Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:03

Böyükləri gileyli-güzarlı, uşaqları hay-küylü…


Xoşbulaq yaylağı, 18 iyun 2006
Xoşbulaq yaylağı, 18 iyun 2006

Daşkəsəndə Azərbaycanın ucqar dağ rayonlarındandır. Rayonda ilk rastlaşdığım məktəb müəlliməsi Ədalət xanım deyir ki, «dünyada Daşkəsəndən gözəl yer yoxdu». Müəllimmə fikirlərini də əsaslandırır: «Havası, təbiəti, suyu, filizi… neftdən, qazdan başqa hər şeyi var Daşkəsənin». «Kasıb rayondu Daşkəsən». Bunu isə mənə şəhərin bazarında söhbətləşdiyim hər nəfər dedi: «Alver zəifdir, camaatda pul yoxdu, iş yoxdu. Dolanışıq sarıdan əziyyət çəkirik…».


«Otlaqlarda nazirin qoyunları otlayır»


Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Daşkəsəndə neçə adda filiz çıxır, şəkər tozu alınır, mərmər, qızıl yataqları bitib-tükənməzdi, bulaqları, mineral sularını turistlər can dərmanı sayırlar. Amma bu gözəl təbiət, bol sərvət deyəsən camaatının gözünə görünmür. Onlar elə hey problemlərdən danışırlar. «12 minə ot alıram maldan ötrü, necə dolanaq? Malımız ot yeyir ki, süd də versin? Otlaqlarda mənim qoyunum yox, rəisin, nazirin qoyunu otlayır. Rəhmətlik torpağı verdi ki, camaat dolansın, yoxsa mülkədarların qoyunu otlasın?»


Yolumuz Daşkəsənin ucqar kəndlərindən birinə, Ermənistanla sərhədin yaxınlığında yerləşən Astavadı. Niyə adına Astav deyirlər, soruşsam da ağla batan cavab ala bilmədim. Kəndə çatanda gördüyüm mənzərə: bir tərəf düzəngah, bir tərəf meşə, dərə-təpə məni necə valeh etdisə, gəldiyim kələ-kötür, daş-kəsəkli yolu unutdum. Ancaq bu yol astavlılar üçün göz dağıymış. Camaat deyir ki, bu yolu rayona gedib-gələnə kimi əldən düşürlər.


Astava rayon mərkəzindən avtobus da işləmir. Bu kəndin inzibati idarələri Qabaqtəpə kəndində yerləşir. Hər iki kəndin icra nümayəndəsi Əvəz Abbdullayev deyir ki, heç sovet vaxtında da bu kəndin avtobusu olmayıb. Camaat 6-7 km aralıdakı Qabaqtəpə kəndinə gedib avtobusa orda minirmişlər. Bu yerlərdə iki şey, bir at, bir də sınıq-salxaq «Villis» maşını çoxdu. Astava gələndə yolda bir dəstə atlı görüb maşını saxladıq ki, hara səfər etdiklərindən agah olaq. Yaylağa gedirmişlər, dedilər ki, kəndlərin çoxu köçünü sürüb yaylağa. Ev-eşiklərini də tapşırıblar arvad-uşağa…


Müəllimlərin evi, Astav kəndi, 18 iyun 2006
Bir də yaylaqdan quyruq donanda, avqust ayının axırlarına yaxın dönəcəklər. «Bəs orda əliniz aran meyvəsinə, məhsuluna çatırmı?» Dedilər, yaylağın yolunu tanıyan alverçilər var, həftədə bir dəfə yönlərini ordan salırlar. Mal almağa pul tapmayanda da, yağdan-pendirdən verib halallaşırlar. Nəysə, yolçu yolda gərək, deyib sağollaşdıq, astavlıların da çoxu mal-qarasını götürüb dağa qalxmışdı.

Kəndə bir müəllimlər qalmışdı, bir də uşaqlar



Kənddə bir müəllimlər qalmışdı, bir uşaqlar, qadınlar, bir də yaşlılar. Elə söhbətcili də müəllimlər oldu. Onların beşi Gəncədən gəlib bu əl yetməyən kənddə uşaqlara təhsil verir. Axı ucqar kəndlərdə maaş yaxşıdı. Məsələn, tarixdən dərs deyən Qalib müəllim 200 manata yaxın pul alır, yarısını özü xərcləyir, yarısını da Gəncədə yaşayan böyük ailəsinə göndərir.

Kəndin məktəbi yeni tikilib, sinif otaqları balaca olsa da, Ziyafət müəllimə deyir ki, ehtiyacı ödəyir. Ancaq onların yaşadığı, bir neçə il əvvəl məktəb olmuş,taxtadan tikilmiş ev bərbad haldadı. Məni içəri dəvət edib otaqlarını göstərdilər. Taxtaların arasını əskilərlə tıxamışdılar ki, soyuq gəlməsin. Bapbalaca otağın nə vaxtsa necə sinif otağı olduğunu heç cür təsəvvür edə bilmədim. İki səyyar çarpayının, üstü kitab-dəftərlə dolu stolun güclə yerləşdiyi otaq onların həm də mətbəxiydi.


Fizika müəllimi Sabir Əliyev isə yaşayışından yox, təhsilin keyfiyyətindən gileyləndi: «Gün ərzində beş saat işıq yanır, mən fizikanı başa salmaqdan ötrü təcrübə göstərmək istəyirəm, amma işıq olmur. Ya uşaqlara filmlər göstərmək lazımdı, avadanlığımız yoxdu. Müəllim özü kompüteri bilmirsə, uşağa necə başa çalacaq?»


11-ci sinfi yenicə bitirmiş Samir isə deyir ki, bir birinci sinifdə oxuyanda məktəbə ayaq basıb, bir də məktəbi qurtaran il. «Müəllimlər dərs keçmir, uşaqların da ona görə oxumağa həvəsi yoxdu. Yəqin indi əsgər gedəcəm, hələ bilmirəm, qayıdandan sonra hansı işin qulpundan yapışacağam.


Kənd camaatı mal-qara sarıdan korluq çəkməsə də, kommunal şəraitləri yoxdu. Təbii qaz hələ bu dağlara çatmayıb: əlac qalıb oduna. Dörd tərəf bulaq olsa da, susuzluqdan əziyyət çəkirlər. Oğul lazımdı ki, qolunu çırmayıb bulaqlardan kəndə su çəkə. İcra nümayəndəsi Əvəz Abdullayev deyir ki, bunu bələdiyyə eləməlidir, amma bələdiyyənin də vəsaiti yoxdu.


Xoşbulaq yaylağı, 18 iyun 2006
Xoşbulaq yaylağı


Astav Daşkəsənin közdən-könüldən uzaq qaldığını izah etmək üçün burada heç İkinci Dünya müharibəsinin başlayıb qurtarmasından da xəbərimiz olmayıb, deyə mübaliğə edirlər. Amma həmin müharibənin iştirakçısı olmuş Məhəmməd kişi neçə yaşı olduğunu bilməsə də, döyüşdüyü şəhərlərin adlarını unutmayıb. Camaat deyir ki, astavlılar uzun ömürlüdü, 90-100 il yaşayırlar, Məhəmməd kişi kimi…



Daşkəsənin görməli yerlərindən biri də dillər əzbəri Xoşbulaq yaylağıdı. Bu yaylaq əsasən gəncəlilərin dədə-babadan yurd yeri olub. Yayda yaylağın döşü alaçıqlarla dolurmuş. İndi qarğıdan, keçədən düzəldilmiş alaçığa tək-tük rast gəlmək olar, əksəriyyəti daşdan tikilmiş birmərtəbəli evlərdi. Yaylaq mövsümünün başlanması Xoşbulaq kəndinin camaatının cibinə də təsir eləyir. Kimisi evini kirayə verir, kimisi südünü-qatığını, pendirini satır, kimisi də təndir yapıb bişirdiyi çörəklə dolanır. Dilli-dilavər 15 yaşlı Esmira deyir ki, yaylağa gələnlərə bir az baha satırlar.

Bir neçə aydı Daşkəsənin özündə - rayonun mərkəzində yollar qazılıb, mərkəzi küçələrdə abadlıq işləri aparılır. Su-kanalizasiya sistemi yenidən qurulur. Binaların fasadları rənglənib. Amma şəhərin qıraq məhəllələrinə keçəndə vəziyyət dəyişir. Zibillik, səliqəsizlik, asfaltı dağılmış yollar, rəngi itmiş binalar…


Daşkəsən icra hakimiyyətindən deyirlər ki, yeni rəhbərlik abadlıq işlərini hər yerdə aparacaq, hətta kənd yolları da təmir olunacaq. İcra başçısının müavini Meydanəli Yolçuyevin sözlərinə görə, asfalt zavodu tikilənə qədər yollara hələlik çınqıl döşəyəcəklər. Çınqıl da Daşkəsəndə nə qədər istəsən…Təki istək, həvəs ola…


Xam mal mənbəyi


Daşkəsəndə rastlaşdığım geoloq Ramiz Süleymanov rayonun yeraltı sərvətdən həvəslə danışır. Mənimlə söhbətdə bir gözü televiziyada futbol üzrə dünya çempionatını izləsə də təkliflərindən də qalmır: «Çini qablar, saxsı borular istehsal eləmək üçün dünyanın o başından xam mal gətirirlər ölkəyə. Halbuki Daşkəsəndə zəngin gil yataqları var. Vaxtilə Gəncənin Çini qablar zavodunun xam malını bura verirdi». Geoloq Zəylik Amunit Mədəninin 1993-cü ildən bəri işləmədiyindən, bir çox filiz yataqlarının istismarsız qalmasından narahatdı. Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev isə deyir ki, mədənin işə salınması üçün yeni texnologiyaya ehtiyac var və hazırda alimlər bu elmi işin üstündə baş sındırırlar.



Alban kilsəsi, Qapaqtəpə kəndi, 18 iyun 2006
Daşkəsən Filiz Saflaşdırma Səhmdar Cəmiyyəti də bütün gücüylə işləmir. Ona da gah ingilis, gah da türk iş adamları yiyə çıxmaq istəyir, amma heç kim işi axıra çatdıra bilmir.

«Qəribə daşlar»


Daşkəsəndə çoxları işsizlikdən gileylidi. Əsgərlikdən yenicə dönmüş Samir isə özünə bir məşğuliyyət tapıb. Dağa-daşa düşüb mineral daşlar toplayır. Deyir ki, daşların dilini, onların gizləndiyi yeri yeni-yeni öyrənir, qayaları çapıb arasından bərq vuran, bir neçə mineralın qarışıb qəribə gözəllik yaratdığı daşları ovub çıxarır. Belə daşların həvəskarı, alıcısı çoxdu, Samir də çörəyini hələlik bundan çıxarmaq istəyir. Geoloq Ramiz Süleymanov deyir ki, sovet dövründə Rusiyada tez-tez belə mineralların «Qəribə daşlar» adıyla sərgisi keçirilirmiş və o, da tapdığı daşları bu sərgiyə göndərirmiş.


«Nisyə dəftərləri»


Mağazalarda, bazarda mənə nisyə dəftərlərini göstərdilər. Az qala hər satıcıda iki-üç belə dəftər varıydı. Ərzaq mağazasında işləyən Nəriman dayı hətta borclulardan birini məhkəməyə də verib, amma yenə də pulunu ala bilməyib. Bazarda geyim paltarları satan Əbdüləli dayı isə nisyə dəftərlərini göz qabağında saxlayır.


Bazar demiş, bazarda yerli məhsul gözümə az dəydi, qatıq-pendirdən, göy-göyərtidən başqa digər məhsullar Gəncədən gətirilir. Çünki dağda pomidor-xiyar, gilas-çiyələk yetişmir, qiymətlər isə aranla müqayisədə elə də baha deyil. Amma gözə dəyən tək-tük alıcı da qiymətin bahalığından gileyləndi.


Həyətdə səsi aləmi götürmüş uşaqlar qəfildən bizi görəndə susdular, maraqla yaxına gəldilər. Sən demə, otluqda ilan axtarırmışlar ki, tutub qutuya salsınlar. Böyüklərin ənənəvi «böyüyəndə kim olacaqsız» sualını mən də onlara verdim. Uşaqların yarısı müəllim, yarısı da prokuror olacaqmış. 6-7 yaşlı Asəf isə bu iki peşə seçimində bir az tərəddüd eləyib axırda «müəllim olacam» söylədi.


Qabaqtəpə kəndində hündür, böyük, iri sütunlu alban kilsəsi adamı heyrətə gətirir. Hava isti olsa da, daşlardan qəribə bir soyuq gəlirdi. Yaşı bəlli olmayan məbəd tarixi abidə olsa da, qorunmur…



Daşkəsəndə hansı qapıya ayaq bassan, kimi dindirsən səni süfrəsinə qonaq çağırır. Hətta süfrə açmaq üçün gümanı heç nəyə gəlməsə də, bu dəvət səmimi-qəlbdəndi...


XS
SM
MD
LG