Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

Bir gündə 20 min quşun ölümünün səbəbi bilinmir


Səs: Real audio
Şəxsi təsərrüfatlarda məhv olmuş quşlara görə əhaliyə kompensasiya ödənməyəcək Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşən «Səfalı» quşçuluq təsərrüfatında bir gündə 20 min ədəd toyuq-cücə qırılıb. Qəsəbə icra nümayəndəsinin müavini Gülməmməd Fərzəliyevin verdiyi məlumata görə, toyuq-cücənin hansı səbəbdən məhv olması məlum deyil.



Binəqədi rayon Baytarlıq Xidmətindən isə bildirdilər ki, həmin quşlardan analizlər götürülüb və onların nədən ölməsi müəyyənləşdirilir.



Azərbaycan Quşçular Cəmiyyətinin sədri Abbas Məmmədov isə dedi ki, «Səfalı» şəxsi təsərrüfat olduğu üçün quşçuluq fabriki sayılmır. Həmin təsərrüfatda baytarlıq xidməti də fəaliyyət göstərməyib. O ki qaldı digər quşçuluq təsərrüfatlarının vəziyyətinə, Abbas Məmmədovun sözlərinə görə, ölkədə "quş qripi" virusu tapılandan sonra bu təsərrüfatlara xeyli ziyan dəyib və onlar hökumətə yardım üçün fevralın 24-də müraciət ediblər.



"Quş qripi" ilə mübarizə üzrə dövlət komissiyasının sədri Abbas Abbasov isə deyir ki, komissiyaya «Səfalı» təsərrüfatında qırılmış toyuq-cücə ilə bağlı məlumat daxil olmayıb. Cənab Abbasov bildirir ki, şəxsi təsərrüfatlarda məhv olmuş quşlara görə əhaliyə kompensasiya ödənməyəcək. Quşçuluq təsərrüfatlarına gəldikdə isə, hökumət bu haqda düşünəcək.



Azərbaycanda "quş qripi" virusu bu il fevralın 10-da tapılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, son bir ayda 7 mindən artıq köçəri quş qırılıb. Rəsmilər indiyə qədər "quş qripi"nin köçəri quşlarda aşkarlandığını bildirsələr də, 7 min quşun qripdən, ya da başqa xəstəlikdən qırılması barədə konkret məlumat verməyiblər. Şəxsi təsərrüfatda 20 min ev quşunun birdən qırılması isə ilk hadisədir.
XS
SM
MD
LG