Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:30

Siyasi məhbus problemi niyə həll olunmur?


Siyasi məhbus heç də yalnız siyasi fəaliyyətlə məşğul olanlar deyil
Siyasi məhbus heç də yalnız siyasi fəaliyyətlə məşğul olanlar deyil
Azərbaycanda siyasi məhbus problemi niyə görə öz həllini birdəfəlik tapmır? Bunun bir neçə səbəbi var. Nə qədər ki, Avropa Şurasını təmsil edən adamlar ölkədə baş verən problemlərə münasibətlərini «mən təəccüb edirəm», «mən təəssüf edirəm» kimi ibarələrlə yekunlaşdıracaqlar, bu problem öz həllini tapmayacaq.

Digər səbəb də budur ki, ölkədə siyasi sistem yeniləşmir. Avtoritar və totalitar dövlətlərdə həmişə siyasi məhbus problemi mövcud olub. Belə siyasi sistemlərin xisləti budur – rejim özü siyasi məhbusların yeni dalğasını yaradır.

Uzun mübahisələrdən sonra Avropa Şurası nəhayət ki, siyasi məhbuslarla bağlı məruzəçi təyin etdi. Hakimiyyətin buna reaksiyası heç kimi təəccübləndirmədi – yenə də ikili standartlardan danışdılar, ölkədə onlarla siyasi partiyanın, yüzlərlə qəzetin təsis olunduğunu dedilər. Üstəlik, dedilər ki, bu qərar yenicə amnistiyanın həyata keçirildiyi Azərbaycana qarşı haqsızlıqdır. Bir sözlə, «köhnə mahnılar»...
Amma yenilik də var. Son zamanlar siyasi məhbusların böyük əksəriyyəti qeyri – siyasi maddələrlə həbs olunublar. Bu, Azərbaycan hakimiyyətinin «tapıntısı» deyil. Belə hallar digər qeyri – demokratik ölkələrdə də olub.

Amma siyasi məhbus heç də yalnız siyasi fəaliyyətlə məşğul olanlar deyil. Siyasi səbəblər ucbatından məhkəmələri qeyri-şəffaf keçən, prosedur pozuntuları ilə müşayiət olunan, ədalətsiz qərarlarla başa çatan insanlar siyasi məhbusdurlar. Bu isə tez-tez baş verir, çünki məhkəmələr müstəqil deyillər, daha çox «yuxarılar»ın tapşırığını yerinə yetirirlər. Elə bu səbəbdən həbs edilən şəxslərin bir qismi siyasi məhbus kateqoriyasına düşür.

Xüsusi məruzəçinin təyin edilməsi müsbət haldır. Ölkədə bir neçə jurnalist həbsdədir. Amnistiya aktı da məhbus jurnalistlər problemini həll etmədi.

Ola bilsin ki, Avropa Şurasındakı müzakirədən sonra məhbusların bəziləri azad ediləcəklər. Amma bu, məsələnin tam həlli deyil, məsələnin həlli isə həqiqi siyasi və iqtisadi islahatlar, ən əsası, siyasi iradə tələb edir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG