Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:25

Atəşkəsdən keçən 12 il: nələr dəyişib?


Ağdam şəhərinin dağıntıları, 2001-ci ilin yazı
Ağdam şəhərinin dağıntıları, 2001-ci ilin yazı

Bu illər ərzində ölkənin inkişafı ilə bağlı ekspertlərin fikirləri birmənalı deyil


Atəşkəs sazişindən keçən 12 il ərzində Azərbaycanda həm siyasi, həm də iqtisadi sahədə bir sıra yeniliklər baş verib. Ancaq ölkədəki inkişafın artım tempi ilə bağlı fikirlər birmənalı deyil. Bir qisim təhlilçilər bu 12 ili itirilmiş hesab edirlərsə, başqa qisim uğurlardan danışır.


İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, 10 il əvvəllə müqayisədə ötən il Azərbaycanda ümumi daxili məhsulun həcimi təqribən 6 dəfə artıb. Əgər 1995-ci ildə Azərbaycana 400 milyon dollar birbaşa xarici investisiya qoyulmuşdusa, ötən il bu rəqəm 4 milyard dollardan da çox olub.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, bütün bu inkişaf əsasən neftdən gələn gəlirlərlə bağlıdır. Qeyri-neft sektorunda isə inkişaf heç də yüksək deyil. Qubad İbadoğlunun sözlərinə görə, bu illər ərzində kənd təsərrüfatı tənəzzüldən qurtarsa da, aqrar sahədə davamlı institutlar yaradılmayıb. Ancaq, ekspert yada salır ki, BMT-nin hesablamalarına görə, 12 il əvvəl Azərbaycanda yoxsullar əhalinin təqribən 60 faizini təşkil edib. İndi isə Azərbaycan hökuməti iddia edir ki, bu rəqəm 30 faizə yaxındır. Cənab İbadoğlu deyir ki, atəşkəs dövründə hər il büdcədən orduya ayrılan vəsaitin də həcimi artıb. Ancaq onun sözlərinə görə, Azərbaycanda hələ ki, nə peşəkar ordu, nə də hərbi-sənaye kompleksi yaradılıb.


Son illərin siyasi uğurlarından da danışanlar var. Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı deyir ki, atəşkəsdən istifadə edərək məhz dövlət quruculuğu istiqamətində mühüm irəliləyişlər əldə edildi: "1995-ci il noyabrın 12-də ölkə konstitusiyası qəbul edildi. Həmin gün müstəqil Azərbaycanın ilk parlament seçkiləri keçirildi. Azərbaycan Avropa Şurasına qonaq sifətində qəbul edildi".


Mübariz Qurbanlı deyir ki, sonralar beynəlxalq təşkilatlarla əlaqələr daha da inkişaf etdirildi və Azərbaycan Avropa Şurasının həqiqi üzvü seçildi. Senzuranın ləğvini də atəşkəs dövründə söz və mətbuat azadlığının təntənəsi kimi dəyərləndirən millət vəkilinin sözlərinə görə, son 10-12 ilin ən böyük iqtisadi-siyasi uğurlarından biri isə iri neft müqavilələrinin imzalanmasıdır.


Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun sözlərinə görə isə, ölkədə nə qədər ki, azad və ədalətli seçkilər keçirilməyib, heç bir siyasi uğurlardan danışmaq olmaz. "Burada əsas problem hakimiyyətin siyasi və iqtisadi islahatlara iradəsinin çatmamasıdır. Məhz bu səbəbdən Azərbaycan hələ əsas problemlərini həll etmək gücündə deyil".


XS
SM
MD
LG