Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:04

Azərbaycan iqtisadiyyatında yeni meyl


Şamaxıda "Star Ltd." Televiziya Zavodunun açılışı
Şamaxıda "Star Ltd." Televiziya Zavodunun açılışı

Bəzi sahibkarlar istehsalla məşğul olmaqdansa torpaq və əmlak almağa üstünlük verir


Prezident İlham Əliyev Nazirlər Kabinetinin son yığıncağında hökumətə Sənayenin İnkişafı Proqramının hazırlanmasını tapşırıb. Sənayenin nikişafı üçün isə vacib amillərdən biri investisiya mühitinin sağlam olmasıdır.


Amma son dövrlər Azərbaycan iqtisadiyyatında bir meyl diqqəti çəkir ki, bəzi sahibkarlar əllərində olan pulu torpaq və əmlak almağa xərcləyirlər. Torpaq və əmlak ildən-ilə bahalaşdığından bu sərfəli işdir, amma bəzi ekspertlərin fikrincə, bu, həm də ölkədə kifayət qədər normal sərmayə mühitinin olmamasından irəli gəlir. O mənada ki, sahibkar vəsaitini istehsal müəssisələrinin açılmasına sərf etməyə o qədər də həvəsli deyil.


Respublika Sahibkarlar Konfederasiyasının baş katibi Əlipaşa Qaybalıyev deyir ki, sahibkarın istehsala pul yatırması və bundan gəlir götürməsi sahəsində xeyli çətinliklər var. O deyir ki, istehsalın genişləndirilməsi, yaxud yeni istehsal sahələrinin açılması üçün sahibkara kreditlər lazımdır, amma həmin krediti almaq da bəzən çətin olur.


Amma İqtisadi İnkişaf Nazirliyindəki İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vaqif Rüstəmov deyir ki, hökumət son illərdə sərmayə yatırılması baxımından bölgələrin cəlbedici olması üçün xeyli iş görüb. Artan neft gəlirləri hesabına infrastruktur layihələri həyata keçirilir. Məsələn, işıq probleminin həlli üçün rayonlarda modul stansiyalarının tikintisi gedir. Bundan başqa, beynəlxalq maliyyə qurumlardan alınan kreditlər hesabına yollar salınır.


Bundan ehtiyatlananlar da var. Bəzi ekspertlər hesab edir ki, sənayenin inkişafı üçün xüsusi proqram hazırlamaq istəyən hökumət bir qədər gecikib. Bunu böyük neft gəlirlərinin ölkəyə gəlməsindən xeyli əvvəl etmək lazım idi. Çünki neft gəlirləri milli valyutanı möhkəmləndirir. Belə olanda isə, sahibkar ölkədə hansısa malı istehsal etməkdənsə, həmin malı xaricdən gətirməyə meylli olur. Bu baxımdan bəzi ekspertlər ehtiyatlanırlar ki, dövlət hansısa rayonda yeni iş yerləri yaratmaq xatirinə zorən zavod, fabrik açmağa başlasa, bunun faydası az ola bilər.


İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vaqif Rüstəmov isə deyir ki, regionun və digər ölkələrin də tələbatını nəzərə alaraq artıq indidən Azərbaycan sənayesinin potensial inkişaf istiqamətləri haqqında danışmaq mümkündür. Bura ilk növbədə ənənəvi neft-kimya sənayesini aid etmək olar.


Azərbaycan hökuməti iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün hazırda Regionların İnkişafı Proqramını da həyata keçirir.


XS
SM
MD
LG