Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:05

Sergey İvanov: «Rusiya Qarabağ probleminin sülh və siyasi yollarla həllinə tərəfdarıdır»


Rusiya Müdafiə naziri Sergey İvanov, Bakı, 31 may 2006 Foto: Trend
Rusiya Müdafiə naziri Sergey İvanov, Bakı, 31 may 2006 Foto: Trend

Rusiya Müdafiə naziri hesab edir ki, nizamlanmanın yekun sxemi hər şeydən əvvəl tərəflərin razılığına əsaslanmalıdır


«Rusiya yenə də Dağlıq Qarabağ probleminin sülh və siyasi yollarla həlli tərəfdarıdır». Bu barədə Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanov çərşənbə günü MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının yekunları ilə bağlı mətbuat konfransında deyib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan nümayəndələrilə mütəmadi danışıqlar apardığını müsbət qiymətləndirən cənab İvanov bu danışıqlarda irəliləyişin olub-olmadığı barədə bir söz demək istəmədiyini bildirib. Amma buna baxmayaraq problemin danışıqlarla aradan qaldırılmasının ən doğru yol olduğunu deyib: «Fikrimcə, kənardan zorla qəbul etdirilən istənilən nizamlanma sxemi nəinki əks-məhsuldar, həm də təhlükəlidir».



MDB Müdafiə Nazirləri Şurasının iclası, Bakı, 31 may 2006, Foto: Turan
Sergey İvanova görə, nizamlanmanın yekun sxemi hər şeydən əvvəl tərəflərin razılığına əsaslanmalıdır. Onun sözlərinə görə, əgər bu razılıq olarsa, qarant ölkələr həmin razılaşmanın yerinə yetirilməsinin təminatına dair istənilən tədbirləri davam etdirəcək.

Tədbir zamanı Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev MDB ölkələrindən Qarabağ münaqişəsi ilə bağlı prinsipial və obyektiv mövqe tutmağı, Ermənistandan beynəlxalq hüquq normalarına əməl etməyi və işğal olunmuş əraziləri boşaltmağı tələb etməyə çağırıb. Nazirin fikrincə, MDB-nin mövcudluğu bir çox hallarda bu təşkilatın birlik ərazisində münaqişələri nizamlamaq iqtidarında olub-olmamasından asılıdır.


Tərəflər iclasda MDB çərçivəsində hərbi-texniki əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, silahların modernləşdirilməsi, terrorçuluqla mübarizə və digər məsələləri müzakirə ediblər.


Tədbirdə Azərbaycan, Ukrayna , Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Özbəkistanın Müdafiə nazirləri və yüksək rütbəli nümayəndələri iştirak edirlər. Gürcüstan və Ermənistan Müdafiə nazirləri isə bu iclasda iştirak etmir. Bu, MDB Müdafiə Nazirləri Şurasının sayca Azərbaycanda keçirilən ikinci iclasıdır. İclasın yekununda heç bir sənəd qəbul olunmayıb.


XS
SM
MD
LG