Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:17

Tarixdəki səs-küylü məktəb qətliamları


Bakıdakı Neft Akademiyasındakı qətliama bənzər hadisə martın 11-də Almaniyanın Ştutqart şəhəri yaxınlığında baş verib
Bakıdakı Neft Akademiyasındakı qətliama bənzər hadisə martın 11-də Almaniyanın Ştutqart şəhəri yaxınlığında baş verib
Bakıdakı Neft Akademiyasındakı qətliama bənzər hadisə martın 11-də Almaniyanın Ştutqart şəhəri yaxınlığında baş verib. 17 yaşlı Tim Kerçner əlində valideynlərinə məxsus Beretta tapançası səhər - məzunu olduğu məktəbə daxil olaraq qabağına çıxanlara atəş açmağa başlayıb.

«Məzə üçün» 15 qətl

O 15 nəfər müəllim və şagirdi güllələyib. Kimya müəllimini dərsin ortasında – şagirdlərin gözü qabağında öldürüb. Bundan sonra qatil aradan çıxmağa çalışıb.

Yolda bir maşını ələ keçirib, sürücüyə deyib ki, başqa bir məktəbə sürsün. Sürücü adam öldürməyinin səbəbi soruşanda Tim Kerçner cavab verib ki, «məzə üçün».

Daha sonra baş verən atışmada polis onu ayağından yaralayıb və qatil özünü öldürüb. Sonradan məlum olub ki, o tapançadan ümumilikdə 112 atəş açıb.

Valideynləri isə deyiblər ki, övladlarının belə bir hadisə törədəcəyini ağıllarına belə gətirməyiblər – hadisə baş verən gün onların ailəsində adi qaydada başlayıb.

Tarixdə ən dəhşətli məktəb qətliamı

Məktəblərə hücum tarixində ən qanlı hadisə isə 2004-cü il sentyabrın 1-də Rusiyanın cənubunda – Beslandakı orta məktəbin terrorçular tərəfindən ələ keçirilməsi sayılır.

Bir qrup terrorçu məktəbdə 1100-dən çox müəllim, şagird və valideyni girov götürmüşdülər. Terrorçular çeçen komandiri Şamil Basayevin dəstəsindən idilər və Rusiya rəhbərliyindən qoşunları Çeçenistandan çıxarmağı, Çeçenistanı müstəqil dövlət kimi tanımağı tələb edirdilər.

Rusiya xüsusi təyinatlıları məktəb binasına hücum edəndən sonra baş verən atışmada 334 girov ölmüşdü. Onların 200-ə yaxını uşaq idi. Hökumət silahın ilk olaraq terrorçular tərəfindən işlədildiyini desə də, terror qurbanlarının ailə üzvləri hökuməti girovların azad edilməsi əməliyyatını səriştəsiz həyata keçirməkdə günahlandırmışdı.

Hücum edənlərin çoxu öldürülmüşdü.

Özünü peyğəmbərə bənzədən ruhi xəstə

Məktəblərə hücum edənlərin şəxsi problemləri də ola bilər. 1966-cı ildə - 25 yaşlı Çarlz Uutmen evdə odlu silahla arvadını və anasını öldürəndən sonra Ostindəki Texas Universitetinə getmiş, 14 nəfəri öldürmüş, 32 nəfəri yaralamışdı.

O, Universitet binasının qülləsinə qalxmış və ordan – ətraf ərazilərdəki insanlara atəş açmağa başlamışdı. Yalnız bir neçə saatdan sonra polis onu məhv edə bilmişdi.

Sonradan mütəxəssislər qətlin mümkün motivləri haqda ehtimallar irəli sürməyə başlayanda onun uğursuz ailə həyatını önə çəkmişdilər. Bundan başqa meyit müayinə edilərkən qatilin beyin şişindən əziyyət çəkdiyi məlum olmuşdu.

İki il qabaq Amerikada Virciniya Texniki Universitetinin tələbəsi olan Syunq Huy Xo – öz universitetində 32 nəfəri öldürmüş, onlarla insanı yaralamışdı. Bundan sonra özünü də öldürmüşdü. Sonradan məlum olmuşdu ki, o qətliamdan əvvəl – internetə video yerləşdirib – orada qətlin motivlərini açıqlayıb.

Öz manifestində Xo özünü İsa peyğəmbərə bənzədir, varlılara nifrətini bildirir. Deyir ki, onu küncə dirəyiblər və silaha əl atmaqdan başqa yol qoymayıblar.

Amma sonradan məlum olub ki, Xo əvvəllər psixi xəstəlikdən müalicə olunubmuş.

«Məni institutdan qovdunuz, amma mən qayıdacağam…»

Məktəbdə qətliam qisas nəticəsi də ola bilir. 2002-ci ildə Almaniyanın Erfurt şəhərində 19 yaşlı Robert Ştaynhauzer aşağı qiymətlərə görə gimnaziyadan qovulduğu üçün tapançayla gimanziyaya daxil olub və qarşısına çıxan müəllimləri güllələməyə başlayıb.

O, 13 müəllimi, 2 tələbəni və sonradan 1 polisi qətlə yetirib. Sonra isə gülləni öz gicgahına sıxıb.

Hər il dünyanın müxtəlif ölkələrində orta və ali məktəblərə bir neçə hücum olur, keçən il - 6 belə hücum qeydə alınıb.

Silaha qarşı silah

Bakıdakı Neft Akademiyasında qətliam törədənin silahı hardan aldığı hələ ki bilinmir. Amma axır illərdə dünyada baş verən belə hadisələr yeniyetmələrin asanlıqla silah əldə etməsi ilə bağlı narahatlıqların daha ucadan səslənməsinə səbəb olub.

Məsələn, Amerikanın bir çox ştatlarında əgər yetkinlik yaşına çatmısansa və heç bir cinayət törətməmisənsə silah dükanından tapança, tüfəng ala bilərsən.

Buna görə Amerikada bir çoxları silah qanunlarının sərtləşdirilməsini tələb edirlər. Bəzi ali məktəblər – məsələn Yuta Universitetində isə tələbələrə özlərini qorumaq üçün dərsə silahla gəlməsinə icazə verilib. Amma silah açıq şəkildə gəzdirilə bilməz, ya çantada olmalıdır, ya da elə cibdə ki, görünməsin.
XS
SM
MD
LG