Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:30

Orta məktəblərdə dini təhsil: niyyət var, qərar yox


«Təhsil qanunu orta məktəblərdə dinin tədrisini qadağan edir»
«Təhsil qanunu orta məktəblərdə dinin tədrisini qadağan edir»

Orta məktəblərdə din dərslərinin keçilməsi uzun müddətdir Təhsil Nazirliyi ilə Dini Komitə arasında mübahisə mövzusudur


Orta məktəblərdə din dərsinin keçilməsi ideyası Dini Qurumlar üzrə Dövlət Komitəsinə məxsusdur. Komitənin sədri Rafiq Əliyev hesab edir ki, onun təklifi reallaşarsa, xaricdən gələn din təbliğatçılarından ehtiyatlanmaq lazım gəlməz. O mənada ki, hər bir Azərbaycan vətəndaşı din haqqında dolğun təsəvvürə malik olarsa, hansı etiqada tapınmasını sərbəst şəkildə özü seçər.


Bakı küçələrində söhbətləşdiyimiz sıravi sakinlərin çoxu bu ideyaya müsbət yanaşdıqlarını dedilər:


- Din gənclərə mənəvi dəyərləri aşılamaq üçün yaxşı vasitədir…


- Məncə, məktəblərdə din dərsi keçilsə, bunun şagirdlərə xeyri çox olar. Uşaqların çoxu «Quran»a and içir, ancaq Qurandan xəbərləri yoxdu…


- Din qədimdə baş verən hadisələrə əsaslanır, amma orda tərbiyəvi fikirlər çoxdur, onlardan istifadə etmək pis olmaz…


- Bu məsələyə müsbət yanaşıram, amma gərək tədrisin keyfiyyəti aşağı olmasın, şagirdlərə din haqqında dolğun məlumat verilsin…


Amma təhsil naziri Misir Mərdanov deyir ki, dini ayrıca fənn kimi keçmək olmaz:


«Azərbaycanın Konstitusiyasında birmənalı yazılıb ki, din dövlətdən ayrıdır. Bundan başqa, təhsil qanunu orta məktəblərdə dinin tədrisini qadağan edir… Biz ilk növbədə müsəlmanıq, ümumi orta təhsil alan Azərbaycan vətəndaşı bütövlükdə din, o cümlədən İslam haqqında kifayət qədər məlumata malik olmalıdır. Amma əgər biz orta məktəblərdə ayrıca bir din dərsi tədris etsək, onda sual çıxır ki, bu fənni kim tədris edəcək?»


Azərbaycanda din sahəsində ali təhsilli kadrlar əsasən Azərbaycan İslam Universitetində hazırlanır. Burada onlara dini fənlərlə yanaşı dünyəvi elmlər, o cümlədən pedaqogika, coğrafiya, tarix, astronomiya və başqa fənlər də keçilir. Universitetin rektoru Hacı Sabir Həsənli orta məktəblərdə dinin tədrisinə müsbət yanaşır. Amma rektor etiraf edir ki, universitet ölkədəki bütün orta məktəblərin – onların sayı isə 5 minə yaxındı – ehtiyacını ödəyə bilməz: «İldə 30-35 məzunla biz heç məscidlərin ehtiyacını ödəyə bilmirik».


Hacı Sabir Həsənlinin fikrincə, əgər vətəndaşlar uşaqlıqdan dini dəyərlərlə tanış olsalar, bu, cəmiyyətdə narkomaniya, cinayətkarlıq və başqa bəlaların yayılması qarşısında sədd ola bilər.


Dinin orta məktəblərdə ayrıca fənn kimi tədrisi bu qədərmi vacibdir? Axı uşaqlar din barədə məlumatları öz ailələrində də alırlar. Amma Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı deyir ki, bu işi yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz: «Əlbəttə elə valideynlər var ki, onların dinlə bağlı bilgiləri geniş və dəqiqdir. Amma elə valideynlər də var ki, dinlə bağlı məlumatları diletant səviyyəsindədir. Ona görə orta məktəblərdə konkret proqram əsasında dinin tədrisi vacibdir».


Dinin orta məktəblərdə tədrisini təklif edən Dini İşlər üzrə Dövlət Komitəsi hətta bunun üçün «Dinin əsasları» adlanan dərslik də hazırlayıb. Həmin kitabda dünyada ən geniş yayılan dinlər haqqında məlumat verilir. Amma əsas bilgilər İslam dini haqqındadır. Belə bir sual ortaya çıxır: bu, müsəlman olmayan şagirdlər üçün nə dərəcədə uyğundur?


Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı deyir ki, Azərbaycanda əhalinin 90 faizdən çoxunun müsəlman olması məktəblərdə İslam haqqında daha geniş məlumat verilməsini zəruri edir. Amma onun fikrincə, bəlkə də rus və gürcü məktəblərinin proqramlarında bəzi dəyişikliklər etmək düzgün olardı.


Din və Demokratiya Təşkilatının sədri Nəriman Qasımoğlu isə hesab edir ki, orta məktəblərdə dinin ayrıca fənn kimi tədrisi ideyasına ehtiyatla yanaşmaq lazımdır. Xüsusən də şagirdlərə İslam haqqında bilgilərin verilməsinə. Onun fikrincə, indi bu ideyanın tərəfdarlarından bəziləri İslam tarixinin tədrisini vacib sayırlar, halbuki həmin tarixə münasibətdə İslamın ayrı-ayrı təriqətləri arasında fikir ayrılıqları var. Nəriman Qasımoğlunun fikrincə, əgər dinin fənn kimi tədrisi ideyası reallaşsa, din dərsliyində tarixə çox varmadan yalnız «Quran»da ayrı-ayrı məsələlər haqqında əksini tapan fikirlər verilməlidir: «Məsələn, uşaqlara məlumat verilməlidir ki, İslamda vətənpərvərlik, valideynə məhəbbət və başqa mənəvi dəyərlərə münasibət necədir. Amma yalnız «Quran»a əsaslanmaq lazımdır».


Nəriman Qasımoğlu hesab edir ki, kifayət qədər ali dini təhsilli kadr olmadan orta məktəblərdə dinin tədrisinə başlamaq, bu işi mollalara tapşırmaq mənfi effekt verə bilər. Onun fikrincə, indi mollaların çoxunun ali dini təhsili yoxdur və onların bəziləri orta məktəblərə elmi əsası olmayan, xurafat səciyyəli fikirlər gətirə bilərlər. Bu isə Azərbaycanda təhsilin dünyəviliyi prinsipinə ziyan vura bilər.


XS
SM
MD
LG