnının yüksək yer tutacağına əmindir. Özü də bunun Araşın hesabına baş verəcəyini düşünür:

«Araş azərbaycanlıdır. İki yerə parçalanmış Azərbaycanın cənubundandır. Amma mən istərdim ki, bu fakt onun həyatında sadəcə «Eurovision» müsabiqəsində iştirak üçün qabarmasın. Bundan sonra da olsun. Burda çox böyük ümidlər var ki, 80% Araşa, 20% Ayselə görə, mahnı yüksək pillələrdən birini tuta bilər».



O ki qaldı məzmunun xalqı nə qədər təmsil etməsinə, Oqtay Əliyevin fikrincə, bu baxımdan Ermənistanın «Eurovision»a göndərdiyi mahnı və hazırladığı klip diqqəti çəkir:

«Mahnı folklor üzərindədir, başdan sona qədər qara zurna çalınır. Hətta klipdə Qobustandakı qayaüstü rəsmlərə bənzər elementlər də var. Mahnının bir bəndi ingiliscə, bir bəndi ermənicədir. İtaliyaya pizza bişirib aparmağın heç bir əhəmiyyəti yoxdur, çünki bu təamdan onların özündə də var, özü də daha keyfiyyətli...»

Eldar Mansurovsa deyir ki, Azərbaycanın göndərdiyi «Always on my mind» mahnısında milli elementlər yoxdur. Hətta simli alətdə çalınan hissə də, bəstəkarın fikrincə, özbək və tacik musiqisini daha çox xatırladır.

Oqtay Əliyevin narazı olduğu daha bir məqam da «Eurovision»la bağlı bütün məlumatların gizli saxlanmasıdır. Hətta müşayiətin hansı sənətçilərin ifasında olduğu da bəlli deyil.

Proqramın qonaqları Oqtay Əliyev və Eldar Mansurov seçimin kimin tərəfindən aparıldığından da xəbərsizdirlər. Oqtay Əliyev deyir ki, mahnının seçimində ukraynalılar iştirak ediblər.

Bəstəkar Gövhər Həsənzadənin isə əsas gileyi yerli potensialdan istifadə olunmamasındandır:

«Azərbaycanda Avropa standartlarına uyğun məhsul hazırlanır. Ukraynadan, başqa ölkələrdən pulla muzdlu adamlar gətirmək lazım deyil. Mən keçən il bütün bu prosesdən keçmişəm. Niyə bu il Gövhər Həsənzadədən təcrübəsini bölüşməsini istəmədilər? Hanı ortaya qoyulan layihə? Azərbaycan xalqının keçən il 8 minlik salonda alqışladığı layihəyə bənzər layihə hanı? Hanı bu mahnının müzakirəsi? Keçən il mahnı, vokal, oranjeman, şeytan elementi – hamısı müzakirə olundu. Burda Azərbaycan təmsil olunur – azərbaycanlılar öz sözünü deməlidirlər».

Gövhər Həsənzadə deyir ki, Azərbaycanı təmsil etmək üçün adlı-sanlı müğənnilərə müraciət edə bilərdilər. Amma Oqtay Əliyev bu fikirlə razı deyil:

«Ötən illərdə müğənnilərdən birinə müraciət etmişdilər ki, bir beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etsin. O isə demişdi ki, müsabiqənin vaxtını dəyişin, mən həmin gün toyda oxumalıyam. Odur ki, ümid gənclərə qalır...»

Buna da bax:

XS
SM
MD
LG