Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:16

BTC-nin təhlükəsizliyinə təminat varmı?


BTC-nin tikintisi
BTC-nin tikintisi

«BP-Azərbaycan» şirkəti və Azərbaycan rəsmiləri Bakı-Tbilisi-Ceyhan kəmərinin təhlükəsizliyindən əmindirlər. Yerli ekspertlərsə atılan addımların daha çox lokal xarakterli olduğunu düşünürlər.


Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri Devid Vudvord ötən həftə bildirib ki, hər hansı təhlükədən və ya riskdən söhbət gedə bilməz. Səbəbini isə belə izah edir:


«Biz ümumiyyətlə, boru kəmərini layihələşdirərkən, marşrutu seçərkən bütün təhlükəsizlik tədbirlərini və bütün riskləri nəzərə almışıq. Ona görə də proqnozlaşdırıla biləcək hər hansı riskdən söhbət gedə bilməz. Biz layihə üçün təhlükə görmürük».


Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı Önərsə kəmər tikilərkən təhlükəsizliklə bağlı bütün incəliklərin nəzərə alındığını bildirir. Əvvəla, boru torpağın altında yerləşdirilib və o bir neçə qatdan ibarət örtüyə bürünüb. Bundan başqa, silahsız atlı patrullar kəmər boyu ərazinin təhlükəsizliklərinə nəzarət etməlidirlər: «Patrullarımız bir kilometr ərazidə müşahidə aparacaqlar. Onlar təhlükəli və ya şübhəli bir şeylə üzləşəndə, hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər».


Kəmərin təhlükəsizliyinə görə demək olar ki, bütün məsuliyyətsə hökumətlərin üzərindədir. Bu məqsədlə artıq Azərbaycanda və Gürcüstanda xüsusi mühafizə dəstələri yaradılıb, Türkiyədə isə jandarma bu işi görəcək. Həmin dəstələr beynəlxalq treninqlərdə iştirak ediblər. Müşahidəçilərdən onların hazırlığını və texniki təchizatını yüksək qiymətləndirənlər də var. Azərbaycanda bu işlə məşğul olan Dövlət Xüsusi Mühafizə Dəstəsi ilə əlaqə saxlamaq cəhdimiz baş tutmasa da, "BP- Azərbaycan"dan Tamam Bayatlı Önər əməliyyatçı şirkətin bu dəstələrin fəaliyyətindən razı qaldığını deyir.


Yerli ekspertlərsə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, eləcə də Xəzərdəki neft yataqlarının təhlükəsizliyi ilə bağlı atılan addımların daha çox lokal xarakterli olduğunu düşünürlər. Siyasi şərhçi Elxan Şahinoğluna görə, atlı patrullar və ya mühafizə dəstələri ən yaxşı halda terrorçu qrupun kəmərə yaxınlaşmasına icazə verə bilməz. Amma havadan endirilə biləcək zərbələrdən kəmərin qorunması mümkün deyil. Regionda hərbi əməliyyat başlasa, kəmər hər an təhlükə altında qalacaq.


Ekspert Rövşən Novruzoğlu isə hesab edir ki, bu gün təhlükə bəlkə də aydın görünmür. Amma kəmər işə düşəndən sonra terrorçular onu hədəfə götürməyə çalışacaqlar: «Xüsusən də nəzərə alsaq ki, Azərbaycanda terrorçu təşkilatlar şəbəkə yaratmağa çalışırlar, rəsmilər bu məsələyə daha ciddi yanaşmalıdırlar. Bu məqsədlə strateji araşdırma mərkəzi yaradılmalıdır».


"BP Azərbaycan" şirkətinin əməkdaşı Tamam Bayatlı Önərin sözlərinə görə isə, regionda hərbi əməliyyat başladığı halda onların bütün riskli məqamlarla bağlı tədbirləri var və zamanı yetişəndə bu plan həyata keçiriləcək.


XS
SM
MD
LG